Xəbər lenti


Küveytin “Əl Cəridə” qəzeti İran-İsrail/ABŞ gərginliyi ilə bağlı maraqlı bir məlumatla çıxış edib.

 

Ovqat.com-un məlumatına görə, ABŞ nümayəndə heyəti gizli şəkildə Ankaradan İrana gedib və ölkə rəsmilərinə “İsrailə hücum edib Netanyahunun hiyləsinə düşməyin” mesajını çatdırıb.

 

Nümayəndə heyəti həmçinin İranlı həmkarlarının diqqətinə çatdırıb ki, “İran əgər İsrailə hücum edərsə, ABŞ məcburən İsraili müdafiə edəcək, lakin Bayden hakimiyyəti regionda böyük müharibə istəmir”.

 

Nümayəndə heyətinin Türkiyədən havalanan özəl təyyarənin Tehran yaxınlığındakı Karan şəhərinə endiyi və orada İranın kəşfiyyat-xarici işlər heyəti ilə 2 saatlıq kritik görüş keçirildiyi bildirilir.

 

Görüş zamanı ABŞ rəsmiləri iranlı həmkarlarına bu cür xəbərdarlıq ediblər: "Netanyahu böyük regional müharibə istəyir. Onun məqsədi İranı məhv etməkdir. Netanyahunun hiyləsinə uymayın". 

 

ABŞ nümayəndə heyəti Vaşinqtonun İsmayıl Haniyənin öldürülməsindən xəbərsiz olduğunu və Netanyahunun nəzarətdən çıxdığını bildirib.

 

Məlumatda vurğulanır ki, nümayəndə heyəti görüş zamanı ABŞ-ın xoşməramlılıq əlaməti olaraq İrandakı bəzi MOSSAD agentlərinin siyahısını da həmkarlarına təqdim edib.

 

“Biz anladıq ki, siz prestij üçün hücum etmək istəyirsiniz. Amma nəbadə işi böyüdəsiniz. Bunun yerinə gəlin, dərhal nüvə anlaşması bağlayaq. Bununla da siz Netanyahuya ən böyük zərbəni vura bilərsiniz", - ABŞ nümayəndə heyətinin İrana vəziyyətdən çıxış təklifi belə olub.

 

İddialara inansaq, ABŞ rəsmiləri  xatırladıblar ki, Tramp İrana qarşı daha sərt mövqedədir və Bayden administrasiyası ilə dərhal nüvə sazişi imzalansa, Trampın manevr imkanları qalmayacaq.

 

 Amerikalılar İran nümayəndə heyətinin diqqətinə Bayden hökumətinin İranla döyüşmək istəmədiyini, Netanyahunun isə sülh yolu ilə çözümə qətiyyən razı olmadığını da çatdırıblar.

 

Məqalədə Netanyahunun ABŞ-a son səfəri zamanı yəhudi lobbisi ilə görüşdüyü və onlarla müharibə planlarını ilə bölüşdüyünə dair bu iddialar da səsləndirilib. ABŞ rəsmilərinin fikrincə, Netanyahunun məqsədi Yaxın Şərqdə təkcə İranı İsrail-ABŞ-la qarşı-qarşıyab gətirmək deyil, Türkiyənin də daxil olduğu region ölkələrinin girəcəyi böyük bir müharibə çıxarmaqdır. Netahyahunun yəhudi lobbisi ilə sövdələşməsinin bu şəkildə olduğu  iddiası irəli sürülür:

 

“Bu müharibədə biz həmin ölkələrin infrastrukturunu məhv edəcəyik. Sonra siz (yəhudi lobbisi) şirkətlərinizlə gəlib o ölkələri yenidən qurarsınız”. 

 

“Müharibənin sonunda yenidən böyük masanın toplanacağını və hər kəsin İsraili dəstəkləyəcəyini bildirən ABŞ nümayəndə İranlı həmkarlarını əmin ediblər ki, onlar bu ssenarinin həyata keçməsini istəmirlər", məqalədə vurğulanır.




Ana səhifəyə qayıt        Baxış: 5 206          Tarix: 4-08-2024, 18:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma