Xəbər lenti
  
 
Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq, ancaq bölgədəki sionist rejimin muzdlularının bizə qarşı təxribat törətməsinə də yol verməyəcəyik”.
 
Ovqat.com xəbər verir ki, İran dini liderinin Şərqi Azərbaycan üzrə nümayəndəsi, Təbriz imam-cüməsi ayətullah Seyid Məhəmmədəli Ali Haşim ötən günkü xütbəsində belə deyib.
 
Məlumata görə, ayətullah İran və Azərbaycan xalqlarını birləşdirən “əsas qırılmaz telləri” belə sadalayıb:
 
İmam Hüseyn (ə), Aşura və Ərbəin İran və Azərbaycan xalqlarını birləşdirən ən əsas qırılmaz tellərdir və sionist rejimi əlaltılarının çirkin açıqlamalarının İran və Azərbaycan şiələrinin birliyinə və həmrəyliyinə heç bir təsiri yoxdur”. 
 
Onun sözlərinə görə, İran İslam Cumhuriyyəti, inqilabın ali rəhbərindən tutmuş hökumətə və adi insanlara qədər bütün səviyyələrdə Azərbaycan Cumhuriyyətinin müstəqilliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləyib, ancaq bəziləri bu həqiqəti görmür və ya görmək istəmirlər.
 
Azərbaycan rəsmilərinə də vurğulayıram ki, sionist rejimi bölgədə, xüsusən də müsəlman ölkələrində fitnə və qeyri-sabitlik yaratmağa çalışır, çünki bu saxta rejimin həyatı fitnə və İslam ümməti arasında müharibə salmaq üzərində qurulub”. 
 
Qeyd edək ki, Təbriz imam-cüməsi 2 həftə əvvəlki xütbəsində əsl vətənpərvərlik nümayiş etdirərək, Tehranın Şərqi Azərbaycanla bağlı mövqeyini sərt tənqid etmiş və bu coğrafiyanın Səttarxan, Bağırxan, Xiyabani, Bakiri kimi dahi şəxsiyyətlər, qəhrəmanlar yetişdirdiyini xatırlatmış, bölgəyə vali təyin ediləndə bəzi regional həssasiyyətləri nəzərə almağa çağırmışdı. Ali Haşim bildirmişdi ki, hər bir əyalətin valisi, icra başçısı və başqa məsulları onun şan və şöhrətinə yaraşan şəxslər arasından seçilməlidir. Bununla da rəsmi Tehranın Azərbaycan türklərinə qarşı ayrı-seçkilik siyasəti yürütdüyünü rəsmən bəyan etmişdi. Məlumata görə, İran Daxili İşlər Nazirliyi Şərqi Azərbaycana yeni vali təyin edilməsi məsələsində əyalət əhalisinin istəyini nəzərə almaq istəmir, heç kim tərəfindən tanınmayan birini bu vəzifəyə təyin etmək istəyirdi, Təbriz imam-cüməsini də qəzəbləndirən bu idi.
 
Biz də Təbriz imam-cüməsini tutduğu mövqeyə görə alqışlamış, onu Ərdəbil imam-cüməsi Amili həzrətlərinə və özündən “Xameneinin fitvası”nı uyduran Azərbaycan şeyxüslamı Allahşükür Paşazadəyə nümunə göstərmişdik. 
 
Görünən budur ki, Seyid Məhəmmədəli Ali Haşimin vətənpərvərliyi Tehrana xoş gəlməyib və ondan da Azərbaycanın haqq işinə qarşı çıxan ayətullahların cərgəsinə qoşulmaq tələb olunub. O da xora qoşularaq, Azərbaycandakı “sionizmin tərəfdarları”na yol göstərmək zəhmətinə qatlanıb. 
 
Ağayi-Haşim həzrətləri unutmamalıdır ki, İranla Azərbaycan arasındakı son ziddiyyətlə ölkəmizin öz sərhədlərində suverenlik hüququnu bərpa etməsinə Ərdəbil imam-cüməsinin “şir quyruqlu” təhdidləri ilə başlamış, SEPAH-ın sərhədlərimizə qoşun yeritməsi ilə kulminasiya nöqtəsinə çıxmışdı. Bizim siyasilərin səsləndirdiyi fikirlər isə bu ittiham və təhdidlərə verilmiş cavabdır. İranın ədalətli ayətullahları iki dövlət arasındakı ziddiyyətləri körükləməyi “sionizm əlaltılığı” kimi görürsə, araqarışdıranları Arazın şimal yox, cənub tayında axtarmalıdır.
 
Təbriz imam-cüməsinə onu da xatırlatmaq istərdik ki, Azərbaycan müsəlmanları təkcə şiələrdən ibarət deyil. Ölkəmizdə şiələrlə yanaşı sünnilər də yaşayır və yüz illər boyu bir-birinə məhəbbətdə zərrə qədər də tərəddüdə düşməyiblər. İran ayətullahlarının iki dövlət arasındakı əlaqələrdən bəhs edərkən yalnız “şiə vəhdəti”ndən danışması özü-özlüyündə Azərbaycan müsəlmanlarını məzhəblərə parçalamaq və bizim daxili stabilliyimizi pozmaq cəhdidir. Odur ki, “Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq” deyəndə ayətullah Seyid Məhəmmədəli Ali Haşim həzrətləri bir yox, bir neçə dəfə fikirləşsin.
 


Ana səhifəyə qayıt        Baxış: 6 886          Tarix: 25-09-2021, 15:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma