Xəbər lenti
Dünən, 19:25


Heydər Əliyevi xilaskarlıq missiyası ilə hakimiyyətə dəvət üçün müraciət etmiş məşhur 91-lərdən olan Vüqar İsmayılov KONKRET.az-a eksklüziv müsahibə verib.
Müsahibəni təqdim edirik:

Əvvəli bu linkdə (https://konkret.az/eli-nagiyev-mene-heyder-eliyevle-gorusmeye-cidd-cehdle-mane-oldu/)
– Bəs siz sonra nə etdiniz?

– İllər keçdi, ailə qurdum, evim yox idi. Nə qədər müxtəlif yerlərdə kirayələrdə qaldım, işim gücüm də yox idi. Yoxsulluq və aclıqdan taqətim kəsilmişdi. Tanışlar məsləhət gördülər ki “get kişinin qəbuluna düş, vəziyyətini ona bildir”. Artıq heç fəhləlik işi də tapılmırdı, tapılanda da orda- burda fəhləlik edirdim. Məni tanıyanlar dəhşətə gəlirdilər ki, “inana bilmirik”, çox ağır sınaqlardan keçərək bu günə gəlib çatdım, hələ də bir balaca daxmada kirayədə qalıram, hələ də işsizəm, “bomj”am.

Nə isə, illər keçəndən sonra gəldim informasiya naziri Sirus Təbrizlinin iş yerinə, o məni görən kimi dərhal tanıdı, bağrına basdı, dedi ki, “haralardasan?, niyə ortalıqda yoxsan?”. Əyləşdik onun kabinetində və mən vəziyyətimi ona danışdım. “Çoxları xilas oldu, mən isə batdım”, – deyə əlavə elədim. O dəhşətə gəldi, yumruğunu stolun üstünə çırparaq Əli Həsənova zəng elədi və dedi “Sən bilirsən, bu dəqiqə mənim yanımda kim var? Kişinin ən yaxın dostu! Sən onu təcili qəbul etməlisən və ona kömək etməlisən!”. O cavab verdi ki, “baş üstə !”. Bu anda yadıma düşdü ki, bizim keçdiyimiz bu yollarda nə Əli Həsənov iştirak edib, nə də Ramiz Mehdiyev. Yəni onlar bizim aramızda omayıblar, bəs hardan, necə gəlib o vəzifələrə düşüblər.

Bildim ki, Əli Həsənov mənə heç bir köməklik etməyəcək, Sirus bəy isə çox əsəbi danışırdı, üstüörütülü şəkildə kimlər barədəsə.
Nə isə… Mən getdim Prezident Aparatına, çatan kimi rahat düşdüm onun qəbuluna, Əli Həsənov məni görən kimi barmaqlarını bir-birinə sürtərək və gözlərini cippildədərək belə bir sual verdi ki “biz səndən harda istifadə edə bilərik?” Dedim ki, məni yalnız Prezident başa düşə bilər, siz ona mənim barəmdə məlumat versəniz, o məni qəbul edər və problemlərimi həll edər”. O isə dedi ki, “bu, mümkün deyil”. O məni göndərdi Xeyrəddin Qocanın yanına ki, “Yeni Azərbaycan” qəzetində rəsmi işə düzəlim. Getdim, Xeyrəddin məni əvvəldən tanıyırdı deyə gözəl qarşıladı, amma Əli Həsənovun adını eşidən kimi bərk əsəbləşdi və dedi ki, “mənim ştatımda yer yoxdur, incimə”. Sonra Şəhriyar klubunda YAP-ın toplantısında iştirak etdim və Əli Həsənovla üz – üzə gəldim, o məndən soruşdu ki “nooldu məsələ?”, dedim “sizin adınızı eşidən kimi o, əsəbləşdi və məni işə götürmədi”. Dedi “çox təəssüf” və çıxdı getdi.

– Əli Həsənov sizə niyə belə laqeyd münasibət bəslədi ki?
– Mən onunla görüşəndə çox ciddi şəkildə bildirdim ki, “Mən Heydər Əliyevə xidmət etmişəm və O bilər ki, mən harda və necə fayda verə bilərəm. Hələ də anlamıram, “necə yəni, nə üçün, niyə, nəyə görə, Əli Həsənov Heydər Əliyevə bu barədə məlumat vermədi?”
– Siz bütün bunlardan sonra yəqin ki, həvəsdən düşdünüz?

– Xeyr. Heydər Əliyev (Allah ona rəhmət eləsin!) dünyasını dəyişən günə qədər dəfələrlə Prezident Aparatına getdim. Heç bir halda mənim sözümü, səsimi Heydər Əliyevə çatdırmadılar. Orada Heydər Əliyevin müşaviri Eldar Namazovla görüşdüm, həmin albomu ona verib dedim ki, “əgər bunu kişiyə göstərsəniz, o məni xatırlayar və qəbul edər”. Hərşeyi danışdım ona, o məni arxayınlaşdırdı və mən qırx gün gözlədim və hər həftə ona zəng elədim. Axırda gəldim Prezident Aparatına zəng elədim Eldara ki, düş aşağı görüşək görək vəziyyət nə yerdə qaldı, o düşdü aşağı, əlində də həmin albom və mənə dedi ki, “Bağışla, mən bunu heç cür ona çatdıra bilmədim”. Və mən çıxıb getdim. Beləliklə, bir dəfəlik ictimai-siyasi fəaliyyətdən uzaqlaşdım. O vaxtdan sonra bir də heç vaxt o tərəflərə ayaq basmadım , heç kimi axtarmadım, heç kimi narahat etmədim. Çünki öz taleyimə inamım tamam öldü və taleyimlə barışdım. O dövrdə qəzetlər məndən yazırdılar, yazılardan birinin də başlığı belə idi ki, “91 – lərdən biri bomjdur”.

Bir neçə il bundan qabaq indiki prezident jurnalistlərə ev paylayanda təsəvvür edin ki, mən necə için-için ağladım, mənə cəmi bir otaqlı daxma ya koma və bir də sadəcə çörək lazımdır, o isə mənə qismət olmadı. Baxmayaraq ki, mən YAP-ın və bu dövlətin yaranması üçün ən çox fədakarlıqla könüllü əziyyət çəkənlərdən biri olmuşam. Dünyada belə paradoksal hallar olurmuş.
– Sirus Təbrizli ilə sonralar görüşdünüzmü?

– Dörd dəfə onunla təmasda olmuşam. Birinci dəfə 1992-ci ilin noyabr ayında Naxçıvanda, ikinci dəfə 1993-cü ilin qışında Faiq Hüsiyevlə birlikdə evində, üçüncü dəfə baba hakimiyyətdə olanda Sirus bəyin kabinetində, dördüncü dəfə bir dəfə telefon danışığında. Bu son rabitə belə olmuşdu ki, “Yeni Müsavat qəzetindən bir müxbir mənə zəng etmişdi ki “rica edirəm mütləq görüşək və mən sizdən müsahibə götürmək istəyirəm”. Mən əvvəl razılaşmadım. O isə əl çəkmədi, günlərlə israrla zəng etdi və hər dəfə xahiş etdi. Sonda razılaşdım, görüşdük, müsahibə verdim və müsahibə qəzetdə çıxan kimi dərhal mənə zəng gəldi. Bu, Sirus bəyin səsi idi, dərhal tanıdım o səsi. O dedi ki “mən sənin müsahibəni oxudum, mənə çox təsir etdi, vəziyyət çox kritikdir və heç də hər şey bizim arzuladığımız kimi deyil”. O rica edirdi ki, “gəl görüşək, dərdləşək, müzakirələr edək”. Mən ona belə cavab verdim ki “Mən müsahibəni könülsüz və yarımçıq vermişəm, çünki çox israr etdilər. Qaldı sizinlə görüşmək məsələsinə, buna ehtiyac görmürəm. Çünki bu bizim hər ikimizin həyatı üçün çox böyük təhlükə yarada bilər”.
O ikinci dəfə israrla zəng etdi və bir daha ona təkrarən öz mövqeyimi bildirdim. Yəqin ki, o nə demək istədiyimi və mövqeyimi anladı və biz təbii olaraq görüşmədik. Bir neçə vaxtdan sonra qəzetlər onun ölümü barədə yazırdılar…

Müsahibəni aldı: Fadil Paşayev



Ana səhifəyə qayıt        Baxış: 3 012          Tarix: 17-06-2020, 15:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma