Xəbər lenti


“Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı düşmən siyasətindən imtina etməli, qonşularının ərazi bütövlüyünə və suverenliyinə sayğılı olmalıdır”.

Ovqat.com xəbər verir ki, bu barədə türkiyəli politoloq, jurnalist və tarixçi, İstanbul Universitetinin professoru Mehmet Perinçek rusdilli Vesti.az-a verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, erməni xalqının maraqları Azərbaycan və Türkiyə də daxil, qonşularla əlaqələr qurmaqdan keçir: “Ermənistanda hazırda ciddi iqtisadi və siyasi böhran yaşanır. Bu ölkə özünün daxili problemlərini və böhranlarını yalnızca qonşularla yaxşı münasibətlər və əməkdaşlıq çərçivəsində çözə bilər”, - deyə tarixçi qeyd edib.

Politoloq həmçinin hesab edir ki, erməni tərəfi Qarabağdakı müharibədən ibrət götürməlidir, ona görə ki, Ermənistanın təcavüzkar davranışı və siyasəti ən çox elə erməni xalqının zərərinədir: “Ermənistan özü özünü təcrid edib. Xatırladım ki, yüz il əvvəl daşnak Ermənistanı imperialist ölkələrin maraqlarının tələsinə düşərək, öz qonşularına hücum etmiş, Azərbaycan və Türkiyənin suverenliyini və ərazi bütövlüyünü pozmaqla səhvə yol vermişdilər. O vaxt onlar Rusiyaya qarşı da çıxdılar. Budur, eyni səhvi 100 il sonra təkrarladılar, nəticə isə 100 il öncəki kimidir: iflas, dağıntı, məğlubiyyət, məyusluq, sosial və iqtisadi böhran”.

Tarixçi daha sonra rəsmi Ankaranın Ermənistanla münasibətləri normallaşdırmağın tərəfdarı olduğunu və sərhədləri açmağa hazır olduğunu, ancaq bundan ötrü erməni tərəfinin Azərbaycan və Türkiyə qarşısında öz öhdəliklərini yerinə yetirməli olduğuna diqqət çəkib. “Ermənistan Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətindən imtina etməli, öz qonşularının ərazi bütövlüyü və suverenliyinə sayğılı olmalıdır. Ermənistan hələ də Türkiyənin sərhədlərini və ərazi bütövlüyünü tanımır, Qars müqaviləsini tanımır. Bütün bu məqamlar Ermənistanın Türkiyəyə qarşı xoşməramlı olmayan münasibətinin sübutudur”, - deyə o vurğulayıb.

Onun fikrincə, bölgədəki mövcud vəziyyətdə Türkiyə və Azərbaycan üçün yeni perspektivlər açılır: “Lakin burada ilk növbədə dünya iqtisadiyyatının mərkəzinin - bunu indi hətta Avroatlantik dünyasının mütəxəssisləri də etiraf edir - Avrasiyaya doğru yerini dəyişdiyini qeyd eləmək lazımdır. Qlobal iqtisadiyyatın ürəyi artıq orada vurur. Avrasiya ölkələri arasında inteqrasiya regional iqtisadi inkişaf üçün böyük əhəmiyyət daşıyır və bu məsələdə Türkiyə ilə Azərbaycan nəhəng rol oynaya bilər. Hər iki ölkə Asiya ilə Avropa arasında bir körpüdür, hətta coğrafi mənada ikisi də həqiqi Avrasiya ölkələridir. Bununla yanaşı, ölkələrimiz Avrasiya ölkələri ilə Türk dünyasının inteqrasiyasında mühüm rol oynaya biləcək”.

Türkiyəli tarixçi alim Naxçıvan dəhlizinin də inteqrasiyanın çox ciddi bir hissəsi ola biləcəyinə diqqət çəkib. “Bu, Azərbaycanın təhlükəsizliyi məsələsinin Avrasiya inteqrasiyası məsələsi ilə eyniyyət təşkil etdiyini göstərir. İrəvan sarıdan təcavüzkarlığın aradan qaldırılması təkcə Bakı və Ankara üçün deyil, Asiyanı Avropa ilə birləşdirən yolların sabitliyi baxımından da mühümdür” – politoloq bildirib və əlavə edib ki, Azərbaycanın Vətən müharibəsi yalnızca ölkənin ərazi bütövlüyünü deyil, eyni zamanda, “Bir kəmər - bir yol” da daxil olmaqla, müxtəlif layihələrin təhlükəsizliyini təmin edib, Avrasiya ölkələrinin inteqrasiyasına imkan yaradıb.



Ana səhifəyə qayıt        Baxış: 2 566          Tarix: 26-12-2020, 20:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma