Xəbər lenti
Dünən, 23:00
Dünən, 21:00
Dünən, 19:55
Dünən, 18:19
Dünən, 17:49
Dünən, 15:26
Dünən, 12:00
Dünən, 09:55
Dünən, 09:09
6-10-2024, 23:26
6-10-2024, 22:29
6-10-2024, 21:53
6-10-2024, 20:43
6-10-2024, 19:36
6-10-2024, 18:27
6-10-2024, 17:55
6-10-2024, 16:56
6-10-2024, 15:58
6-10-2024, 14:29
(Əvvəli: Ermənistanı ovcunda tutan zümrə: erməni oliqarxiya sistemi - ARAŞDIRMA)
Ermənistanı ovcunda tutan oliqarxiya - II Hissə)
Rusiyada yaşayan oliqarxlar
Samvel Karapetyan
Samvel Karapateyan Rusiyada yaşayan erməni oliqarxları arasında ən geniş biznes imkanlarına malik olan oliqarxdır və o “Taşir Qrup” konqlomeratının sahibidir. 1990-cı illərdə Rusiyaya köçmüş və 1999-cu ildə “Taşir Qrup”-u təsis etmişdir (Ermənistanın şimalındakı kiçik bir şəhər olan Taşirdə anadan olub böyüdüyü üçün bu adı seçmişdir). Forbes dərgisinin məlumatına əsasən onun varidatı təxminən 2,6 milyard dollar təşkil edir. Karapetyan 200-dən çox firmanı özündə birləşdirən “Taşir Qrup” vasitəsilə eyni zamanda Rusiyada kommersiya bankına və onlarla ticarət mərkəzinə, ofis binalarına, otellərə və restoranlara sahibdir. Rusiyanın siyasi elitası ilə güclü əlaqələrə malikdir. Xüsusilə də indiki Moskva meri Sergey Sobyanin ilə yaxın münasibətlərə malik olduğu məlumdur. Onun qardaşı Karen Karapetyan Ermənistan parlamentinin deputatı olmuşdur.
2011-ci ildə Ermənistan prezidenti Karapetyanı milli mənafelərin təbliğinə, uzunmüddətli və səmərəli ermənipərəst fəaliyyətinə və Ermənistan Respublikasının inkişafında xidmətlərə görə “Mesrop Maştots” medalı ilə təltif etmişdir. 2018-ci ildə Ermənistan mətbuatında Karapetyanın siyasi partiya yaratması barədə iddialar yayılsa da o, bunu inkar etmiş və Ermənistanda siyasi ambisiyalarının olmadığını, öz biznesi ilə məşğul olmağa və mədəniyyət, təhsil, idman və digər sahələrdə bir sıra xeyriyyə layihələrini həyata keçirməyə davam edəcəyini bildirmişdir. Bir neçə il əvvələ qədər Karapetyanın Ermənistandakı və Qarabağdakı fəaliyyətləri xeyriyyəçiliklə məhdudlaşmışdır. Xüsusilə, Xankəndində yeni bir xəstəxananın inşasına 22 milyon dollar ayırmışdır. 2015-ci ildə Ermənistanın elektrik paylama şəbəkəsi Rusiyanın nəhəng dövlətə məxsus şirkəti İnter RAO-dan alınaraq “Taşir Qrup”a verilmişdir. 2017-ci ilin avqustunda Ermənistan hökuməti milli elektrik ötürücü şirkətinin də ən azı beş il müddətinə “Taşir Qrup” tərəfindən idarə ediləcəyini elan etmişdir.
Bundan başqa Karapetyan 2017-ci ilin əvvəlində qurduğu Ermənistanın İnvestorlar Klubu adlı investisiya fondu vasitəsi ilə iki böyük Su Elektrik Stansiyası və bir tullantılardan enerji alınmasına imkan verən qurğunu inşa etməyi planlaşdırır. Qeyd edilən bu layihələrin ümumi dəyəri təqribən 470 milyon dollardır. Ümumilikdə, fond öz tərəfdaşları ilə birlikdə 1,1 milyard dollardan çox dəyəri olan erməni layihələrinə investisiya yatırmağı planlaşdırır. Onu da qeyd etmək yerinə düşər ki, Samvel Karapetyan Sevan-Razdan kaskadını Rusiyanın RusHydro şirkətinin törəmə şirkəti olan HydroInvest-dən 2.71 milyon dollara almışdır və şirkətin 55 milyon dollar borcunu ödəməyi də öz üzərinə götürmüşdür.
Karapetyan xeyriyyəçilik fəaliyyətini son illərdə də davam etdirməkdədir. Belə ki, o 2019-cu ildə “Hayastan” Ümumerməni Fondu üçün keçirilmiş telemarafonda Karapetyan 1,5 milyon dollar dəyərində ən böyük yardımı etmişdir. Bununla da onun o vaxta qədər fonda etdiyi maliyyə dəstəyinin ümumi həcmi təxminən 25 milyon dollara çatmışdır.
Ermənistandakı siyasi hakimiyyət ilə əlaqələrinə gəldikdə isə Karapateyan 2020-ci ildə Robert Köçəryanın həbsdən azad edilməsi üçün ödənilməli olan girovun bir hissəsini ödəmişdir. Buna baxmayaraq onun hazırkı hakimiyyət ilə münasibətləri yaxşıdır və onun Ermənistanda həyata keçirdiyi layihələr müsbət qarşılanır. Özünün isə şəxsən siyasətə qoşulmaq marağı yoxdur və bizneslə məşğul olmağı üstün tutur. O bunu 2021-ci ilin sentyabr ayında Sputnik Ermənistana verdiyi müsahibəsində qeyd etmişdir.
Onu da qeyd etmək yerinə düşər ki, 2021-ci ildə Azərbaycanın Baş Prokurorluğu üç erməni əsilli iş adamını, o cümlədən Samvel Karapetyanı beynəlxalq axtarışa verib. O, Ermənistan vasitəsilə Qarabağ bölgəsinə 2001-2021-ci illərdə qanunsuz silah daşınmasında günahlandırılır. O 44-günlük müharibə dövründə də Erməni hərbçilərinin silahla və hərbi avadanlıqlar ilə təchiz edilməsində iştirak etmişdir.
Sergey və Nikolay Sarkisov qardaşları
“Reso-Garantia” şirkətinin 63%-inə sahib olan erməni əsilli Sergey və Nikolay Sarkisov qardaşları Rusiyanın ən zəngin ailələrindən hesab olunur. Forbes jurnalına görə, onların varidatı 2 milyard dollardan artıqdır. “Reso-Garantia” 1991-ci ildə yaradılıb və uzun illərdir ki, Rusiya sığorta bazarında aparıcı oyunçudur. 2019-cu ilin yekun göstəricilərinə əsasən, şirkət Rusiyada vətəndaşların əmlak sığortası üzrə bazarında 6-cı, Kasko sığortası bazarında isə 2-ci ən böyük şirkət olmuşdur.
Qardaşların biznes fəaliyyəti əsasən Moskva ilə bağlı olsa da, son bir neçə il ərzində əsasən Los-Ancelesdə məskunlaşmışdır. Sarkisov qardaşları 2017-ci ildə Los-Ancelesdə yerləşən Beverly Hills ərazisində 16 milyon dollarlıq mülk alması ilə gündəmə gəlmişdir. Rusiya vətəndaşı olan və erməni dilini bilməyən Sergey Sarkisov 2018-ci il sentyabrın 6-a qədər Ermənistanın Los- Ancelesdəki konsulu olmuşdur. Nikolay Sarkisov isə 2013-cü ildə Ermənistanın Londonda baş konsulu təyin edilmişdir. Bundan bir il əvvəl, 2012-ci ilin noyabr ayında isə Sarkisov “Hayastan” Ümumerməni Fondu üçün 21.5 milyon dollar toplanılan bir telemarafonda 4 milyon dollar yardım etmişdir. Bu vəsait Ermənistanda və işğal dövründə Qarabağdakı qanunsuz tikinti işləri və sosial layihələr üçün istifadə edilmişdir.
2020-ci ildə Sergey Sarkisovun dəstəyi ilə istehsal edilən “Aramızdakı Nifrət” (“Hate Among Us”) adlı film Emmy mükafatına layiq görülmüşdür. O həm də filmin produserlərindən biridir. Sarkisovla yanaşı David McKenzie, Dean Cain, Montel Villiams da filmin ərsəyə gəlməsində iştirak etmişdir. Film Adolf Hitlerdən başlamış günümüzə, Avropadan ABŞ-a qədər bütün dünyada yəhudi inancının üzvlərinə qarşı nifrət cinayətlərinin mənşəyini göstərməyə çalışır və bunu bütün dinlərə mənsub şəxslərin nəzərindən izah edir. 2017-ci ildə David McKenzie, Dean Cain, Montel Williams və Sergey Sarkisov həm də “Architects of Denial” adlı “Erməni Soyqırımı” haqqında film çəkiblər.
Sergey Sarkisov, 2020-ci ilin avqustunda bütün Azərbaycan vətəndaşlarına Moskvada ermənilərlə Azərbaycanlılar arasında baş verən toqquşmalar nəticəsində dəymiş ziyana görə kompensasiya ödəməyə hazır olduğunu bildirmişdir. Ermənistanda iş adamının barışıq çağırışı xoş niyyəttli jesti kimi deyil, praqmatik addım kimi qəbul edilmişdir. Hesab edilir ki, Sarkisov bu addımı ilə Azərbaycanlı tərəfdaşları ilə münasibətləri bərpa etməyə və biznesini davam etdirməyə çalışmışdır.
Danil Xaçaturov
Danil Xaçaturov 1971-ci ildə Moskva şəhərində anadan olmuşdur və Rusiyanın sığorta və maliyyə maqnatlarından biridir. Danil Xaçaturov və onun qardaşı Sergey Xaçaturov birlikdə Rusiyanın ən böyük sığorta şirkətlərindən biri olan “Rosgosstrakh”, “Russ-Bank” və “City” əmanət və kredit assossasiyasının sahibi olmuşdur. Danil daha əvvəl “BIN Bank”-da və sonradan milyarder Mixail Qutseriyevin rəhbərlik etdiyi “Slavneft” neft şirkətində rəhbər vəzifələrdə işləmişdir. O və tərəfdaşları 2001-2003-cü illər ərzində hökumətdən o zaman müflis olan “Rosgosstrakh”ın 75%-ni 60 milyon dollara almışdır. 2010-cu ildə Danil və tərəfdaşları “Rosgosstrakh”ın qalan 25%-ni də almışdır. Bu şirkət SSR-də yeganə pərakəndə sığorta şirkəti olan “Gosstrax”ın varisi idi və uzun illər təxminən 3 milyard dollar illik gəlir ilə Rusiyadakı ən böyük sığorta şirkəti olmuşdur. Hazırda Rusiyanın sığorta bazarında SOGAZ-dan sonra ikinci ən böyük şirkətdir. Şirkətin Rusiyada 25 milyon özəl, 250 min korporativ müştərisi, 3 min regional ofisi və 400 müştəri mərkəzləri vardır. Şirkətin təklif etdiyi sığorta məhsullarına avtosığortadan tutmuş ev heyvanlarının və kosmik vasitələrin sığortasına qədər 50-dən çox müxtəlif növ məhsullar daxildir. 2017-ci ildə isə şirkət “Otkritie FC” Bank Qrupuna daxil edilmiş və dövlətin mülkiyyətinə keçmişdir.
2018-ci ildə Moskva məhkəməsi “Rosgosstrakh”ın keçmiş icraçı direktoru Danilin qardaşı Sergey Xaçaturovu 2017-ci ildə baş vermiş əməliyyatlar zamanı 107 milyon dollar (8 milyard rubl) mənimsəməkdə ittiham edərək 8 il müddətinə azadlıqdan məhrum etmişdir. Danil Xaçaturov 2020-ci ildə Kaliforniya ştatında yerləşən Beverly Hills ərazisində 35 milyon dollar dəyərində olan meqa villa alması ilə gündəmə gəlmişdir. Forbes jurnalının Danil Xaçaturov haqqında mövcud olan 2017-ci ilə aid ən son məlumatında onun varidatı 2 milyard dollar səviyyəsində göstərilmişdir. Ən yüksək həddi isə 2014-cü ildə olmuşdur (2.6 milyard dollar). Danil Xaçaturov 2018-ci ildə əvvəlki Trump administrasiyası tərəfindən Vladimir Putinlə yaxın münasibətdə olan 96 milyarder rus oliqarxları siyahısına salınmışdır.
Danil Xaçaturov Ermənistanda da biznes fəaliyyəti həyata keçirməkdədir və buna görə də Ermənistanın iqtisadi sektorunda nüfuza malikdir. Rosgosstrakhın Ermənistan bölməsi olan “RGS-Ermənsitan” (РГС-Армения) Danilin Rosgosstrakhın rəhbəri olduğu dövrdə açılmışdır və Ermənistanın sığorta bazarında ən böyük şirkətlərdən biri olmaqda davam edir. Rosgosstrakhın satışından sonra RGS-Ermənsitan da Sirmakes Menecment limited (Cimarex Management Limited) şirkəti tərəfindən alınmışdır və Danil RGS-Ermənsitanın idarə heyətinin üzvü kimi fəaliyyətini davam etdirir.
Sergey Qalitski (Arutyunyan)
Sergey Qalitski 14 avqust 1967-ci ildə Rusiyanın cənubunda yerləşən Soçi şəhərində doğulmuşdur. Onun anası rus, atası isə ermənidir. Daha sonra həyat yoldaşının soyadını qəbul etmişdir. Qalitski Rusiyada doğulub böyüdüyü üçün erməni dilində danışa bilməsə də erməni əsilli olması ilə fəxr etdiyini bildirmişdir. O biznes fəaliyyətinə 1994-cü ildə ətir və gözəllik üçün ləvazimatların topdan satışı ilə başlamışdır. Amerikanın məhşur supermarket şəbəkəsi Wall-Mart-ın pərəstişkarı olan Qalitski bundan həvəslənərək 1998-ci ildə Rusiyada ilk ərzaq mağazasını açmış və “Həmişə aşağı qiymətlər” şüarı ilə reklam etmişdir. Şirkətin səhmlərinin açıq bazarda satışı isə 2006-cı ildən başlamışdır. Qalitski Rusiyanın ən böyük pərakəndə satış şirkəti olan Maqnit şirkətinin yaradıcısı (15 mindən çox mağazası və 200 mindən çox işşisi olan ən böyük supermarket şəbəkələrindən biridir) və şərikidir. Qalitski 2018-ci ilin fevral ayında şirkətdəki hissələrinin 29.1%-ni 2,4 milyard dollara VTB dövlət bankına satanadək Maqnit şirkətinin direktoru olmuşdur. Hazırda o şirkətin cəmi 3% səhmlərinə sahibdir.
Daha sonra Qalitski SN Kapital (СН Капитал) investisiya fondunu yaratmışdır və Maqnit şirkətində hissələrinin satışı nəticəsində əldə etdiyi vəsaitin böyük hissəsini bu fondda saxlayır. Fondda olan vəsaitlərin ümumi həcmi 1.83 milyard dollardır (138 milyard rubl). Fond müxtəlif növ maliyyə xidmətlərinin göstərilməsi, ticarət, daşınmaz əmlak əməliyyatları ilə məşğul olur. Qalitski həm də 2008-ci ildə yaradılmış Krasnodar futbol klubunun və futbol akademiyasının prezidentidir. O Maqnit şirkətindən ayrıldıqdan sonra bütün diqqətinin futbol sahəsinə ayırmışdır. Qalitski komandanın yeni stadionunun tikintisi üçün 460 milyon dollar sərmaye yatırmışdır. Eyni zamanda stadionunun yaxınlığındakı parka üçün 70 milyon dollar xərcləmişdir.
Siyasi fəaliyyətə gəldikdə isə Qalitski demək olar ki, bu istiqamətdə işləməmişdir. Gəzən şayələrə görə o, Krasnodarın qubernatoru olmaq üçün namizədliyini irəli sürmək fikrində olsa da sonradan fikrini dəyişmişdir və siyasətə qarışmaq istəmir. 2018-ci il yanvarın 30-da ABŞ-ın Maliyyə Nazirliyinin Konqresə təqdim etdiyi “Kreml məruzəsi”ndə Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərləri və 96 oliqarx arasında Sergey Qalitski də yer almışdır. Forbes jurnalının məlumatına əsasən, hazırda onun varidatı 3,5 milyard dollar təşkil edir. 2021-ci ilin sentyabr ayında Qalitski xəstə olduğunu və əvvəlki qədər aktiv şəkildə işləyə bilmədiyini elan etmişdir. 44-Günlük Müharibə dövründə onun Ermənistana yardım etməsi haqqında mediyada bəzi məlumatlar yer alsa da, çox yayılmamışdır. Ümumilikdə, Qalitski siyasətdən uzaq durmağa çalışan bir fiqurdur.
Ruben Vardanyan
1968-ci ildə Yerevanda anadan olmuş Erməni əsilli rusiyalı sahibkar Ruben Vardanyan Skolkovo Moskva İdarəetmə Məktəbinin yaradılmasının təşəbbüskarı və həmtəsisçisidir. Məktəb 2006-ci ildə yarandıqdan sonra 2010-cu ilə qədər məktəbin prezidenti olmuşdur. O biznes fəaliyyətinə 1991-ci ildə Amerikalı tərəfdaşı Piter Derbi ilə birlikdə “Troika Dialoq” brokerini yaratmaqla başlamışdır. Sonradan “Troika Dialoq” Rusiyanın ən böyük özəl investisiya bankına çevrilmişdir. 2011-ci ildə Vardanyan və tərəfdaşları “Troika Dialoq”u 1,4 milyard dollara “Sberbank”a satmışdır. Bundan sonra o, varlı insanların aktivlərini idarə edən “Vardanyan, Broitman və Partners” investisiya şirkətini yaratmışdır. O həm də “Kamaz” şirkətinin və “Ameriabank”-ın idarə heyətində yer almışdır. Forbes jurnalının məlumatlarına əsasən, 2020-ci ildə Vardanyanın varidatı 1 milyard dollar təşkil etmişdir. 2020-ci ildə Rusiyanın 103-cü ən varlı adamı olmuşdur.
Rusiyada yaşamasına baxmayaraq Vardanyan Ermənistanda həyata keçirilən xeyriyyə layihələrində aktiv şəkildə iştirak edir və bu istiqamətdə milyonlarla dollar xərcləmişdir. 2013-cü ildə Ruben Vardanyan biznes tərəfdaşı Veronika Zonabend ilə birlikdə Ermənistanın Dilican şəhərində istedadlı gənclər üçün (16-19 yaş) “UWC Dilican Kolleci” adlı beynəlxalq internat məktəbini yaratmışdır. Bu kollec dünyada mövcud olan 18 Birləşmiş Dünya Kolleclərindən (UWC) biridir və burada iki illik universitetə hazırlıq proqramı təklif edilir. 2014-cü ildən indiyədək 105 ölkədən 400-dən çox tələbə bu kollecdən məzunu olmuşdur. 2015-ci ildə isə Ruben Vardanyan Erməni Soyqırımından sağ qalanların xatirəsinə həsr edilmiş qlobal layihəni “Aurora Humanitar” təşəbbüsünün əsasını qoymuşdur.
Vardanyan həm də Rusiyada xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuşdur. 2014-cü ildə o “Philin-Xeyriyyəçi İnfrastruktur” layihəsini yaratmışdır və layihə müxtəlif fondlara və təşkilatlara xeyriyyəçilik layihələrinin icrası üçün öz xidmətlərini təklif etmişdir. Yarandığı dövrdən bəri Philin 100-dən çox Rusiya təşkilatına dəstək vermiş və onlardan 30-unun yaradılmasında birbaşa iştirak etmişdir. 2020-ci ildə Philin şirkəti Philqud (Philgood) şirkətləri birləşdirilmiş və Ruben Vardanyan idarə heyətinin sədri seçilmişdir. Vardanyan eyni zamanda öz tərəfdaşları ilə birlikdə Finiks Advayzers (Phoenix Advisors) şirkətini də yaratmışdır. Şirkət varlı ailələr üçün ailə kapitalının idarə edilməsi və varislik planının hazırlanması üzrə xidmətlər təklif edir. Bundan başqa 2018-ci ildə Vardanyan ƏDV-nin qaytarılması sistemi operatoru olan “Global Blue” şirkəti ilə birlikdə “Global Blue Russia” şirkətini yaratmışdır. Şirkət Rusiyaya gələn turistlər üçün (Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin vətəndaşları istisna olmaqla) ƏDV-nin geri qaytarılması imkanı yaradır.
Ruben Vardanyanın biznesmen kimi müsbət imicinin olmasına baxmayaraq, 4 Mart 2019- cu ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsya Hesabatı Layihəsi (OCCRP) tərəfindən dərc edilən və “Troyka Landromat”ı adlanan hesabatda onun adı çirkli pulların yuyulması, gizli investisiya sxemləri vasitəsilə vergidən yayınma və digər bu kimi işlərdə hallanmışdır. Hesabatda yer alan iddialara əsasən Vardanyan Troyka Dialoq adlı ofşor şəbəkə vasitəsilə ölkədən 4.6 milyard dollar vəsaiti qanunsuz olaraq çıxartmışdır.
Vardanyan Ermənistanda siyasi sahədə təsirlərə malik olan biznesmen olsa da indiyədək birbaşa siyasi fəaliyyət ilə məşğul olmamışdır. Lakin, 2021-ci ilin noyabr ayında o müsahibələrində siyasi karyeraya başlamaq niyyətində olduğunu bildirmişdir. O hətta Ermənistanın prezidenti olmaq haqqında düşündüyünü də dilə gətirmişdir. O həm də qeyd etmişdir ki, öz xalqı üçün istənilən işdə işləməyə hazırdır. Rusiya və Ermənistan mediyasında Vardanyanın Rusiya tərəfindən dəstəkləndiyi və Rusiyanın Ermənistanda növbəti prezident kimi onu görmək istədiyi haqqında məlumatlar yayılmaqdadır.
(ardı var)
Nağı Əhmədov,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar