Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Nikol Paşinyanın seçkidən dərhal sonra “Bütün anlaşmalar yerinə yetiriləcək” açıqlaması açıq mesaj təsiri bağışlayır; Azərbaycan və Türkiyə ilə normal münasibətlərin Ermənistan üçün də faydalı olacağını dəfələrlə təkrarlayan erməni baş nazir əvvəlki mövqeyindən uzaqlaşmadığını sezdirməyə çalışır...
Ermənistanda yeni dövr başlayır. Bu düşmən ölkədə növbədənkənar parlament seçkiləri keçirildi. Və yeni başlayacaq daxili siyasi mərhələnin məzmununu müəyyən etdi.Əlbəttə, bu mərhələnin Ermənistan üçün uğurlu olub-olmayacağını indidən birmənalı şəkildə söyləmək mümkün deyil. Çünki, bu yeni mərhələnin mümkün nəticələrini Ermənistanın bundan sonra yürüdəcəyi xarici siyasət kursunun istiqamətləri müəyyən edəcək. Və bu baxımdan, Ermənistanın hələlik “geopolitik yolayrıcı”nda olduğunu da düşünmək olar.
Əvvəlcə onu qeyd edək ki, baş nazir Nikol Paşinyanın yenidən seçkilərdə qalib gələ biləcəyi o qədər də gözlənilməz deyil. Hər halda, onun öz siyasi düşmən-rəqiblərinə qalib gəlməsini təmin edə biləcək əsas faktorlar elə əvvəlcədən məlum idi. Və bu faktorlar uzun illər ərzində formalaşmışdı.
Ona görə də, Ermənistanda başqa heç bir normal ölkədə reallaşması mümkün olmayacaq hadisə baş verdi. Hakimiyyəti dövründə ölkəsi üçün taleyüklü xarakter daşıyan bir savaşı uduzmuş baş nazir yenidən seçicilərin səslərinin mütləq çoxluğunu qazandı. Hər halda, baş nazir N.Paşinyanın siyasi partiyasının 53,92 faiz səs toplaması bəzi daxili və xarici qüvvələrə problem yarada biləcək faktordur.
Artıq hər kəsə aydın oldu ki, Ermənistan cəmiyyəti keçmişə geri dönmək istəmir. Çünki N.Paşinyanın siyasi düşmən-rəqibləri Köçəryan-Sarkisyan cütlüyünün liderlik etdiyi Qarabağ klanı Ermənistanı keçmişə götürməyə, yenidən savaşa yol aça biləcək gərginliyə götürməyi vəd edirdi. Məhz bu səbəbdən də N.Paşinyan və onun partiyası seçkilərdə qalib gəldi.
Əslində, N.Paşinyanın Ermənistan cəmiyyətində xüsusi nüfuza və dəstəyə sahib olduğunu düşünmək sadəlövhlük olardı. Ancaq savaşda məğlub olmasına görə onu ciddi şəkildə ittiham etsələr də, qınasalar da, hər halda nifrət də etmirlər. Əksinə, Ermənistan cəmiyyətinin nifrəti əsasən, hərbi cinayətkarların – Robert Köçəryan və Serj Sarkisyanın liderlik etdiyi Qarabağ klanına qarşı yönəlib.
Ona görə də, N.Paşinyanın qələbəsini məhz etiraz elektoratı təmin etmiş oldu. Yəni, Qarabağ klanına nifrət edən seçicilərin mütləq əksəriyyəti Köçəryan-Sarkisyan klanını hakimiyyətə buraxmamaq üçün Paşistlərə səs verdi. Bu baxımdan, N.Paşinyanın yeni hakimiyyətini nifrət üzərində qurulmuş hökumət də hesab etmək olar.
Digər tərəfdən, seçkidə hansı siyasi qüvvənin qalib gələcəyinə xarici faktorlar da təsir etməmiş deyil. Seçkiyə bir neçə gün qalmış Rusiya prezidenti Vladimir Putin öz dostu Robert Köçəryana zəng etmişdi. Kreml bununla R.Köçəryanı dəstəklədiyinin açıq mesajını vermək məqsədi güdürdü.
Ancaq böyük ehtimalla bu zəng R.Köçəryana xeyirdən çox ziyan vurmuş oldu. Hər halda, Rusiyanın “sadiq xidmətçiləri”nin hakimiyyətə qayıdışını istəməyən və mövqeyini hələ tam dəqiqləşdirməmiş elektoratın bir hissəsi N.Paşinyana səs verməyə meyilləndi. Çünki Ermənistan cəmiyyətində ölkənin gələcəyini Rusiyanın təsir dairəsindən çıxaraq, Qərblə əməkdaşlıqda axtaranların sayı kifayət qədərdir.
Eyni zamanda, seçki ərəfəsində ABŞ və Qərbin səhnəarxası fəallığı və Gürcüstanın vasitəçiliyi ilə Azərbaycanın Ermənistana 15 erməni diversantı qaytarması da N.Paşinyanın səslərinin artmasına təsir göstərdi. Çünki çoxsaylı müraciətlərə baxmayaraq, Rusiya bu işin öhdəsindən gələ bilmirdi.
Ancaq ABŞ və Qərbin iştirakı ilə Azərbaycanla anlaşma N.Paşinyanın Ermənistan cəmiyyətində dəstəyinin artmasına yol açdı. Yəni, müəyyən mənada, rəsmi Bakı da dolayısı ilə savaşda məğlub etdiyi N.Paşinyanın seçki qələbəsinə yardım göstərmiş oldu.
Təbii ki, Paşinyan hakimiyyəti bütün bu faktorları öz gələcək fəaliyyətində nəzərə almaq məcburiyyətində qalacaq. Onun seçki qələbəsindən dərhal sonra “Bütün anlaşmalar yerinə yetiriləcək” açıqlaması Azərbaycanı tamamilə qane edir. Çünki həmin üçtərəfli anlaşmalar Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xətlərinin yaradılmasına, cəlbedici iqtisadi-ticari çağırışların ön plana keçirilməsinə münbit şərait yaradır.
Əslində, erməni baş nazir seçkilərdən əvvəl də Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurulmasının Ermənistan üçün də faydalı olacağını dəfələrlə təkrarlayıb. Onun seçkilərdən dərhal sonra həmin mövqeyindən uzaqlaşmadığının mesajını verməsi regionda yeni inkişaf mərhələsi qarşısındakı əngəllərin aradan qaldırılması baxımından, böyük önəm daşıyır. Və ona görə də yaxın vaxtlarda rəsmi İrəvanın daha konstruktiv mövqedən çıxış edə biləcəyi qətiyyən istisna deyil.
Bütün bunlar onu göstərir ki, Ermənistan cəmiyyəti öz seçimi ilə keçmişə qayıtmaq istəmədiyini biruzə vermiş oldu. Belə anlaşıldı ki, Ermənistanda artıq revanşist şüarlar öz əhəmiyyətini itirməyə başlayıb. Hətta Ermənistan cəmiyyəti üçün Qarabağ mövzusu da artıq öz təsir gücünü itirmək üzrədir. Əsas hədəfin isə daha yaxşı yaşamaq, inkişaf etmək şansı qazanmaq üzərinə yönəldiyini düşünmək olar.
Bu isə o deməkdir ki, Paşinyan hakimiyyəti bundan sonra məhz bu faktorlar üzərində siyasi hədəflər müəyyən etməli olacaq. Əgər, uğur qazana bilərsə, bu, həm Ermənistanın, həm də Cənubi Qafqazın inkişaf perspektivlərinin yolunu açmış olacaq. Əks halda, Ermənistan yenə də sosial-siyasi böhran içərisində çabalayaraq, dövlətçiliyin itirilməsi təhlükəsi ilə qarşi-qarşıya qalacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar