“Azərbaycanda sahibkarlıq deyəndə daha çox məmur sahibkarlığı göz önünə gəlir”.
Bu sözləri “Yeni Müsavat” qəzetinə açıqlamasında deputat Əli Məsimli ölkədə kiçik və orta sahibkarlığın problemlərini şərh edərkən deyib.
Deputatın vurğulamasına görə, hansı obyekti soruşursan, hansısa məmurun və ya onlara yaxın adamların adı hallanır: “Bəzi istisnaları çıxmaq şərtilə, həmin məmurların çoxu onlara tapşırılan dövlət qurumunu necə idarə edirsə, öz biznesini də birbaşa və ya kimlərinsə vasitəsilə elə o səviyyədə də idarə edir”.
Deputat hesab edir ki, bu amil monopoliyanın və kölgə iqtisadiyyatının yaranmasının əsas səbəblərindən biridir. Ə.Məsimli deyib ki, beynəlxalq təcrübədə kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin real prioritetlərindən birinə çevrilib: “Müəyyən maliyyə dəstəyi və onun düzgün istifadəsi əsasında dünya ölkələrinin qabaqcıl təcrübəsini Azərbaycana gətirmək, eləcə də gənclərimizin intellektual potensialını işə salmaqla ölkədə innovativ sahibkarlığı yüksək səviyyədə inkişaf etdirmək olar”.
Deputata görə, Azərbaycanda İxracın və İnnovasiyaların Təşviqi Fondu xətti ilə bu yöndə çox iş görmək olar.
Paylaş: