Xəbər lenti
Dünən, 19:25


Geopolitical Monitor, Kanada
05.05.2021


Müəllif: Taras Kuzio
Bu ilin aprelində Şimali Amerika ölkələri NATO üzvü olan Türkiyəyə hücuma keçdi. ABŞ prezidenti Co Bayden 1915-ci ilin erməni qətliamını “soyqırımı” kimi tanıdı, Kanada isə hələ ondan iki həftə əvvəl Türkiyəyə hərbi avadanlıqların satışına qadağa qoymuşdu. Söhbət Türkiyənin dron istehsalında istifadə etdiyi avadanlıqlardan gedir. O, həmin dronları Azərbaycana da satırdı.

Vaşinqtonun qərarını anlamaq çox çətindir. Hakimiyyətə yeni gəlmiş Bayden söz verirdi ki, prezident seçiləcəyi təqdirdə Şimali Atlantika Alyansı ilə əlaqələri gücləndirəcək, həmçinin ABŞ-ın NATO-da liderliyini canlandıracaq. Amma görünən odur ki, onun hakimiyyətdə olacağı növbəti 4 ildə ABŞ-Türkiyə münasibətləri acınacaqlı vəziyyətdə olacaq. Hər halda, ABŞ prezidentinin tələsik verdiyi “soyqırımı” qərarı onun əvvəlcədən qarşıya qoyduğu məqsədlərə çatmasıı qeyri-mümkün edir.

Belə çıxır ki, Kanada və ABŞ siyasətçiləri Türkiyənin Cənubi Qafqaz və Yaxın Şərqdəki strateji əhəmiyyətinə məhəl qoymur. Deyəsən onlara Türkiyənin NATO-da ikinci boyük orduya malik dövlət olduğunu da xatırlatmaq lazımdır.

Bütün bunlar azmış kimi, Qərb Cənubi Qafqazla bağlı siyasətində Ermənistanın təxminən 30 ildir Rusiya ilə yaxın müttəfiqi olmasına da məhəl qoymur. Halbuki, məhz Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qurucularından biridir. Rusiyanın bu hərbi bloku NATO-ya cavab olaraq yaratdığına şübhə yoxdur. Məsələ isə bununla bitmir. Yerevan Avrasiya İqtisadi İttifaqının da üzvüdür. Rusiya prezidenti Vladimir Putin bu təşkilatı Avropa İttifaqına (Aİ) alternativ kimi qurub.

Belə bir vəziyyətdə 3 milyon əhalisi olan Rusiyapərəst Ermənistanın NATO-ya üzv Türkiyə və böyük enerji dövləti olan Azərbaycandan önəmli sayılmasının səbəbini anlamaq çətindir. Türkiyə ilə Azərbaycanda yaşan əhalinin ümumi sayı 92 milyon nədərdir...
Bəs erməni lobbisi Kanadanın xarici siyasətinə necə təsir göstərir?

Kanadanın baş naziri Castin Trüdonun liberal hökuməti xarici siyasətdə ikili standartlardan çıxış edir. Xarici işlər naziri Mark Qarno isə iddia edir ki, guya Türkiyəyə hərbi avadanlıqların ixracına qadağa qoyulması həm Kanada qanunvericiliyinə, həm də insan haqları ilə bağlı beynəlxalq öhdəliklərə uyğundur. Əslində isə bu fikrin heç bir əsası yoxdur. Üstəlik, belə iddialar dövlətlərin ərazi bütövlüyü və insan haqları ilə bağlı yanlış fikirlərin yaranmasına səbəb olur.

BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Ermənistanın Azərbaycana aid Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonu işğal etməsi pislənilib. BMT Nizamnaməsinin 25-ci maddəsində isə deyilir ki, bu qurumun qəbul etdiyi qətnamələr Kanada daxil olmaqla, bütün üzv dövlətlər üçün əsas olmalıdır.

Lakin artıq qeyd etdiyimiz kimi, Ottava xarici siyasətdə ikili standartlardan çıxış edir. Bəli, Kanada Azərbaycanın Türkiyə dronlarından istifadə etdiyini əsas götürərərk, Ankaraya hərbi avadanlıqların ixracına qadağa qoyub. Bu, onun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi qərarına ziddir. Halbuki, Azərbaycanın ərazi bütövlüyü BMT qətnamələri ilə tanınır.

Daha bir problem – Ukraynadakı münaqişə ilə bağlı da ərazi bütövlüyü məsələsi aktualdır. Kanada Rusiyanın hərbi təcavüzü ilə üzləşmiş Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. O, hesab edir ki, Rusiya Krımı qeyri-qanuni ilhaq edib, üstəlik, Ukraynanın şərqində proksi-hibrid müharibə aparır. 2014-cü ildən bu günədək bu münaqişə nəticəsində 15 min insan həyatını itirib.

Amma bir məsələni unutmaq olmaz: Ermənistan Rusiyanın müttəfiqidir, Ukrayna isə yox. Bundan başqa, 2013-cü ildə Yerevan Aİ ilə Assosiativ Saziş imzalamaqdan da imtina edib və Avrasiya İqtisadi İttifaqına qoşulub. Ukraynanın isə Aİ və NATO-ya qoşulmaq kimi hədəfləri var. Kiyev “Maydan” inqilabı ilə məhz bu yolu müdafiə edib. Nəticədə 2014-cü ildə Ukrayna Aİ ilə Assosiativ Saziş imzalayıb. Daha sonra tərəflər arasında Dərin və Hərtərəfli Azad Ticarət Zonasına (DCFTA) və sərbəst viza rejiminə dair razılaşmalar da imzalanıb.

Bu arada, Ukrayna ilə Türkiyə arasında sıx siyasi və hərbi əməkdaşlıq var. Türkiyədə işğal altındakı vətənlərində dəhşətli represiyalarla üzləşmiş milyonlarla Krım tatarı yaşayır. Kiyev artıq Türkiyədən Kanada texnologiyalarının tətbiq edildiyi 48 dron da alıb və onları ölkənin şərqindəki müharibə zonasında, yəni Donbasda yerləşdirib.

Belə bir vəziyyətdə Ukrayna bu ilin aprelində Rusiyanın müdaxiləsinə cavab olaraq bu dronlardan istifadə etsəydi, Kanada Kiyevi qınayar, Türkiyəyə ixracla bağlı yeni qadağalar tətbiq edərdimi? NATO bu iki ölkə arasında vəziyyətin gərginləşəcəyindən çox narahat idi...
Kanadadakı erməni lobbisi Ottovanın Dağlıq Qarabağ üçün “müqəddəratı təyin etmə” hüququnun tanınmasını tələb edir. Bu zaman ortaya sual çıxır: Kanadadakı Ukrayna icması Ukraynanın şərqində yerləşən “Donetsk və Luqansk Xalq respublikaları”nın da “müqəddəratını təyin etmə” hüququ haqda düşünürmü? Kanada bir tərəfdə Azərbaycana qarşı separatçılığı, digər yanda isə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərsə, o, tərəfdaşları tərəfindən ciddi qəbul oluna bilməz.

Kanadanın Liberal Partiyasının xarici siyasətində daha bir qarışıq məqam var: guya ixraca qadağa qoyulması insan haqlarının pozulmasının qarşısının alınmasına hesablanıb. Deyəsən, Kanadanın liberal hökuməti tarixi yaxşı bilmir...

1990-cı illərin əvvəllərində baş vermiş Birinci Qarabağ müharibəsi zamanı etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sayı eyni problemlə üzləşmiş ermənilərin sayından 3-4 dəfə çoxdur (1 milyon). Üstəlik, o zaman Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisinin böyük hissəsini (21%) işğal etmişdi. Azərbaycan bir qarış belə, Ermənistan torpağını işğal etməyib. 1992-ci ildə isə Ermənistan hərbi birləşmələri Azərbaycana aid Xocalı şəhərində 613 dinc sakini qətlə yetirib. “Human Rights Watch” bunu Qarabağ münaqişəsinin “ən böyük qətliamı” adlandırıb.

O vaxtdan keçən 27 illik işğal dövründə Dağlıq Qarabağın ətrafındakı rayonlarda Azərbaycan milli kimliyinə aid nümunələr, həmçinin bütün binalar tam dağıdılıb. Apreldə regiona səfərim zamanı bunun canlı şahidi olmuşam. Şəxsən mən bu əraziləri “Cənubi Qafqazın Hiroşiması” adlandırdım. Üstəlik, bura dünyada ən çox minalanmış regiondur. Azərbaycanlı məcburi köçkünlər hazırda vaxtilə yaşadıqları torpaqlarına bu üzdən qayıda bilmirlər. Bəli, minalı ərazilər bunu mümkünsüz edir.

Ötən il baş vermiş İkinci Qarabağ müharibəsinə gəlincə, bu savaşda 60 erməni, 100 azərbaycanlı mülki şəxs həlak olub. Üstəlik, azərbaycanlı mülki insanlar Ermənistanın döyüş bölgəsindən uzaqda yeşləşən şəhərlərə atdığı raketlər nəticəsində həlak olublar. Yerevan bununla Azərbaycanı təhrik edəcəyini, Bakının Ermənistan ərazisinə zərbələr endirəcəyini düşünürmüş. Çünki bu, Azərbaycanın Ermənistana hücumu sayılacaqdı və demək, Rusiya KTMT çərçivəsində məsələyə müdaxilə etmək hüququ qazanacaqdı. Lakin Moskva bu münaqişəyə müdaxilə etməyib. Səbəb... müharibənin məhz Azərbaycan ərazilərində aparılması idi.

Bir sözlə, Ottava BMT qətnamələrinə əməl etməli, Azərbaycan və Ukrayna kimi dövlətlərin ərazi bütövlüyünü dəstəkləməli, istənilən tərəfin insan haqlarına zidd əməllərini pisləməlidir. Amma bu gün Kanadanın xarici siyasəti çox qarışıqdır və onun nə NATO üzvü olan Türkiyə, nə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipləri aydındır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Geopolitical Monitor


Ana səhifəyə qayıt        Baxış: 3 861          Tarix: 5-05-2021, 19:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma