Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
Paşinyanın üzləşdiyi problemlərin yaranmasında Rusiyanın da əli var
Hərbi ekspert Azad İsazadə Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
– Azad bəy, bir neçə gündür ki, Ermənistanda ictimai-siyasi gərginlik yaşanır. Sizcə, bu gərginliyin əsas səbəbləri nədir?
– Ermənistanda daxili siyasi problemlər hələ də həll olunmayıb, gündəmdədir. Baş nazir Nikol Paşinyanın populyarlığı get-gedə aşağı düşür. Sözsüz ki, Paşinyan indi ona qarşı çıxanları hansısa yollarla susdurmağa və nəzarət altında saxlamağa çalışır. Hətta ötən həftə məlumat var idi ki, Paşinyan hərbi çevrilişdən də qorxur. İstisna olunmur ki, müdafiə naziri də dəyişilsin. Üstəlik iyunun 16-da parlamentdəki müxalifət fraksiyasının rəhbəri, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyanı Dövlət Təhlükəsizlik Xidməti saxlayıb. Onun indiyədək 100-ə yaxın tərəfdarı da müxtəlif səbəblərdən saxlanılıb. Beləliklə, 2018-ci ildə Paşinyan hakimiyyətə gələrkən yaşanan proseslərin təkrarı, amma artıq əks formada baş verə bilər.
Bundan başqa şərti "Qarabağ klanı" da Paşinyana qarşı çıxış edir və vəziyyət get-gedə pisləşir.
– Bundan sonra nə baş verə bilər?
– Nə baş verə biləcəyini demək çətindir. Amma proseslər nəzarətdən çıxır. Düzdür, hələ çıxmayıb, amma ona doğru gedir.
– Maraqlıdır ki, Qaqik Sarukyan 2018-ci ildə Paşinyana ən güclü dəstək verənlərdən biri idi. Cəmi iki il ərzində nə baş verdi ki, Paşinyana qarşı çıxdı?
– Bunun dəqiq səbəblərini demək çətindir. Ancaq faktdır ki, Paşinyan Ermənistanın qarşısında dayanan problemləri həll edə bilmədi. İqtisadi, korrupsiya problemləri həll edilmədi. Qarabağ probleminin həlli isə daha da çətinləşdi. Bəlkə də təəccüblü olar, amma Serj Sərkisyanın dövründə Qarabağ probleminin həlli nisbətən daha mümkün görünürdü, nəinki Paşinyanın. Paşinyan praktiki olaraq Qarabağ probleminin həllini özbaşına buraxdı. O bildirir ki, “Qarabağ xalqı” nə desə, o olacaq. Beləliklə, Paşinyan iqtidarı nə diplomatik, nə iqtisadi, nə də siyasi uğurlar əldə edə bilir. Sözsüz ki, Paşinyanın ətrafında olan müttəfiqlərinin də bu problemlərin həllinə dair baxışları istər-istəməz fərqli idi. O cümlədən kadr dəyişikliklərinə münasibətdə baxışları uzlaşmırdı və hansısa məqamda bunların yolları ayrıldı. Əvvəllər Paşinyana dəstək olan insanlar ona qarşı çıxmağa başladılar.
Amma əks tərəfdə də eyni proseslər baş verir. Məsələn, Ermənistanın məşhur politoloqu, Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş sədri David Şaxnazaryan Sərkisyanın hakimiyyətdə olduğu dövrdə Levon Ter-Petrosyanın ən yaxın adamlarından biri, daimi müxalifətçi idi. Paşinyan hakimiyyətə gələndən sonra o Sərkisyanın tərəfinə keçdi və hazırda onun mövqeyindən çıxış edir. Deməli, siyasətçilərin bir düşərgədən o biri düşərgəyə belə deyək, rotasiya olunması da baş verir.
– Koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət Ermənistanda siyasi proseslərin gərginləşməsinə necə təsir edir?
– Bu məsələ proseslərə ikitərəfli təsir edir. Birinci, hakimiyyətin əlində camaatı küçəyə buraxmamaq üçün “kozur”dur. Belə ki, karantin rejimini pozan insanları saxlaya, cərimələyə bilərlər. Hətta komendant saatı tətbiq etməyə imkan verir. Digər tərəfdən doğrudan da hazırda Ermənistanda koronavirusla bağlı vəziyyət olduqca pisdir. Heç Azərbaycanla deyil, Gürcüstanla müqayisə edək. Demək, praktiki olaraq hakimiyyətin bu problem qarşısında aciz qaldığı görünür. İstisna etmirəm ki, koronavirus probleminin Paşinyanın reytinqinin aşağı düşməsinə təsiri olacaq.
– Ötən həftə Ermənistanda bir sıra güc strukturlarının rəhbərləri vəzifələrindən istefa verdi. Bunu nə ilə əlaqələndirmək mümkündür?
– Sözsüz ki, bu da Ermənistanda yaşanan gərginliklə bağlıdır. Başa düşürlər ki, Paşinyan real tədbir görə bilmir və məsuliyyəti daşımaq istəmədikləri üçün bəziləri özləri vəzifədən uzaqlaşır, bəziləri isə Paşinyan tərəfindən uzaqlaşdırılır. Yaxın iki gün ərzində müdafiə naziri David Tonoyanın da istefaya gedəcəyi gözlənilir. Deməli, dəyişikliklər praktik olaraq bütün güc strukturlarının rəhbər vəzifəli şəxslərini əhatə edə bilər.
– Bəs Rusiyanın bu məsələlərlə bağlı mövqeyi nədən ibarətdir? Onlar bunu Ermənistanın daxili işi hesab edirlər, yoxsa başqa bir səbəbdən proseslərə müdaxilə etmirlər?
– Yox, onlar bunu Ermənistanın daxili işi hesab etmirlər. Məncə, Paşinyanın üzləşdiyi və bizim sadaladığımız bütün problemlərin yaranmasında sözsüz ki, Rusiyanın da əli var. Rusiya Ermənistana satdığı təbii qazın qiymətini endirmir. Rusiyanın adamları orada iş aparır. Elə Vladimir Putinin Robert Köçəryanla həbsxanada görüşmək istəməsi nümayişkəranə şəkildə atılmış bir addım idi. Putin bununla Paşinyana mesaj verirdi ki, “Köçəryan mənim dostumdur, onu azad et”. Rusiya Paşinyana böyük təzyiqlər göstərir. Sadəcə, onlar gözləyirdilər. Ümid edirdilər ki, Paşinyan gec-tez Moskvanın təsiri altına qayıdacaq. Gedən proseslər göstərir ki, deyəsən artıq Kremldəkilərin səbri bitir və onlar Paşinyana qarşı real tədbirlərə başlayıblar. Ruspərəst ermənilərin əli ilə hansısa tədbilər görməyə başlayıblar.
– Bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilərin daha digər ölkələrin yenidən qurulmasında və özgə münaqişələrin həllində iştirak etməyəcəklərini dedi. Tramp bu addımı ilə nə etmək istəyir?
– Doğrusu, mən artıq çoxdandır ki, Trampın sözlərini ciddi qəbul etmirəm. Ona görə yox ki, o nə dediyini başa düşmür. Ona görə ki, o bəzən bir-birinə zidd sözlər deyir və sadəcə heç kim onun real vəziyyətdə necə qərar qəbul edəcəyini bilmir. Mənə belə gəlir ki, bu, sadəcə sözdür. Sabah ABŞ-ın maraqları hardasa tapdansa qoşun da yeridəcək, bomba da yağdıracaq. Xatırlayırsınızsa, Tramp gəldiyi gündən Əfqanıstandan ABŞ qoşunlarını çıxaracağını deyirdi. Bunu bir-iki dəfə istəyib, sonra bu prosesi dayandırıb. Suiryadan qoşunlarını çıxarmaq istəyib, dayandırıb. Almaniyadakı qoşunlarını çıxarmaq istəyirdi, Polşa rəhbərliyi həmin dəqiqə xahiş etməyə başladı ki, həmin kontingenti bizə göndər. Məncə, bunlar sadəcə bəyanatlardır. Amma reallıqda onun nə etmək istədiyi və nə edəcəyini proqnozlaşdırmaq olmur. Çünki Tramp seçkiqabağı dövrdədir. O, ancaq və ancaq seçiciləri üçün hansısa vədlər verir. Amma mən inanmıram ki, o seçkilərədək hansısa ölkədən qoşunları real olaraq çıxaracaq. İkincisi də hardasa vəziyyət gərginləşsə istisna etmirəm ki, orada yerləşən qoşunlarını sayını çoxaldacaq.
Diqqətçəkən məqam həm də ondadır ki, Tramp bu bəyanatı verməzdən bir neçə gün əvvəl ABŞ-ın keçmiş prezidentləri tərəfindən kontingent göndərilən bəzi ölkələrdə ABŞ ordusunun saxlanılacağı barədə Konqresi məlumatlandırmışdı.
– Bəzi ekspertlər bu fikirdədirlər ki, Trampın həmin açıqlaması ABŞ-ın ATƏT-in Minsk Qrupundan da çıxması deməkdir. Bunu real hesab edirsizmi?
– Yox, ABŞ Minsk qrupundan çıxmayacaq. Çünki bilir ki, Minsk qrupundan çıxsa birincisi, Minsk qrupunun nüfuzu aşağı enəcək, ikinci isə Minsk qrupu praktik olaraq Rusiyanın təsiri altına düşəcək. Onsuz da Minsk qrupunda Rusiyanın təsiri az deyil, ABŞ-ın çıxması ilə bu təsir daha da artacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar