Qarabağda yenidən boy göstərməyə çalışan separatçıların bu iddianı ortaya atması “suda batanın saman çöpündən yapışmasına” bənzəyir
Ermənilər Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağın statusu ilə bağlı dediklərindən ciddi narahat olublar. Lavrov keçirdiyi mətbuat konfransında Ermənistan və Azərbaycan liderlərinin Fransa Prezidenti və Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə qəbul etdikləri 6 oktyabr 2022-ci il tarixli Praqa bəyanatını xatırladıb.
Orada bildirilir ki, BMT Nizamnaməsinə və 1991-ci ilin dekabrında qəbul edilən Almatı Bəyannaməsinə uyğun olaraq tanınan sərhədlər sülh müqaviləsi üçün əsas götürülməlidir. “Bəyannamədə deyilir ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini təşkil edir və sərhədlərin toxunulmazlığını təsdiq edir. İttifaq respublikaları arasında mövcud olan sərhədlər. O zaman Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində idi”, - deyə Lavrov bildirib. Bəziləri Lavrovun adını çəkməyə cəsarət etməsələr də, bu bəyanata etiraz ediblər. Ruben Vardanyan isə belə bir “cəsarət” göstərib: “Rusiya xarici işlər nazirinin bəyanatında müəyyən qeyri-müəyyənliklər var. Xüsusilə Almatı Bəyannaməsinin əsasını təşkil edən bəyanatda göstərilən MDB-nin yaradılması haqqında saziş Ermənistan Respublikasının Ali Soveti tərəfindən 1992-ci ilin fevralında qeyd-şərtlərlə təsdiq edilmişdir”, - deyə o bildirib.
Qarabağa yerləşmiş yeni erməni separatçısı Vardanyanın “qeyd-şərt” deyəndə nəyi nəzərdə tutduğu aydındır. Məsələ burasındadır ki, Ermənistanın o zamankı hakimiyyəti 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyarkən keçmiş Dağlıq Qarabağı mötərizə içərisində saxlayıb. İndi Vardanyan və Qarabağ separatçıları o köhnə iddialarını təkrarlayır: “SSRİ dağılanda Dağlıq Qarabağ artıq müstəqilliyini elan etmiş və Azərbaycandan ayrılmışdı”.
Məlumdur ki, o dövrdə sənədi Azərbaycan Prezidenti olan mərhum Ayaz Mütəllibov imzalayıb. Almatı Bəyannaməsində həmçinin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də tanınıb. Amma gərgin siyasi dövrə təsadüf edən Almatı sammitini o vaxtkı müxalifət dövlətçiliyə xəyanət kimi qiymətləndirdi və bu səbəbdən sənəd yalnız 1993-cü ilin 20 sentyabrında parlamentdə ratifikasiya edildi.
Vardanyan və bu iddianı irəli sürənlər “unudurlar” ki, Ermənistan Ali Sovetinin məlum qərarı SSRİ Ali Soveti tərəfindən etibarsız sayılaraq millətlərarası münaqişəni qızışdıran faktor kimi pislənmişdi. 1993-cü ildə isə BMT TŞ-nin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün 4 qətnaməsi vardı. 44 günlük müharibədə dünya birliyi də, ermənipərəst şarlatanlar da məhz ərazi bütövlüyümüzü bərpa etdiyimizə görə səslərini çıxara bilmədilər. Bəs Qarabağda yenidən boy göstərməyə çalışan ermənilərin həmin sənəddə mötərizədən yapışmasında məqsədləri nədir? Oktyabrın 6-da dördtərəfli görüşdən imzalanmış bəyanatda tərəflər suverenlik məsələsində “1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq etdilər” cümləsi məhz Paşinyanın israrı nəticəsində sənəddə əks olunub. Paşinyan bu qondarma və heç bir hüquqi əsası olmayan mötərizənin sonrakı danışıqlarda gündəmə gəlməsini bilərək bəyanata yazılmasını istəyibmi?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Ruben Vardanyanın nə deyib-deməməsi bizim üçün o qədər əhəmiyyətli və vacib deyil: “Onun siyasi ranqı Lavrova cavab verəcək səviyyədə ola bilməz. Bizim Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dünyaya sübut etmək ehtiyacımız yoxdur. Çünki zatən dünya birliyi Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq qəbul edib və edir. Bizə lazımdır ki, sülh sazişində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, ərazi iddiası olmadığını təsdiqləyən müddəalar olsun. Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu onsuz da bütün beynəlxalq sənədlərdə əksini tapıb. Yəni Azərbaycanın ərazi bütövlüyünü tanımaq o deməkdir ki, bu əraziyə Qarabağ da daxildir. 1991-ci il Almatı Bəyannaməsində ermənilərin mötərizədə və mötərizədən kənarda qeyd-şərt yazması heç nəyi dəyişmir və bizim üçün vacib deyil. Ermənilərin indi mötərizə söhbətini ortaya atması "suda batanın saman çöpündən yapışmasına" bənzəyir. Suda batanı isə saman çöpünün xilas etməsi mümkün deyil. Ermənistan birmənalı olaraq açıq şəkildə bəyan eləməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, ərazi iddialarına son qoyur. Almatı Bəyannaməsindən sonra da Ermənistan Azərbaycanın ərazilərini işğal edib, suverenliyini pozub. Əslində bununla Ermənistan Almatı Bəyannaməsindəki imzasına da hörmətsizlik edib. İndi isə özünün bir zamanlar pozduğu və heçə endirdiyi sənəddə hansısa mötərizədən yapışır. Bu, mənasız, heç bir təsiri olmayan məsələdir, qeyri-ciddi cəhddir".
Sabiq nazir hesab edir ki, Sergey Lavrovun yuxarıda haqqında söhbət gedən bəyanatındakı bəzi fikirlər əslində ermənilərin maraqlarına xidmət edir: “Sergey Lavrov da Nikol Paşinyanın tez-tez səsləndirdiyi MDB-yə üzv dövlətlərin bir-birinin ərazi bütövlüyünü hələ 1991-ci ildə qəbul edilən Almatı Bəyannaməsi ilə tanıdıqlarını, bununla da Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımış olduğu fikrini təkrarlayıb. Sözündən belə çıxır ki, Ermənistan Almatı Bəyannaməsinə imza atdığı üçün sanki bundan sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını imzalamağa ehtiyac qalmır. Biz isə yuxarıda dediyim kimi, bəyan edirik ki, Ermənistan həmin bəyannamədən sonra ərazilərimizi işğal edib, Azərbaycanın ərazi bütövlüyünü yenidən pozub və faktiki olaraq bu gün də Azərbaycana qarşı ərazi iddiasındadır. Ona görə də Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını sülh sazişində təsdiqləməlidir. Ermənistan bunu indi - məğlub olandan sonra yaranmış vəziyyətdə tanısın. Bizim qanuni tələbimiz budur. Hansısa bəyannamədə mötərizədə belə yazılıb, elə yazılıb söhbətlərini ortaya atmaqla heç nəyi dəyişmək mümkün deyil”.
Politoloq Qabil Hüseynli isə bildirdi ki, Ermənistan sülh sazişini imzalamamaq, məsələni məhz Rusiyanın da istəyinə uyğun olaraq mümkün olduğu qədər uzatmaq, qeyri-müəyyən durumda saxlamaq üçün ən müxtəlif bəhanələrə əl atır: “Bir tərəfdən deyirlər ki, 1991-ci ildə Almatı Bəyannaməsi ilə Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini tanıyıblar, indi də həmin sənədi imzalayarkən oraya hansısa mötərizədə "Qarabağ" qeyd şərtini daxil etdiklərini deyirlər. Ermənilər özləri də bilirlər ki, heç bir mənası, hüquqi təsiri olmayacaq bir söhbəti ortaya atıblar. Sadəcə olaraq, indi bir müddət bu mötərizə söhbətləri ilə vaxt uzatmaq məqsədi güdülür. Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dünyanın ən böyük təşkilatı BMT-dən tutmuş, bütün beynəlxalq təşkilatlar, dövlətlər tanıyıb və tanıyır. Ermənistan isə faktiki olaraq 30 ildən artıqdır Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyü və suverenliyini tanımır. Ölkənin ərazilərini işğal etmək, ərazisində “dövlət” elan etmək, ərazi iddialarını bu gün də davam etdirmək o deməkdir ki, Ermənistan Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü tanıdığını təsdiqləyən Almatı Bəyannaməsindən çıxıb. Ona görə də əslində həmin sənədə indi Ermənistanın istinad etməsi gülüncdür, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanımalıdır, ərazi iddialarından əl çəkməlidir. Ermənistan bilməlidir ki, məsələnin həlli hansısa mötərizəyə ümid etməkdən keçmir, məsələ sülh sazişi imzalamaq və separatizmə dəstəkdən imtina etməklə həllini tapmalıdır".
Etibar SEYİDAĞA
“Yeni Müsavat”
Paylaş: