Xəbər lenti

Böyük Britaniyanın “Financial Times” qəzeti adlarını gizli saxladığı Çin rəsmilərinə istinadla məlumat yayaraq bildirib ki, Çin öz xarici siyasətində dəyişiklik etməyi, Rusiyadan mümkün qədər uzaq durmağı planlaşdırır. Səbəb Ukraynada apardığı qanlı müharibəyə görə Rusiya iqtisadiyyatının xeyli zəifləməsi, ölkənin siyasi nüfuzunun aşağı düşməsi və prezident Vladimir Putinin devrilmə ehtimalının yaranmasıdır.

Novator.az bildirir ki, “Financial Times” qəzetindəki yazı “Si Cinpinin ölkə iqtisadiyyatını yeniləmək və dostları geri qaytarmaq planı” başlığı ilə verilib. “Dostları geri qaytarmaq” dedikdə başda ABŞ olmaqla Qərb dövlətləri nəzərdə tutulur.

Məqalədə vurğulanır ki, 2022-ci il dekabrın sonunda Çin Xalq Respublikasının sədri Si Cinpinin Rusiya prezidenti Vladimir Putinlə video formatlı görüşündə ikitərəfli əlaqələri gücləndirmək barədə razılığa gəlinsə də, Çinin hakim Kommunist Partiyasının ən yüksək eşelonlarında Rusiya liderinə etimadsızlıq hökm sürür və bu etimadsızlıq gündən-günə güclənir.

Çinli rəsmilərdən biri “Financial Times”a deyib ki, Ukraynaya hücum Moskvadakı bir qrup adamın qərarı əsasında gerçəkləşib, böyük əksəriyyət bu qərarı dəstəkləmir: “Ona görə Çin Rusiyanın arxasına düşüb getməməlidir. Putin ağlını itirib”.

Rusiya Ukraynaya qarşı son total hərbi təcavüzə 2022-ci ilin fevral ayının 24-dən başlayıb. Belə bir fikir var ki, Çin Rusiyanın hərbi planlarından əvvəlcədən xəbərdar olub və hətta buna razılıq da verib. “Financial Times” qəzetinə danışan çinli rəsmilər isə deyiblər ki, əslində məsələ başqa cürdür. Onların sözlərinə görə, Çin Rusiyanın çox kiçikmiqyaslı hərbi əməliyyatlar keçirəcəyini gözləyirmiş və Moskvanın total müharibə planlaşdırdığını bilmirmiş.

Nəşrə ötürülən məlumata görə, 2022-ci il fevralın 4-də keçirdikləri görüşdə Putin Çinpinə deyibmiş ki, Ukraynanın şərqində “separatçılar” Rusiya ərazisinə hücum edərsə və humanitar fəlakət yaranarsa, Moskva sərt cavab tədbirinə əl atacağını istisna etmir.

İddialara görə, Pekin Putinin planları barədə dəqiq məlumat ala bilmədiyi üçün total Rusiya-Ukrayna müharibəsinə hazırlıqsız olub və Rusiya üzrə məsələləri kurasiya edən Çin xarici işlər nazirinin müavini Le Yuçenin vəzifədən çıxarılmasının da kökündə bu durub.

Çinli rəsmilər vurğulayıblar ki, Kremlin Ukrayna planı iflasa məhkumdur və Rusiya bu müharibədən “kiçik güc” kimi çıxacaq.

Ancaq adları açıqlanmayan müsahiblər onu da bildiriblər ki, qısamüddətli perspektivdə Pekin Kremllə yaxşı münasibətlərindən bir çox şey qazana da bilər. Məsələn, Cinpin Putinlə yaxınlığından Qərblə münasibətlərində faydalı vasitə kimi istifadə edə bilər. Çinli rəsmilərin dediyinə görə, Çin Ukraynanın müharibədən sonrakı bərpası prosesindən də yararlana biləcəyinə ümid edir.

1953-cü il təvəllüdlü Si Cinpin 2012, 2017 və 2022-ci illərdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, 2013 və 2018-ci illərdə Çin Xalq Respublikasının sədri – dövlət başçısı seçilib.

Kommunist Partiyası Çində yeganə partiyadır, ölkənin idarəçiliyinə məsuldur.

1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.

Vladimir Putin 2008-ci ilin may ayından yenidən Rusiyanın baş naziri olub. 2012 və 2018-ci illərdə isə yenə prezident seçilib. Onun növbəti iki prezident seçkisinə də qatılmaq, 2036-cı ilə qədər postda qalmaq hüququ var.

Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım yarımadasını zəbt edib, martda onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib.

Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.

Sentyabrın 23-dən 27-dək dörd işğalçı rejimdə Rusiyaya birləşmək “referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər.

Rusiya prezidenti sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyan fərmanlar imzalayıb.

Sentyabrın 30-u Moskvada dörd bölgənin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan müqavilələr imzalanıb. İlhaq sənədlərini Rusiya prezidenti ilə saxta rejimlərin rəhbərləri qollayıb. Müqavilələr oktyabrın 5-də tam qüvvəyə minib.

2022-ci ilin sonlarına yaxın Ukrayna hərbçiləri fəal əks-hücum əməliyyatlarına başlayıb. Əks-hücumun əsas istiqamətlərindən biri Xeson vilayəti olub. Noyabrın 11-də martın 3-dən işğal altında olan Xerson şəhəri azad edilib.

2014-2022-ci illərdə təcavüzə görə dünya birliyi Rusiyaya 13 mindən çox sanksiya tətbiq edib.

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.




Ana səhifəyə qayıt        Baxış: 3 406          Tarix: 12-01-2023, 16:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma