Xəbər lenti


Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Paşinyana istefa ərizəsini təqdim edib. Onun öz postundan gedəcəyi barədə məlumatlar son vaxtlar xeyli artmışdı. Belə fikirlər səslənirdi ki, baş nazir əvəzi Nikol Paşinyanla onun arasında Azərbaycan və

Türkiyə ilə barışıq məsələsində fikir ayrılığı var, çünki Ayvazyan hökumətin kursu ilə uyğun gəlməyən sərt mövqe tutur. Hərçənd heç Paşinyanın özü də bu məsələdə konstruktiv mövqeli sayılmaz.
Bəs Ayvazyanın gedişi konkret olaraq Azərbaycan üçün pozitiv hadisədirmi? Onu əvəzləyəcək başqa bir erməni ona “rəhmət” oxutdurmayacaq ki?
Onu da qeyd edək ki, bu, son bir ildə Ermənistanda istefaya gedən ikinci XİN rəhbəridir. 44 günlük müharibədən az sonra Zoqrab Mnatsakanyan istefa vermişdi.
Yaranan suallarla bağlı Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Musavat.com-a bunları dedi:

“Ayvazyanın istefası gözlənilən idi. Çünki rəsmi mövqeyə uyğun olmayan, çox vaxt isə sərsəm bəyanatlar verirdi. Belə təsəvvür yaranırdı ki, onun diplomatık təcrübəsi yoxdur, hansısa meşədən tutub gətiriblər. Amma indi xidmət siyahısına baxdım, uzun müddət diplomatik vəzifələrdə olub, görünür anadan gəlmə zədəsi olub. Bu qədər xarici siyasət sahəsində çalışıb, amma adi etiket qaydaları öyrənə bilməyib. Onun istefa ərizəsi oyun da ola bilər, böyük ehtimalla ərizəsi qəbul olunmayacaq. Paşinyana bu cür qeyri-adekvat nazir lazımdır ki, hərdən sərt açıqlamalar versin, hakimiyyətin olmayan sifətini az da olsa saxlasın. Daxili auditoriyanın əldə saxlanlması, həmçinin rəqiblərin sərt, radikal bəyanatlarını neytrallaşdırmaq üçün Ayvazyan bir müddət hələ rol oynaya bilər. Amma istefaya getsə də, heç nə dəyişməyəcək, yeni gələn adam ermənilərin xarici siyasətinə bir az abırlı görüntü verə bilər. Yoxsa Ayvazyan özünü xarici işlər naziri kimi yox, Azərbaycanı köhnə dayandoldorumdan atəşə tutan səydəş, düşük çoban kimi aparırdı. Onun yerinə kimin gələcəyinin də ümumiyyətlə, heç bir əhəmiyyəti, fərqi yoxdur. Böhran vəziyyətində nazirlərin tez-tez getməsi, gəlməsi xarakterikdir. Və adətən, pisin yerinə daha pisi gəlir. Ona görə də biz yox, ermənilər özləri Ayvazyana "rəhmət" oxuya bilərlər. Bir məsələni də vurğulamaq istəyirəm ki, bundan sonra, həmçinin 20 iyun seçkilərindən sonra ermənilər üçün istefalar adi hala çevriləcək, ayda bir nazir dəyişəcək, siyasi böhran dərinləşəcək. Onların dərin böhrandan çıxmaq şansları olmayacaq . Bəlkə, möcüzə, "Rusiya" adında möcüzə onları xilas edə".

Politoloq Azər Hüseynova görə, Ayvazyanın istefası onu deməyə əsas verir ki, Paşinyanın Ermənistanı deyil, onu hakimiyyətə gətirən qloballist dairələrin maraqlarını təmsil etdiyi bu ölkədə açığa çıxır:

“Əks halda Paşinyanın Zəngəzurla bağlı sözləri məntiqlə izah edilmir. Məgər adam anlamırmı ki, dəhliz açılsa, Türkiyə ilə sərhəd açılsa xalqı bir özünə gələr? Bilir. Amma o daha çox ABŞ-Fransa cütlüyünün xarici siyasət maraqlarına oynayır. İndi bu istefa baxış bucaqları ilə birgə arxa planların savaşıdır. Ermənistan siyasi mühitini Serbiyanın sonu gözləyir. Radikal şovinizmdən praqmatik siyasətə keçməsə, ölkə olaraq çökəcək. Ayvazyanın yerinə gələcək insan ancaq ortalıq bulandıra bilər. Çünki resurs yoxdur".

CAVANŞİR ABBASLI,

"Yeni Müsavat"



Ana səhifəyə qayıt        Baxış: 3 040          Tarix: 28-05-2021, 16:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma