Xəbər lenti


44 günlük müharibə dövründə və ondan sonra xeyli müddətelə bir ciddi fəallığı ilə seçilməyən, səsi çıxmayan Robert Koçaryan son günlər xeyli aktivləşib. Hər zaman məlum ağalarının sifarişini yerinə yetirən, Qarabağda separatizmin və terrorçuluğun əsasını qoyanlardan biri olan Ermənistanın ikinci prezidenti iki gün öncə aparıcı erməni KİV-lərini toplayaraq, gözlənilən növbədənkənar seçkidə iştirak edəcəyini bildirib və hətta bu seçkidə qələbəyə iddialı olduğunu söyləyib.

Koçaryanın bu qərarı Ermənistanda bir çoxları üçün gözlənilməz olub. Çünki o, son dövrdə yalnız Baş nazir Nikol Paşinyanın istefasını tələb edən 17 müxalif partiyanın(artıq sayları 15-ə enib-red.) birləşdiyi hərəkatı kənardan dəstəkləməklə kifayətlənirdi və daha çox yenidən həbsxanaya göndərilməməsinin hayındaydı. 
Lakin son açıqlamalarından belə məlum olur ki, onun Moskvadakı ağaları “düyməni basıb” və hakimiyyət uğrunda mübarizəyə başlamaq əmri verib.

Onun bu qərarı bir müddət əvvəl Ermənistanın “Qraparak” qəzetilə Rusiyanın İrəvandakı səfiri arasındakı qalmaqala da aydınlıq gətirmiş olub. Xatırladaq ki, qəzet növbədənkənar seçkilərin əleyhinə olan və Paşinyanın istefasını tələb edən müxalif partiyaların Rusiya səfirindən ciddi şəkildə narazı qaldıqlarını, hətta onun geri çağırılmasını istədiyini yazmışdı. 
Qeyd olunurdu ki, səfir müxalifətdə növbədənkənar seçkilərin keçirilməsini dəstəkləməyə meylli olan partiyalara sponsorluq edir. Yəni ki, Rusiya səfirinin Paşinyanın təklif etdiyi növbədənkənar parlament seçkisinin keçirilməsində maraqlı olduğu üzə çıxmışdı. Çoxları bunun nə anlama gəldiyini, səfirin nədən Moskvanın zəhləsi gedən Paşinyanın təklifini dəstəklədiyini başa düşməkdə çətinlik çəkirdi. 

Lakin Koçaryanın növbədənkənar seçkidə iştirak edəcəyini, hətta qalib gələcəyinə əmin olduğunu söyləməsindən sonra, bir növ daşlar yerinə oturmuş oldu. İndi artıq bir çox erməni politoloqları da səfirin məlum oyununun məhz Koçaryanla bağlı olduğu qənaətinə gəlib...
Bəs, Nikol Paşinyanın bir neçə ildir həbsxanalarda, məhkəmələrdə süründürdüyü, olmayan şərəfi bir qara qəpiklik edilən, tamamilə gözdən salınan bu hərbi caninin hakimiyyətə gəlmə perspektivi nə dərəcədə ciddidir?

Məsələ ondadır ki, Ermənistanda Qarabağ klanının nümayəndəsi, korrupsiya, saxtakarlıq və diktatura simvollarından biri sayılan Robert Koçaryana xüsusilə İrəvan ermənilərinin nifrəti davam etsə də, onun mətbuata son söylədikləri erməni cəmiyyətində ciddi əks-səda doğurub.
Xüsusilə ermənilərin namusunu da ruslara peşkəş etməyə hazır olan kəsimi Koçaryanın xortlamasından xeyli ümidlənib. Onlar bilirlər ki, Koçaryanın gücü Ermənistanda yox, Moskvadadır.
Rusiyanınsa Ermənistandakı mətbuatdan tutmuş iqtisadi,inzibati, lojistik, agentura və s.dayaqları hər mənada güclü olaraq qalır və seçkidə bütün bu potensialın Koçaryanın xeyrinə istifadə olunacağı şübhə doğurmur.

Onun bir müddət əvvəl Moskvaya səfər etməsi, Putinlə 1 saatdan çox telefonla danışması da Koçaryanla bağlı planların harada cızılması və nəyə xidmət etməsinə dair müəyyən təsəvvür yaradır...
Ermənistanın daxili siyasi arenasına gəlincə, Koçaryanıdaha çox iş adamı, Qarabağ müharibəsində nə qədər “guruldasa da, yağa bilməyən”, faktiki olaraqsa fərarilik edən Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası və millətçi “Daşnaksutyun” dəstəkləyir. Onun məhz bu partiyalarla bir blokda seçkiyə qatılacağı gözlənilir.

Maraqlıdır ki, bir çox erməni politoloqları böyük ehtimalla mayda keçiriləcəyi gözlənilən seçkidə Koçaryanla Paşinyanın təxminən eyni şansa malik olduqlarını iddia edirlər. Təbii ki, bununla razılaşmayanlar da var.

Lakin Qarabağdakı acı məğlubiyyət və ondan sonra baş verənlər, Ermənistanda hələ də hökm sürən qeyri-müəyyənlik, sosial-iqtisadi problemlər və s. Paşinyanın reytinqini təbii olaraq xeyli azaldıb.
Doğrudur, Koçaryandan ötrü də ermənilərin ürəyi getmir. Belə ki, Koçaryan hakimiyyəti əsasən avtoritar idarəetmə, seçkilərin saxtalaşdırılması, azad sözün boğulması, korrupsiya və s. iyrəncliklərlə yadda qalıb. Lakin indi erməni cəmiyyətinin əhəmiyyətli hissəsinə demokratiyadan daha çox sabitlik, qeyri-müəyyənliyə son qoyulması, müharibənin nəticələrinin aradan qaldırılması, sosial-iqtisadi dəstək lazımdır. Koçaryanın bu işin öhdəsindən gəlməsi təbii ki, qeyri-realdır.

Lakin iqtisasdiyyatda və siyasi müstəvidə az-çox stabilliyin əldə edilməsinin, müəyyən infrastruktur layihələrinin həyata keçirilməsinin məhz onun prezidentliyi dövründə(1998-2008) baş verdiyi iddia olunur. Eyni zamanda tərəfdarları bu miskin varlığın Vladimir Putinlə, Rusiya siyasi elitasıyla münasibətlərini önə çəkərək, öz “lider”lərinin təbliğatını qurmağa çalışırlar.
Buna baxmayaraq, Koçaryanın siyasətə qayıdışına pessimist baxanlar da çoxdur. Məsələn, tanınmış erməni politoloqlarından biri, “Demokratik alternativ” Partiyasının sədri Suren Surenyants Koçaryanın seçkidə qələbə şansının omadığı qənaətindədir: “Mənə elə gəlir ki, köhnə sistemin nümayəndəsi olaraq, onun şansı yoxdur, eləcə də indiki hakimiyyətin.”

Onun fikrincə, seçkidə həm Koçaryana, həm də Paşinyana qarşı olan qüvvələr önə çıxacaq: “Koçaryana indi cəmiyyətlə dialoq lazımdır, çünki vətəndaşların əhəmiyyətli hissəsi onun qayıdışı ilə bağlı tezisi qəbul etmir”.
Məlum məsələdir ki, Rusiya Ermənistanda Paşinyanın uzun müddət hakimiyyətdə qalmasında maraqlı deyil. Moskva üçün onun“arxa bağçası”nda korrupsiyadan, talançılıqdan, diktaturadan qismən də olsa uzaq birinin hakimiyyətdə olması əlverişli deyil, Rusiya belələrilə “işləməkdə” heç vaxt maraqlı olmayıb. Lakin Koçaryanın da uğurlu seçim olması xeyli mübahisəli görünür...
Bütün bu proseslərin Azərbaycana təsirinə gəlincə, ölkəmizə, xalqımıza qarşı hərbi cinayətlər törətmiş, bizim ərazilərdə separatizmin və terrorçuluğun əsaslarını qoyanlardan olmuş bir qatilin qonşu ölkəyə rəhbərlik etməsi arzuolunan deyil.

Həmçinin, onun hakimiyyətə gəlişi Ermənistandakı revanşist və millətçi kəsimi həvəsləndirə bilər. Bu, İrəvanın ritorikasına da təsirsiz ötüşməyəcək. Və yəqin ki, bundan istifadə edən Rusiya lazım olanda, İrəvandakı qulbeçələrini Bakının, yaxud Ankaranın üstünə hürdürə bilər...
Ancaq bütün bunlar Azərbaycanın öz suverenliyinin bərpası istiqamətində aparmalı olduğu ardıcıl və qətiyyətli siyasətlə neytrallaşdırılmalı, bununla da koçaryanların, sarqsyanların savaş ritorikası “it hürər karvan keçər” səviyyəsinə endirilməlidir.
Koçaryanın Moskva ilə, Putinlə şəxsi dostluğunaümid edən ermənilərə gəlincə isəbu dostluğun 44 günlük müharibədə nəyə yaradığını, daha doğrusu, heç nəyə yaramadığını unutmamaları gərəkdir...

Cəlal Məmmədov
“AzPolitika.info”



Ana səhifəyə qayıt        Baxış: 2 791          Tarix: 29-01-2021, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma