Xəbər lenti

 

ABŞ-da Nyu-York məhkəməsi Demokratlar partiyasının Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Trampın seçki qərargahı ilə sövdələşməsi barədə qaldırdığı mülki iddianı baxılmaq üçün qəbul etməyib.

Virtualaz.org xəbər verir ki, iddiaçı tərəfin təqdim etdiyi dəlilləri nəzərdən keçirən məhkəmə onların bir çoxunu mübahisəli və ya əhəmiyyətsiz hesab edib.

İddia 2018-ci ilin yazında təqdim edilmişdi. İddiada cavabdehlər qismində Rusiya, onun Baş Kəşfiyyat İdarəsi, “Crocus Group” şirkətinin rəhbəri Araz Ağalarov və oğlu Emin Ağalarov, Wikileaks saytı və onun qurucusu Culian Assanc, prezident Trampın özü və onun seçki qərargahının rəhbəri olmuş Pol Manafort, habelə Rusiya işində adı keçən digərləri göstərilmişdi.

İddiada göstərilirdi ki, Trampın seçki qərargahının üzvləri Hillari Klintonun seçki kampaniyasına zərbə vurmaq üçün Rusiya nümayəndələri və Wikileaks saytı ilə əlbir olublar. Bu məqsədlə demokratların seçki qərargahının kompüter şəbəkəsinə müdaxilə edilib, ələ keçirilən informasiyalar yayılıb. Və nəticədə Tramp seçkilərdə qalib gəlib.

Demokratların iddiasının rədd edilməsi prezident Donald Trampı bərk sevindirib. “Vayy! Məhkəmə bizim 2016-cı il tarixi prezident kampaniyasına qarşı qaldırılmış iddianı rədd etməyi qərara alıb! Bu keçmiş prezident Bill Klinton tərəfindən təyin edilmiş hakim tərəfindən qəbul edilmiş böyük qərardır. Əcinnə ovu başa çatır!”,-Tramp belə tvit atıb.

ABŞ prezidenti habelə qeyd edib ki, hakim demokratların Milli komitəsi tərəfindən təqdim edilmiş iddianı “faktlardan tamamilə uzaq”, məhkəməyə təqdim edilmiş dəlilləri isə dəyərsiz və hüquqi çəkisi olmayan arqumentlər hesab edib.

Xatırladaq ki, xüsusi prokuror Robert Müller Rusiyanın seçkilərə müdaxiləsi və Trampın Kremllə gizli işbirliyi iddiaları üzrə iki ilə yaxın təhqiqat aparıb. Təhqiqatın sonunda Müller bu qənaətə gəlib ki, Rusiya xüsusi xidmət orqanları seçkilərə müdaxilə edib, amma xüsusi prokuror Trampla Rusiya arasında gizli işbirliyini sübut edən dəlillər tapa bilməyib. Lakin o qeyd edib ki, araşdırmanın nəticəsi Trampın günahsız olduğuna da dəlalət etmir.

Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 402          Tarix: 31-07-2019, 20:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma