Xəbər lenti


RİA Novosti, Rusiya
18.12.2020


Müəllif: Anton Lisitsin
Bakı ilə Yerevan Hadrut rayonunda atəşkəsin pozulmasına görə məsuliyyəti bir-birinin üzərinə atır. Bununla yanaşı, hər iki tərəf insidentin aradan qaldırılmasında Rusiya sülhməramlılarının rolunu qeyd edir. Bu arada Azərbaycan Prezidenti İlham Əliyev Fransa və ABŞ-ın Minsk qrupundakı nümayəndələrinə deyib ki, onlardan problemin gələcək həllində kömək istəməyib.
Rusiya hərbçiləri münaqişə zonasında necə fəaliyyət göstərir? Bakı Parislə Vaşinqtonun xidmətindən niyə imtina edir? RİA “Novosti”nin məqaləsində bu haqda danışılır.

Anlaşılmaz xəritə
Bakının rəsmi versiyasına görə, döyüşlərin başlanmasına səbəb “Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəlik ərazidə erməni silahlı birləşmələrinin qalması” olub. Onları oradan Rusiya hərbçiləri çıxarıb. Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında sülhməramlıların müsbət rolu qeyd edilir və qonşu ölkədən olan silahlı şəxslərin həmin əraziyə təsadüfən gəlmədiyi vurğulanır.

“Rusiya Federasiyası sülhməramlı qüvvələri atəşkəs rejiminin qorunub saxlanması və “itkin düşdüyü”, “azdığı” iddia olunan erməni hərbçilərin ərazidən təxliyəsində öz üzərinə düşən vəzifəni məsuliyyət və yüksək peşəkarlıqla yerinə yetirib”, - deyə birgə məlumatda bildirilir.
Bununla belə, Azərbaycan parlamentinin vitse-spikeri Adil Əliyev Rusiya sülhməramlılarından narazılığını gizlətməyib.

“Rusiya sülhməramlılarının Sazişdə nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim olunması, xəritədə manipulyasiya etməsi heç başa düşülən deyil”, - deyən Əliyev özünün sosial şəbəkə hesabında yazıb. O, əlavə edib ki, “sülhməramlarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası yoxdur”.

Rəsmi Yerevan da Moskvaya xitab edib. “Bir neçə saat davam edən döyüşlər nəticəsində düşmən Xin Tağer (Köhnə Tağlar - WM) kəndinə girməyə müvəffəq olub və Xtsaberd (Çaylaqqala - WM) kəndinə tam yaxınlaşıb. Azərbaycan silahlı qüvvələrinin bu təxribatını qətiyyətlə pisləyirik”, - deyə Ermənistanın Müdafiə Nazirliyi vurğulayıb. Erməni tərəfinin fikrincə, bu insident Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı bəyanatına ziddir və “Rusiya prezidentinin birbaşa səylərilə əldə olunmuş kövrək sülhü təhlükə altına qoyur”.

Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan yaranmış vəziyyəti Moskvaya səfəri zamanı Sergey Şoyqu ilə də müzakirə edib.

Üçüncü tərəfin mövqeyi də artıq məlumdur. Qarabağdakı sülhməramlı kontingentin komandanı general-leytenant Rüstəm Muradov bildirib ki, Hadrut rayonunun Xtsaberd və Xin Tağer kəndləri ətrafında vəziyyət sabitləşib. O, atəşkəs rejimi doğrudan da pozulduğunu təsdiqləyib. “Rusiya sülhməramlıları vəziyyətin daimi monitorinqini həyata keçirir, həmçinin erməni və Azərbaycan tərəflərilə əlaqə saxlayır”, - deyə general bildirib.
Qoy gəlsinlər
Bu günlərdə münaqişənin nizamlanmasına aidiyyatı olan paytaxtlarda diplomatik fəallıq da yüksək olub. İlham Əliyev ATƏT-in Minsk qrupunun təmsilçilərini qəbul edib. Məhz Fransa, ABŞ və Rusiya diplomatlarından ibarət bu qrup 1990-cı illərin əvvəlindən Dağlıq Qarabağ problemi ilə məşğuldur.

Azərbaycan paytaxtında nümayəndələr “soyuq” qarşılanıb. Əliyev deyib ki, qrupun son toplantısından ötən müddətdə Qarabağ məsələsində çox şeyi dəyişmiş hadisələr baş verib: “Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll edib, buna güc yolu və siyasi vasitələrlə nail olub”.
O, təəssüflə bildirib ki, Minsk qrupu problemi həll edə bilməyib: “Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə vermədi”.

Əliyev diplomatlara yönəlmiş monoloqunu sərt yekunlaşdırıb: “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun”.

Hər üç həmsədrin cavabı diplomatik nəzakət formuluna uyğun olub. “Biz hadisələrin yeni gündəmini öyrənirik”, - deyə Fransa təmsilçisi Stefan Viskonti bildirib.

Diplomatlar Bakıdan Yerevana yollanıblar. Orada isə onları mitinq gözləyirdi: toplaşanlar danışıqların Minsk formatına qaytarılmasını tələb edirdilər.
Ermənistan paytaxtında ənənəvi nümaişlər gedir: insanlar Rusiya və Azərbaycan liderlərilə atəşkəslə bağlı üçtərəfli bəyanata imza atmış baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Bu sənədə əsasən Qarabağa Rusiyalı sülhməramlılar yeridilib, xeyli ərazi Azərbaycana qaytarılıb və tərəflər noyabrın 10-da bəyanat imzalanarkən olduqları mövqelərdə qalıblar.

Baş verənlərin fonunda Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov da Qarabağdakı vəziyyəti müzakirə ediblər. Danışıqların detalları açıqlanmır.

Sülhün rəhni
Rusiyalı qafqazşünas Nurlan Qasımov hesab edir ki, Hadrut rayonunda baş verənlərə obyektiv qiymətin verilməsi tərəflərin təmas xəttini tam razılaşdırmasından sonra mümkün olacaq. Moskva, Bakı və Yerevanın döyüş əməliyyatlarını dayandırmış üçtərəfli bəyanatda sülhməramlı əməliyyat zonasını yalnız ümumi şəkildə müəyyən edib – baş verə biləcək xırda özəl halları yalnız sənədin biləvasitə reallaşdırılması zamanı yoluna qoymaq mümkündür. Lakin insident “boz zona”da baş verib və bu, Azərbaycan parlamentinin vitse-spikerinin reaksiyasından da hiss olunur. “O, faktiki olaraq Rusiya sülhməramlılarının bu ərazidəki mandatını şübhə altına almağa çalışıb”, - deyə ekspert bildirir.

“Görünür, atəşin dayandırıldığı an orada erməni silahlı birləşmələri qalmaqda imiş. Bu bölmələr kiçik olub, əks təqdirdə təmas xətti başqa yerdən keçərdi. Ermənistan tərəfi heç olmazsa rəmzi olaraq müəyyən bir ərazini özündə saxlamağa çalışırdı, Azərbaycan tərəfi isə ona mane olurdu”, - deyə Qasımov qeyd edir. Onun fikrincə, Əliyevin bəyanatı diplomatlarla yanaşı həm də Azərbaycarn vətəndaşlarına ürnvanlanıb.

“Qafqaz ölkələrinin sakinləri bunu xoşlayır: lider göstərir ki, onlar kimlərinsə oyunlarında piyada deyil, beynəlxalq münasibətlərin bərabərhüquqlu subyektidir. Çox güman ki, bu həm də Fransaya cavab idi, çünki onun Senatı Qarabağın müstəqilliyi haqqında qətnamə qəbul edib. Yəni siz tərəflərdən birini açıq şəkildə dəstəklədiyiniz halda vasitəçi ola bilməzsiniz. İstənilən halda, prezidentin əsas dediyi o idi ki, artıq reallıq dəyişib. Minsk qrupu danışıqlar prosesindən kənarlaşdırılıb, bütün məsələləri Azərbaycan, Rusiya, Türkiyə və bacardığı qədər Ermənistan həll edir”, - deyə ekspert bildirib.

Qafqaz və Yaxın Şərq üzrə mütəxəssis, tarix elmləri namizədi Stanislaf Tarasov isə deyir: “Ermənilərin kəndləri Azərbaycan Ordusuna vermək istəməməsi təbiidir. Onlar bununla vahid Azərbaycanda yaşamaq istəyib-istəmədikləri barədə suala da cavab verirlər. Bakı isə erməni əhalini Qarabağda saxlamaqda maraqlıdır, çünki onlar Qərb dünyası üçün bir vitrindir. Lakin hazırda ora faktiki olaraq ermənilərin yaşadığı bir anklavdır və onun mövcudluğu yalnız Rusiya sülhməramlıları tərəfindən dəstəklənir”.

“Qarabağdakı müharibə dünya diplomatiyasının iflasıdır. Müharibəyə hazırlıq açıq şəkildə gedirdi. Lakin onlar bunun qarşısını ala bilmədilər. Rusiya 2020-ci ilin yayında Tovuzda uğurlu vasitəçiliklə münaqişənin qaynar fazasında müdaxilə etmişdi. Odur ki, Əliyevin Minsk qrupunu fəaliyyətsizlikdə ittiham etməyə tam haqqı var. Hərçənd, əlbəttə ki, diplomatlar günahkar deyil – onlar öz dövlətlərinin liderlərinə ünvanlanmış ittihamları dinləyirdilər”, - deyə ekspert vurğulayıb.

Stanislaf Tarasov hesab edir ki, Rusiya sülhməramlılarının vəziyyəti unikaldır – kontingentin təminat yolları həm Ermənistandan, həm də Azərbaycandan keçir. Bu, atəşkəs rejiminin qorunacağına bir növ təminat verir, çünki kim atəşi pozarsa, qarşı tərəfi rusiya hərbçilərinin arxa cəbhəsinə çevirəcək.

Xarici Siyasət və Müdafiə Məsələləri Şurasının üzvü, general-mayor Vladimir Vorojtsov 80-90-cı illərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edib. O deyir: “Yerlərdə elə problemlər yaranır ki, onları xəritəyə baxmaqla həll etmək mümkün deyil. İstənilən sülhməramlı əməliyyat zamanı hər gün belə xırda və iri məsələlər həll olunur. Bulağın yolu bağlanıb, kəhrizə keçmək olmur, bağ blokadaya düşüb, qəbristanlığa buraxmırlar – xırda görünən bütün bu problemlər əslində böyük münaqişəyə səbəb ola bilər”.
Onun fikrincə, indi Rusiya sülhməramlıları əsas lazım olanı edib: tərəfləri ayırıb və danışıqlar prosesinə şərait yaradıb. 15-ci briqada, o cümlədən digər hissə və bölmələrin əsgər-zabitləri öz işlərini gördükcə, onların status və hüquqları da dəqiqləşəcək, möhkəmlənəcək.
(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: RİA Novosti


Ana səhifəyə qayıt        Baxış: 2 728          Tarix: 18-12-2020, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma