Xəbər lenti

Azərbaycan müdafiə nazirinin birinci müavini, Ordunun Baş Qərargah rəisi Kərim Vəliyevin Pakistana səfəri iki ölkə arasındakı strateji əməkdaşlığı, müdafiə və təhlükəsizlik sahəsindəki birgə öhdəlikləri nümayiş etdirir.

Pakistanda hazırda siyasi cəhətdən qeyri-sabitlik hökm sürür, bu, istər-istəməz dövlətin xarici siyasətdəki istiqamətlərinin ləng tempdə getməsinə səbəb olur.

Pakistan, təbii ki, Azərbaycanla münasibətlərin forma və məzmununu dəyişməyib, rəsmi İslamabad üçün Bakının maraqları önəm daşımaqda davam edir.

Amma Pakistanda stabilliyin siyasi çalarlarının pozulmasından dolayı onun Azərbaycanla prioritetlərinin praktiki tərəflərində axsama müşahidə olunur.

Belə nisbi durğunluq nə Azərbaycan, nə də Pakistan üçün uyğundur, buna görə də həm Bakı, həm də İslamabad qlobal xəritələrin dəyişdirilməsinə cəhdlər fonunda regional maraqlarını qarşılıqlı əməkdaşlıqla təmin etməlidirlər.

Nüvə dövləti olan Pakistan bilir ki, Ermənistanı Azərbaycana qarşı ayaqlandırmaqda həvəskar olan Hindistan Cənubi Qafqaz lövhəsinə sancılmaq istəyir, bu mənada Bakı ilə strateji məsləhətləşmələr lazımdır.

Bakı-İslamabad arasındakı əməkdaşlıq müstəvisində hərbi komponentlərin üstünlük təşkil etdiyini nəzərə alsaq, Kərim Vəliyevin Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Munirin dəvəti ilə bu ölkəyə getməsi maraq doğurur.

Məntiq deyir ki, Pakistan Azərbaycanla münasibətlərdəki yaranan durğunluqları aradan qaldırıb canlandırmaq üçün yeni təmaslara ehtiyac duyur.

Azərbaycanın da Pakistandan gözləntisi var, buraya, əsasən, bəzi silahların idxalı ilə bağlı məsələlər daxildir.

Kərim Vəliyevin səfər zamanı Pakistanın müdafiə sənayesi sahəsində ixtisaslaşan və hərbi təyinatlı məhsulların ən iri istehsalçılarından olan Qlobal Sənaye və Müdafiə Həlləri Təşkilatının qərargahında görüş keçirməsi də yeni partiya silahların idxalı üçün danışıqlar kimi dərk edilə bilər.

Başqa bir məsələ Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli hərbi təlimlərinin növbəti mərhələləri ilə əlaqədardır, yeni təlimlər üçün onun proqramı tərtib edilməlidir.

Kərim Vəliyevin Pakistan qrafikinin konfidensial tərəflərini izah edərkən ikitərəfli və üçtərəfli (Azərbaycan, Türkiyə, Pakistan) fəaliyyətlərin antiterror fəaliyyətləri ilə əlaqələndirilməsi mövzusuna fikir vermək lazımdır.

Pakistan və Türkiyə terrordan əziyyət çəkən ölkələrdir, Azərbaycan isə Cənubi Qafqazda yaratdığı reallıqlar fonunda müxtəlif təhdidlərlə qarşılaşır.

Hər üç ölkə təhdidləri üçtərəfli təhlükəsizlik çətiri altında birləşdirir, bu, Yaxın Şərqdən Cənubi Qafqaza qədər uzanan coğrafiyada onların maraqlarına ziyan vuracaq mənbələrin zərərsizləşdirilməsi üçün lazımdır.

Kərim Vəliyevin səfərindən sonra üç ölkənin strateji maraqlarına zidd fəaliyyətlərə qarşı mübarizə aparmaq üçün ardıcıl strategiya hazırlanacağı gözləniləndir.

Başqa bir proqnoz Azərbaycanın Pakistandan yeni silahlar ala biləcəyi ilə əlaqədardır, bu, İslamabad üçün də vacibdir. Həm də ona görə ki, Pakistan iqtisadiyyatında problemlər meydana gəlib və itkilərin bərpası üçün silah ixracı gücləndirilməlidir. 

Oxu.az

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 4 940          Tarix: 26-05-2023, 13:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma