Xəbər lenti

ABŞ-ın “Vaşinqton Post” qəzeti Rusiyada “Memorial” hüquq müdafiə təşkilatının dövlət qeydiyyatının ləğv olunması haqda çıxarılan qərarla bağlı redaksiya məqaləsi dərc edib.

Novator.az-ın məlumatına görə, məqalədə öncə xatırladılır ki, “Memorial” 1980-ci illərin sonlarında, Mixail Qorbaçovun Sovet İttifaqına rəhbərliyi dövründə yürüdülən aşkarlıq siyasəti dalğasında yaradılıb.

İlkin ideya bundan ibarət olub ki, İosif Stalinin SSRİ-yə başçılıq etdiyi illərdə repressiyalara qurban gedənlərin xatirəsinə abidə ucaldılsın. Sonra repressiya qurbanlarının xatirəsinə muzey yaradılmasına, Stalin dövrünün cinayətlərinin arxiv və kitabxanalarda araşdırılmasına da başlanıb.

Tezliklə “Memorial” kütləvi ictimai dəstək qazanıb, hərəkat formasını alıb. 1988-ci ildə məşhur sovet dissidenti akademik Andrey Saxarov “Memorial”ın sədri seçilib. Ancaq sovet hakimiyyəti “Memorial”ı bir təşkilat kimi qeydə almaqdan imtina edib. 1989-cu ilin 14 dekabrında Andrey Saxarov vəfat edib. “Memorial” yalnız bundan sonra, SSRİ-nin süqutuna az qalmış rəsmən dövlət qeydiyyatından keçib.

“Vaşinqton Post”un məqaləsində daha sonra qeyd edilir ki, 2021-ci ilin dekabrında Rusiya prezidenti Vladimir Putinin qurduğu rejim məhkəmənin əliylə “Memorial”ın dövlət qeydiyyatını ləğv edib.

Qəzet bildirir ki, “Memorial” təkcə Stalin repressiyalarının qurbanlarının xatirəsini əbədiləşdirməklə, həmin dövrdəki cinayətləri araşdırmaqla məşğul olan bir təşkilat deyil. Yarandığı vaxtdan az sonra təşkilat ümumən insan hüquqlarının müdafiəsi mərkəzinə çevrilib və bu, hazırkı Putin rejimini çox narahat edir.

Məqalədə deyilir ki, “Memorial”ı bağlamaqla Putin 1980-ci illərin sonlarından başlanan, 1990-cı illərdə davam edən demokratik dirçəlişin ən mühüm uğurlarından birini məhv etməyə çalışır.

“Memorial”ı vətəndaş cəmiyyətinin parlaq nümunəsi kimi xarakterizə edən “Vaşinqton Post” vurğulayır ki, bu quruma istər Saxarov, istərsə də digərləri daima bir simvol kimi yanaşıblar: “Çünki onlar hesab ediblər ki, yalnız keçmişi dərindən araşdırıb öyrənməklə sağlam demokratik cəmiyyət qurmaq mümkündür. “Memorial”ın məlumat bazasında üç milyon insanın (repressiya qurbanlarının bir qismi) adı və onlara verilmiş qəddar cəzalar barədə çox dəyərli məlumatlar var”.

Ancaq “Vaşinqton Post”un redaksiyası hesab edir ki, keçmişin əzablı günlərinin yada salınması Putinin ürəyincə deyil: “Rusiya demokratiyasının olan-qalan ocaqlarını da məhv etməyə, yerini diktatura ilə doldurmağa çalışan Putin ağrılı xatirələri yaddaşlardan silmək, onları sovet dövrü haqda qondarma hekayətlərlə əvəzləmək istəyir”.

Məqalənin sonunda deyilir: “Qaranlıq keçmiş qayıdır. 2020-ci ildə Putinin təhlükəsizlik qüvvələri müxalifət lideri Aleksey Navalnını öldürməyə cəhd etdi. Ancaq Navalnı sağ qaldı və bu yaxınlarda onun ədalətsiz həbsinin bir ili tamam olacaq.

Rusiyada jurnalistlər, hüquqşünaslar, fəallar, bütovlükdə vətəndaş cəmiyyəti təzyiqlərə məruz qalır. Bugünlərdə hökumətin senzuranı həyata keçirən qurumu qanunsuz siyasi motivli həbsləri izləyən və zərərçəkmişləri vəkillərlə təmin edən “OVD-İnfo”təşkilatınin saytını da bloklayıb.

Bütün bunlar Kremlin nümayiş etdirdiyi zorun nəticələridir. Ancaq cənab Putin ideyaların gücünü lazımınca dəyərləndirə bilmir. O, “Memorial”ın divarlarını sökməyə cəhd edə bilər, amma sovet dövrünün cinayətləri haqda və ya bügünkü uğursuz despotizmə qayıdış haqda xatirələri yaddaşlardan silə bilməz”.

Mənbə: Washingtonpost.com



Ana səhifəyə qayıt        Baxış: 3 046          Tarix: 5-01-2022, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma