Xəbər lenti

Avqustun 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Qarabağ və regional problemlərin həlli ilə bağlı "yüksək və ən yüksək səviyyədə" danışıq prosesinə hazır olduğunu, konkret təklifləri gözlədiyini bildirib. O, həmçinin nəqliyyat kommunikasiyalarının açılması məsələsini həll etməyin mümkün olduğunu da qeyd edib.

Bəzi ekspertlər N.Paşinyanın bu sözlərini Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğu kimi qiymətləndirirlər.
Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin təkbətək görüşü mümkündürmü? Bunun nə kimi nəticələri ola bilər?

Milli Məclisin deputatı Aydın Mirzəzadə "Turan"a bildirib ki, Ermənistan Baş naziri üçtərəfli 10 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsinin ləngidilməsi üçün müxtəlif bəyanatlar verib: "Amma Ermənistan cəmiyyətində artıq reallıq tədricən üzə çıxmağa başlayır. Seçkilərdə daha çox səs toplamış partiyanın rəhbəri başa düşür ki, Ermənistanın gələcəyi ancaq Azərbaycanla yaxşı münasibətlərdədir. Bu, ancaq mehriban qonşuluq deyil, bu, Zəngəzur dəhlizinin işə düşməsidir, gələcəkdə birgə iqtisadi layihələrin işlənməsidir".

Deputat qeyd edib ki, Azərbaycan əməkdaşlıq etdiyi ölkələrlə özünü çox güclü partnyor kimi tanıdıb: "Əgər Ermənistan Azərbaycanla sərhədlərin tanıması barədə razılığa gələrsə, Azərbaycan Ermənistanın iqtisadiyyatına investisiya qoya bilər, iqtisadi layihələr həyata keçirmək mümkün olar".

Onun sözlərinə görə, artıq müharibə başa çatıb: "Biz postmünaqişə dövründə yaşayırıq. Ermənistan Baş naziri əgər Azərbaycan rəhbərliyi ilə görüşmək istəyirsə, bu o deməkdir ki, Ermənistan artıq qarşılıqlı münasibətlərin vacibliyini dərk edir".

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 3 304          Tarix: 13-08-2021, 21:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma