Xəbər lenti




Müəllif: Emanuel Pietrobon
Ermənistanla Azərbaycan arasında İkinci Qarabağ müharibəsinin başa çatmasından müəyyən vaxt keçsə də, onların arasında “buzlar ərimir”.
Ermənistanla Azərbaycan arasında İkinci Qarabağ müharibəsi az qala yarım ildir başa çatıb. Lakin ötən dövrdə Ermənistanda davam edən ictimai-siyasi etirazlar, Zəngəzur dəhlizinin açılması istiqamətində işlərin ləngiməsi, azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı yaranan problemlər Yerevanla Bakı arasında düşmənçiliyin, qarşılıqlı inamsızlığın aradan qaldırılmasına imkan vermir.
Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi yenə də Ermənistana önəmli barışıq mesajları göndərir.

Ümumi vəziyyət
Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda verdiyi müsahibəsində bildirib ki, Bakı Yerevan tərəfindən hər hansı təhdidlə qarşılaşarsa, öz milli maraqlarını qətiyyətlə qoruyacaq. Bu, Ermənistanda ciddi etirazlara səbəb olub. Çünki Əliyevin açıqlamaları Ermənistanın siyasi dairələri və mətbuatı tərəfindən qəsdən təhrif edilib.
Azərbaycan isə öz növbəsində, bu cür çirkin iftiralara cavab olaraq nəinki erməni xalqında yaranmış xofdan sui-istifadə etmir, əksinə, yeni barışıq mesajları verir, gərginliyi azaltmağa çalışır. Bu da təəccüblü deyil. Bu gün Bakı Qarabağın yenidən qurulmasına, regionda sabitliyin bərqərar olmasına çalışır. O, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəhlizin açılması da daxil olmaqla, bu proseslər çərçivəsində Yerevanla münasibətləri normallaşdırmağa hazırdır.
Bakının hədəfləri
İki ölkə arasında uzun illərdən gələn gərginliyin qarşılıqlı razılaşma ilə aradan qaldırılması təklifini bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da səsləndirib. “Xatırlatmaq istərdim ki, dövlət başçısı müsahibəsində, eyni zamanda, Azərbaycanın əməkdaşlığa hazır olduğunu söyləyib, Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində törətdiyi soyqırımı və tarixi, mədəni, dini abidələrimizin dağıdılmasına rəğmən bizim gələcəyə baxmalı olduğumuzu vurğulayıb”, - deyə L.Abdullayeva bildirib.
Leyla Abdullayeva Ermənistan ictimaiyyətinə, xüsusilə İlham Əliyevin fikirlərini təhrif edənlərə xatırladıb ki, “dəfələrlə və ən yüksək səviyyədə bəyan edildiyi kimi, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır”.
XİN rəsmisi deyib ki, Bakının sabitlik istəyi heç də bu gün, yəni dövlət başçısının son müsahibəsindən sonra ortaya çıxmayıb. Bu istək 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli bəyannamələrdə də əksini tapır və Bakı həmin sənədlərin tələblərinə tam əməl edir. Ermənistanın isə Zəngəzur dəhlizinin açılmasını da nəzərdə tutan bu sənədlərin reallaşdırılmasına mane olduğunu deyən Abdullayeva bundan təəssüfünü dilə gətirib.

Ermənistan təklifləri niyə qəbul etməlidir?
Beləliklə, bu gün Ermənistan tarixi dəyərə malik bir missiyanı yerinə yetirməyə dəvət olunur. Söhbət ürək sızladan müharibə dəhşətlərini keçmişdə qoyacaq addımların atılmasından gedir. İndi bütünlükdə bölgənin, orada yaşayan xalqların gələcəyi və rifahı, xüsusilə Azərbaycanla münaqişə səbəbindən ciddi sosial-iqtisadi problemlər yaşayan, əhalisinin sayı getdikcə azalan, eyni zamanda bütün regional layihələrdən kənarda qalmış Ermənistanın taleyi Yerevanın özündən asılıdır.
Vəziyyətin normallaşması üçün Ermənistanın ortada olan təklifləri qəbul etməkdən başqa yolu yoxdur. Üstəlik, Bakı Qarabağdakı bütün mədəni irsin qorunmasına zəmanət verir və proses Kreml tərəfindən də dəstəklənir.
Bundan başqa, Azərbaycan tərəfinin Ermənistan ərazisi ilə Zəngəzur dəhlizinin açılması tələbinin yerinə yetirilməsi də uzunmüddətli və daimi sabitliyin təməli ola bilər. Bu gün Ermənistan üçün Bakı ilə anlaşmanın alternativi yalnız özünütəcriddir. Çünki Rusiya-Ermənistan dəmir yolu xəttinin də Azərbaycan ərazilərindən keçməsi nəzərdə tutulur. Unutmaq olmaz ki, bu gün son dayanacağı Bakı olan bir sıra beynəlxalq dəhlizlərin inşası ilə ümumilikdə Avrasiyanın siması dəyişir.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: InsideOver


Ana səhifəyə qayıt        Baxış: 4 141          Tarix: 27-04-2021, 13:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma