Xəbər lenti


Teleqraf.com saytının suallarını politoloq Qabil Hüseynli cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Qabil müəllim, Vladimir Zelenskinin Ukrayna prezidenti kimi səlahiyyətlərinin icrasına başlamasından 1 il 2 aydan çox vaxt keçir. Ötən müddətdə Ukraynada müsbət istiqamətdə hansı dəyişikliklər baş verib? Bu dəyişiklikləri Vladimir Zelenskinin seçkiqabağı dövrdə verdiyi vədlərə adekvat saymaq olarmı?

– Bu günlərdə Ukraynanın müxtəlif KİV-ləri, ayrı-ayrı siyasi partiyaların liderləri tərəfindən Zelenskinin bir illik hakimiyyəti dövründə nəyin dəyişdiyi, hansı islahatların həyata keçirildiyi, ümumiyyətlə Zelenskinin seçkiqabağı dövrdə əhaliyə verdiyi vədləri necə yerinə yetirdiyi kimi məsələlər ətrafında ciddi polemikalar başlayıb. Bu polemikalar arasında sərt tənqid üstünlük təşkil edir. Məsələn, onlar qeyd edirlər ki, Zelenski hakimiyyətə gəldikdən sonra vəd etdiyi islahatların heç birini həyata keçirməyib. Onun əsas vədləri korrupsiyaya qarşı mübarizə aparacağı, ölkə varidatını talayan oliqarxları çərçivəyə salacağı, yaxud onların əlində olan – xalqdan oğurlanmış pulları geri qaytaracağı barədə idi. Amma bu gün praktiki olaraq onların heç biri həyata keçirilmir.
Hətta, Ali Radada Zelenskinin “Xalqın xidmətçisi” Partiyasından olan 270 deputatın belə oliqarxların, ölkə siyasi həyatına təsir edən varlı adamların təsiri altında olduğu iddia edilir. Bu səbəbdən Zelenski Ali Radada çoxsaylı deputat korpusuna malik olmasına baxmayaraq son dövrlərdə bir neçə qanun layihəsini parlamentdən keçirə bilməyib. Məsələn, yeni hökumətin sədri Denis Şmıqal çox çətinliklə bu vəzifəyə təsdiq edildi. İki-üç aydan sonra hökumət yeni proqram hazırladı, bu proqramı parlamentin müzakirəsinə təqdim etdi. Amma yeni proqram müzakirələr zamanı rədd edildi. Deputatlar proqramın qənaətbəxş hazırlanmadığı, burada reformativ heç bir şeyin olmadığı və bütövlükdə onun qəbul edilməsinin qeyri-mümkünlüyü barədə fikirlər irəli sürdülər. Bu, Ukrayna tarixində misli görünməmiş bir hadisə idi. Çünki Ukrayna parlamentində hökumətin proqramı ilk dəfə idi ki, qəbul olunmurdu. Özü də yeni baş nazirin vəzifə səlahiyyətlərinin icrasına başlamasının 5 ayı hələ bu gün – avqustun 4-də tamam olur.
– Zelenskinin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini ölkəyə dəvət edib onu baş nazirin islahatlar üzrə müavini təyin etmək istəyi də uğursuzluqla nəticələndi...

– Əsas məsələlərdən biri də bundan ibarətdir. Zelenski Saakaşvilini Ukraynaya dəvət edərək onun vətəndaşlığını bərpa etdi. Onu baş nazirin islahatlar üzrə müavini təyin etmək istəyirdi. Bu məsələ Ukrayna KİV-lərində ətraflı müzakirə olundu. Qəribə olan odur ki, Zelenski özü parlamentdəki “Xalqın xidmətçisi” partiyasının deputat korpusuna Saakaşvilinin təyinatına razılıq verməyi tapşırmaqdansa, Saakaşviliyə məsləhət gördü ki, sən özün deputatlarla danış, əgər səs çoxluğu əldə edə biləcəksənsə sənin namizədliyini baş nazirin müavini vəzifəsinə irəli sürək. Ukrayna idarəetmə formasına görə, parlamet-prezident respublikasıdır. Burada qanunverici orqanın çox böyük səlahiyyətləri var. Əksər vəzifələrə namizədlərin hər biri Ali Radada ciddi müzakirələrdən keçməlidir.
Saakaşvili parlamentarilərlə apardığı söhbətlər zamanı gördü ki, ona heç “Xalqın xidmətçisi” Pariyasından 120 nəfər səs verilməyəcək, halbuki, bu vəzifəni tutmaq üçün 250-dən çox səs toplamaq lazımdır. Yəni, parlamentdə səs çoxluğu qazana bilməyəcək. Ona görə də baş nazirin müavini vəzifəsinə namizədliyinin heç parlamentə göndərilməsinə razılıq vermədi. Bundan sonra Zelenski onun könlünü almaq üçün parlamentdə təsdiq olunması lazım gəlməyən “İslahatlara Dəstək” adlı ictimai təşkilat yaratdı və Saakaşvilini onun sədri təyin etdi. Bu da heç bir inzibati vəzifəsi, hakimiyyəti yükü olmayan ictimai vəzifədir. Bu nöqteyi-nəzərdən Saakaşvili – çox böyük islahatçı və Ukraynanı yaxşı tanıyan, orada təhsil almış, eyni zamanda Odessa vilayətinin qubernatoru olmuş bir şəxs siyasi cəhətdən pis duruma salındı.

– Zelenskinin kadr təyinatları ilə bağlı rəyinizi öyrənmək istərdik. Onun prezidentliyə başlayarkən mövcud olan Vladimir Qroysman hökumətini də nəzərə alsaq, prezidentin qısa zaman ərzində artıq üçüncü baş nazirlə işlədiyini söyləyə bilərik...
– Əvvəlki rüşvətxor Petro Poroşenko hakimiyyətindən qalma hökumət üzvlərinin demək olar ki, bir çoxu hələ də vəzifədə qalmaqdadır. İslahatlar demək olar ki, yox dərəcəsindədir. İndiyədək islahat xarakterli cəmi bir addım atılıb. Bu da torpağın satılmasına icazə verən qanun layihəsinin parlamentdən keçirilməsidir. Bunu da ölkə əhalisi şiddətlə tənqid edir, qanunu Ukraynanın satılması kimi qiymətləndirir. Amma bütün bunlara baxmayaraq torpaq üzərində sahibkarlıq hüququnun təsdiq edilməsinin müsbət əhəmiyyəti var.
İslahatlar isə qeyd etdiyim kimi həyata keçirilmir. Bu günlərdə Polşa mətbuatında çıxan bir yazıda yeni prezidentin əvvəla islahatlar haqqında dəqiq təsəvvürə malik olmadığı bildirilir, üstəlik ətrafına hətta şou-biznesdən gətirdiyi adamları yığaraq qəribə bir hakimiyyət konfiqurasiyası qurduğu qeyd olunur.

Məsələn, Zelenskinin baş nazir postuna əvvəllər sex rəisi, sonra bir müddət zavod direktoru işləmiş “dişsiz”, böyük idarəetmə təcrübəsi olmayan adamı gətirdiyi bildirilir. Onun da hökumət proqramını parlamentdən keçirmək mümkün olmayıb. Fəaliyyəti isə hələ ciddi şəkildə nəzərə çarpmır. Ən ciddi olan isə odur ki, Saakaşvilinin iddiasına görə, bu müddət ərzində rüşvətlə mübarizə aparılmadığına görə, rüşvətxorluğun səviyyəsi əvvəlki illərə nisbətən daha da artıb. Xüsusilə də, gömrükdə, vergidə, polisdə, o cümlədən adi iş yerlərində. Məsələn, Daxili İşlər naziri – Bakı ermənisi Arsen Avakovun ətrafında qeyri-formal, amma dövlət büdcəsindən maliyyələşdirilən xüsusi “ağ yaxalıqlı” adlandırılan silahlı dəstələr var. Avakova Ukraynada “ən nüfuzlu adam” ləqəbi verilib. Həmin bu Avakov 2 prezident yola salıb. İndiki prezident də ona etimad göstərib. Onun əlində silahlı dəstələr var. Qeyd edilir ki, o, bu nöqteyi-nəzərdən güclüdür. Həm də kommersiya fəaliyyəti ilə məşğuldur, üstəlik işgüzar dairələrdən, sahibkarlardan böyük məbləğdə “haqq” alması barədə məlumatlar var. Avakov Ukraynanın ən zəngin şəxsləri – oliqarxları sırasına daxildir. Çox təəssüf ki, Zelenski belə mənfi reputasiyaya malik bir şəxslə işləməyi özünə rəva görür.

– Zelenskinin dövründə Ukraynanın iqtisadi göstəriciləri barədə də fikirlərinizi bilmək maraqlı olardı...
– İqtisadi göstəricilər pisləşib, xüsusilə koronavirus pandemiyası dövründə Ukraynanın iqtisadi vəziyyəti xeyli ağırlaşıb. Pandemiya ilə səmərəli mübarizə aparılmadığından xəstəlik ölkədə geniş yayılıb. Ölkənin səhiyyəsi, onun maddi-texniki bazası çox ağır vəziyyətdədir. Sovet dövründən qalma xəstəxanalar, onların maddi-texniki təhcizatının zəif və ya çox zəif olması xəstəliyə qarşı mübarizənin effektiv üsullarını tətbiq etməyə imkan vermir.
Ən başlıcası isə ondan ibarətdir ki, ölkədə sənaye müəssisələrinin bir çoxu pandemiyaya görə fəaliyyətini dayandırıb. Bəziləri isə fəaliyyətini yenidən bərpa etmək gücündə deyil. Bunun üçün əlavə vəsait lazımdır. Mən iri metallurgiya, maşınqayırma komplekslərini nəzərdə tuturam. Nəticə etibarilə ölkədə böyük işsizlər ordusu yaranıb. İşsizlər isə yeganə çıxış yolunu qərb qonşuları Polşa və Macarıstana, həmçinin, Polşadan keçməklə Almaniyaya mühacirət etməkdə görürlər. Polşada Ukraynadan olan ixtisaslı fəhlə və mühəndisləri çox həvəslə işə götürürlər. Çünki onlara Ukraynadakından çox, ancaq Polşa vətəndaşlarına verilən qədər yüksək maaş verilmir. Əvəzində isə onlar çox yaxşı iş görürlər. Almaniya da ukraynalı fəhlə və mühəndisləri – “qızıl əllər”i qəbul edir və özünün müxtəlif zavodlarında işə götürür. Yəni, ölkədən güclü mühacirət prosesi başlayıb. Ciddi işsizlik problemləri var. Milli valyutanın – qrivnanın dəyər itirməsi prosesi sürətlə gedir.

Mən bunu ona görə deyirəm ki, Ukrayna SSRİ-nin dağılması dövründə sənaye potensialının həcminə görə Avropada üçüncü, poladəritmə sənayesinin işinə görə birinci yerdə dayanırdı. İndi isə əhalinin maddi vəziyyətinə görə Nigeriyadan da geridə qalır. Korrupsiyanın, rüşvətxorluğun inkişaf səviyyəsi üzrə bir sıra beynəlxalq təşkilatların verdiyi məlumata görə, Ukrayna dünya birincisidir. Bütün bunlar Ukraynada pessimist əhval-ruhiyyəni gücləndirir. Yazarlar, jurnalistlər belə davam edərsə vəziyyətin çox ağırlaşacağını, Ukraynanın bu bataqlıqdan çox çətin çıxacağını proqnozlaşdırırlar.

– Görünür, elə bu səbəblərdəndir ki, son rəy sorğusu Zelenskinin reytinqinin aşağı düşdüyünü nümayiş etdirib...
– Vladimir Zelenskinin Ukraynada reytinqi hakimiyyətə gələndə çox yüksək – 53 faizdən yuxarı idi. Bu yüksək reytinq seçkinin nəticələrində də özünü göstərmişdi. Belə ki, Zelenski seçkilərin ikinci turunda Petro Poroşenko üzərində inamlı qələbə qazanmış, Ukrayna Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən seçicilərin 73,22 faizinin, yaxud 13,5 milyon nəfərinin səsini almışdı. İndi isə onun reytinqi çox sürətlə – 30 faizdən də aşağı düşüb. Bütün bunlar onu göstərir ki, Ukrayna əhalisinin Zelenskinin islahatlar aparacağına, vəzifə səlahiyyətlərini uğurlu yerinə yetirəcəyinə, xalqın maddi rifah halını yüksəldəcəyinə ümidləri demək olar, tükənmək üzrədir.



Ana səhifəyə qayıt        Baxış: 3 474          Tarix: 4-08-2020, 20:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma