“Vaşinqton Post” qəzeti İranda həbs olunan jurnalistlər Nilufər Həmidi və İlahə Məhəmmədi haqda redaksiya məqaləsi dərc edib.
İran İslam Respublikasında gənc qadın Məhsa Əmininin ölümü ilə əlaqədar aksiyalar keçirilir. Sentyabrın 13-də əxlaq polisinin hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Əmini üç gün sonra xəstəxanada dünyasını dəyişib. İran hakimiyyəti təkzib etsə də, çoxları gənc qadının fiziki zorakılığın qurbanı olduğuna inanır.
Məhsa Əmini aksiyaları sentyabrın 18-dən başlayıb.
Novator.az-ın məlumatına görə, “Vaşinqton Post” yazır ki, jurnalistlər Nilufər Həmidi və İlahə Məhəmmədi ədalətsizliyə göz yummadıqları, Məhsa Əmini ilə bağlı həqiqəti ifşa etdikləri üçün tutulublar: “İrandakı üsyana qismən də Məhsa Əmininin keçindiyi xəstəxanadan çəkilmiş fotolar səbəb olub. Həmin fotoların sosial mediada yayılması əhalinin islam teokratiyasına qarşı qəzəbini gücləndirib.
İran hakimiyyəti 22 yaşlı Əmininin infarkt keçirdiyini iddia etsə də, ailəsi onu polisin döydüyünü xəbər verib. Məhsanın ölümü 2009-cu ilin qalmaqallı prezident seçkisindən sonra keçirilən etirazlarda iştirak etməmiş gənc iranlıları da küçələrə çıxarıb”.
“Vaşinqton Post”un məqaləsində xatırladılır ki, “Şərq” qəzetinin müxbiri Nilufər Həmidi Məhsa Əmininin keçindiyi xəstəxanadan geniş reportaj dərc edib və dərin sarsıntı keçirən ailənin şəkillərini paylaşıb.
“Həmmihan” qəzetinin müxbiri İlahə Məhəmmədi isə Məhsa Əmininin dəfnindən reportaj yayıb.
Məhsa Əmini doğulduğu Kürdüstan əyalətində torpağa tapşırılıb. Yas mərasimində İran rejimi əleyhinə şüarlar səsləndirilib. Bu zaman təhlükəsizlik qüvvələri mərasim iştirakçılarına hücum çəkib. Vəziyyət daha da gərginləşib, yasa gələn bəzi qadınlar etiraz əlaməti olaraq baş örtüklərini çıxarıblar.
“Vaşinqton Post” istər “Şərq”, istərsə də “Həmmihan”ın islahatçılara yaxın qəzetlər kimi tanındığını qeyd edir.
Nilufər Həmidi sentyabrın 22-də, İlahə Məhəmmədi sentyabrın 29-da tutulub. Onlar ABŞ-a casusluq etməkdə və xarici mediaya informasiya ötürməkdə ittiham olunurlar.
İran kəşfiyyatının bəyanatında iddia edilir ki, jurnalistlər reportajlarını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sifarişi ilə hazırlayıblar və bu işdə Britaniya, İsrail casuslarının da əli var.
“Vaşinqton Post” yazır ki, İran hakimiyyəti ölkədəki etirazların təməlini xarici dövlətlərin xüsusi xidmət orqanlarının qoyduğunu, kütləvi aksiyaların məhz onların fitvası ilə başlandığını təlqin etməyə çalışır.
İranda casusluğa görə ölüm cəzasının nəzərdə tutulduğunu yada salan “Vaşinqton Post” Tehranın rəsmən irəli sürdüyü iddiaların, ittihamların tam uydurma olduğunu yazır və bildirir ki, kimsə bu cəfəngiyata inanmamalıdır: “Xanım jurnalistlər sadəcə öz peşə borclarını yerinə yetiriblər. Əslində, Məhsa Əmininin ölüm xəbərini digərləri də yayıb. İran hakimiyyəti isə küçələri bürüyən etirazları Mərkəzi Kəşfiyyat İdarəsinin ayağına yazmaqla məşğuldur”.
“Vaşinqton Post”un redaksiya məqaləsində daha sonra bildirilir: “Məhsa Əmininin ölümündən altı həftə sonra Tehranda tələbələrlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Ertəsi gün isə hakimiyyət iğtişaşları alovlandırmaqda ittiham olunan 1000 nəfərlə bağlı açıq məhkəmə prosesi keçirmək niyyətini açıqlayıb. İranda etirazlar dalğasında azı 270 nəfər ölüb, 14 min nəfər həbs edilib.
Üsyankar nəsil İran hakimiyyətini bərk qorxuya salıb. Ölkə rəhbərliyi isə özünü elə aparmağa çalışır ki, guya problem yalnız jurnalistlərdə, Mərkəzi Kəşfiyyat İdarəsindədir. Əslində bu yolla hakimiyyət özünü dalana dirəyir. İğtişaşlara yalnız xalqa azadlıq verməklə son qoymaq mümkündür”.
Paylaş: