Faktiki olaraq Nikol Paşinyan dünənki çıxışında Azərbaycan üçün prinsipial olan bəzi məsələləri təsdiqlədi. Yəni Paşinyan bu dəfə yalnız 86,6 min kvadrat kilometri qeyd etməklə kifayətlənmədi, Qarabağın da ölkəmizin ərazisi olduğunu elan etdi. Paşinyan əslində bununla “Qarabağ Azərbaycandır” dedi.
Bu sözləri Axar.az-a açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın dünən mediaya verdiyi müsahibə haqda danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.
“Sülh müqaviləsinin imzalanmasına gəldiksə isə Paşinyan öncə millət vəkillərinə, sonra da jurnalistlərə başa salmağa çalışdı ki, onlar üçün əsas məsələ nə Qarabağ, nə də orada yaşayan ermənilər yox, Ermənistanın Cənubi Qafqazda dövlət kimi qalmasıdır. Çünki hazırki proseslərdə onların taleyi həll olunur. Biz Vaşinqton, sonra isə Brüssel görüşlərinin sülh danışıqlarına təkan verdiyini görürük. Rusiyanın da narazılığı onu göstərir ki, prinsipial məsələlərdə razılığın əldə olunmasında və yekun sülh müqaviləsinin imzalanmasında əsas əngəl Moskvadır. Paşinyanın KTMT üzvlüyünün dayandırılması ehtimalı haqqında verdiyi açıqlama da təsadüf deyil. Baş nazir təşkilatın fəaliyyətini mənfi qiymətləndirdi, Moskvanın İrəvanı Qərblə münasibətlərə görə ittiham etməsini mənasız adlandırdı, üstəlik, Qarabağda müvəqqəti fəaliyyət göstərən rus sülhməramlıların fəaliyyətinin uğurlu olmadığını qeyd etdi. Əslində bəhs etdiyimiz çıxışın böyük hissəsi Moskvaya ittihamlarla bağlıdır. Ələlxüsus bu bəyanatların 25 may Moskva görüşündən əvvəl verilməsi Paşinyanın artıq açıq şəkildə ölkəsi üçün Qərb istiqamətini seçdiyini elan etməsi deməkdir. Sözügedən ultimativ çıxış indidən Moskva görüşünün səmərəli olacağına şübhə yaradır”, - o bildirib.
Rizvan Hüseynov sərhədlərin dəqiqləşdirilməsi məsələsində Ermənistanın yox, Azərbaycanın qərar və mövqeyinin həlledici olacağını vurğulayıb:
“Delimitasiya və demarkasiyanın SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1975-ci il tarixdə hazırladığı xəritələr əsasında aparılması qərarını Ermənistan özbaşına verə bilməz. Burada prinsipial qərarı Bakı qəbul edə, İrəvan isə hansısa təklifləri verə bilər. Paşinyanın vurğuladığı 1975-ci il xəritəsində Azərbaycanın xeyrinə və zərərinə olan məsələlər mövcuddur. Bəhs olunan xəritədə 80-ci illərin ortalarında Ermənistana Qazax istiqamətində otlaq sahəsi kimi verilən torpaqların ölkəmizin ərazisi olduğu öz əksini tapıb. Yəni xəritə Tovuz-Qazax istiqamətində bizim üçün faydalı, Zəngilan, Zəngəzur və Naxçıvan istiqamətində isə zərərimizədir. Ancaq rəsmi İrəvan nə deyir desin, bunu nə Ermənistan, nə də onun havadarları verəcək. Qərarı Azərbaycan qəbul edəcək və onlar da bizim haqlı mövqeyimizlə razılaşmalı olacaqlar”.
Paylaş: