Xəbər lenti

 
 
Fransa parlamentinin deputatı Fransua Pupponi Parisi 44 günlük müharibədən sonra Azərbaycan ərazilərində saxlanılan “hərbi əsir və dinc sakinlərin” geri qaytarılmasını tələb etməyə çağıran qətnamə layihəsi hazırlayıb.
 
Ovqat.com xəbər verir ki, bu barədə məlumatı deputatın özü Facebook səhifəsində bəyan edib.
 
Deputat paylaşımında qətnamə layihəsinin fotolarını da yayımlayıb.


 
"Mən erməni hərbi əsirləri dərhal azad etmək tələbi ilə qətnamənin qəbul olunması təklifini irəli sürdüm. “Arsax”dakı münaqişədən sonra bir çox erməni əsgəri hələ də Azərbaycan hakimiyyəti tərəfindən saxlanılır və evə qayıdışını gözləyir",-deyə o yazıb.
 
Deputat vurğulayıb ki, bu təcrübə beynəlxalq hüquq normalarına və Cenevrə Konvensiyasına tamamilə ziddir. Odur ki, Fransa Azərbaycanı “əsirləri” azad etməyə çağırmalıdır. Millət vəkili onun təşəbbüsü ilə hazırlanan layihəyə imza atmağa razılaşan parlamentarilərə minnətdarlığını bildirib.
 
Qeyd edək ki, Pupponi bir neçə gün əvvəl “erməni soyqırımı”nın 106 illiyi münasibətilə Ermənistana səfər etmiş nümayəndə heyətinin tərkibində olub.
 
Fransa deputatının azadlığa buraxılmasını tələb etdiyi erməni silahlıları 10 noyabr 2020-ci il tarixli 3-tərəfli bəyanatın qüvvəyə minməsindən sonra Qarabağa döyüşməyə gəlmiş və müxtəlif təxribatlar törədərək bir neçə əsgər və mülki vətəndaşımızı qətl etmiş diversantlardır. Onların Ermənistanın şimal-qərbində yerləşən Şirak bölgəsindən Qarabağa təxribatlar törətmək məqsədi ilə gəldikləri təsbit olunub və Azərbaycan da məhz bu faktı nəzərə 3-tərəfli bəyanatın həmin diversantlara şamil edilə bilməyəcəyini dəfələrlə bildirib. 


Fransua Pupponi İrəvanda “soyqırım” abidəsinin önündə - 24 aprel 2021-ci il
 
Rəsmi Bakının bu mövqeyi hüquqən tamamilə əsaslı olduğu kimi, Dağlıq Qarabağda erməni təcavüzünün qarşısının alınması baxımından da vacibdir. Dağlıq Qarabağda təxribat törətməyə hazırlaşan hər bir erməni diversantı rəsmi Bakının onların himayədarlarının təzyiqlərinə yox, beynəlxalq və milli qanunvericiliyə əsaslanaraq bu hərəkətlərə hüquqi qiymət verəcəyini anlamalıdırlar. Anlamalıdırlar ki, Azərbaycan torpağına bəd niyyətlə ayaq basan hər bir xarici vətəndaş terrorçu kimi qəbul olunacaq və qanuna uyğun şəkildə öz cəzasını alacaq
 
Qərbin xristian təəssübkeşliyinə, bəzi müsəlman dövlətlərin “ilahi” xəyanətlərinə arxayın olub özlərini regionun ərköyün övladı kimi aparan Ermənistan məğlub olmasına və Azərbaycan Ordusu qarşısında ağ bayraq qaldırmasına baxmayaraq, bu gün gizli yollarla Dağlıq Qarabağa hərbi qüvvələr göndərir. Bu qanunsuz hərəkətlər zaman-zaman İrəvanda etiraz aksiyaları təşkil edən əsgər anaları tərəfindən də açıq şəkildə dilə gətirilir. Erməni anaları Azərbaycan Ordusunun və qanunvericiliyinin qarşısına yem kimi atılan övladlarının təhlükəsizliyini əsas gətirib İrəvanı bu təcavüzkar siyasətdən əl çəkməyə çağırırlar. Çünki övladlarının hər an təcavüzkar kimi qurban gedəcəklərini və ya Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklərini anlayırlar. Onların bu qorxularını diri tutmaq üçün rəsmi Bakı bütün beynəlxalq təzyiqlərə baxmayaraq, öz haqlı mövqeyindən geri çəkilməməli, erməni himayədarlarını beynəlxalq konvensiyalara hörmət etməyə çağırmalıdır.


Sözügedən erməni diversantları
 
Üstəlik, düşmən havadarlarına çatdırılmalıdır ki, bizdən fərqli olaraq onların müdafiə etdikləri ermənilər I Qarabağ müharibəsində 5000-ə yaxın dinc vətəndaşımızı girov götürmüş və 30 ildir ki, onların taleyindən xəbər yoxdur. Baxmayaraq ki, 44 günlük müharibədən sonra misilsiz humanizm nümayiş etdirən Azərbaycan tərəfi əlinə silah alıb əsgərlərimizi qətlə yetirənləri belə geri qaytarıb. Fransa deputatı Fransua Pupponinin zərrə qədər vicdanı varsa, 30 ildir öldü-qaldısından belə xəbər tuta bilmədiyimiz o itkinlərin taleyinə aydınlıq gətirməyə çalışmalı və bunu Ermənistandan tələb etməlidir. Bu insanlığı göstərə bilməyənlərin terrorçuları müdafiə etmələri nə fərd olaraq onlara, nə də təmsilçisi olduqları dövlətə başucalığı gətirmir. Paris anlamalıdır ki, nə dövr 20-ci əsrin birinci yarısıdır, nə də Azərbaycan o dövrün Əlcəzairidir. Yeni qurulmasına baxmayaraq, Azərbaycan Respublikası Fransadan daha qədim tarixi köklərə bağlı dövlətçilik ənənələrinə malikdir və bu ölkə ilə Afrikadakı müstələkələri kimi danışmaq olmaz. Kim buna cəhd etsə, layiq olduğu qarşılığı alacaq. Necə ki, II Qarabağ savaşında ermənilərin mövqeyini müdafiə etdiklərindən bu gün işğaldan azad olunmuş torpaqların bərpa çalışmalarından uzaq tutulmalarının peşmançılığını yaşayır və bunu açıq şəkildə dilə gətirməkdən xəcalət çəkmirlər. Fransa yetkililərinə xatırlatmaq istərdik ki, minilliklərə söykənən Azərbaycan mentalitetində “özü yıxılan ağlamaz”, “son peşmançılıq fayda verməz” anlayışları var və hər bir ciddi dövlət kimi bizim xarici siyasətimiz də milli-mənəvi dəyərlərimiz üzərində qurulub. Ağılları 16 il ərzində alışdıqları Elmar Məmmədyarov diplomatiyasına getməsin. O dövr qapandı!
 
Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 5 479          Tarix: 28-04-2021, 06:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma