Xəbər lenti

Ukrayna Silahlı Qüvvələri təxminən iki həftədir ki, ölkənin cənubunda və şərqində aktiv döyüşlər aparır. Eyni zamanda, Qərb hələ də Ukraynaya vəd etdiyi “F-16” qırıcılarını təhvil verməyib. Lakin hücum əməliyyatı təkcə quru əməliyyatlarını deyil, həm də hava əməliyyatlarını nəzərdə tutur.

Bununla bağlı vəziyyəti ukraynalı general-leytenant, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini (2006-10) İqor Romanenko Oxu.Az-a şərh edib.

O, hava dəstəyinin olmamasının hərbi əməliyyatlara təsir etdiyini bildirib.

“Həm ABŞ, həm də NATO-nun doktrinalarına görə, hücum və ya əks-hücum əməliyyatları, hava üstünlüyü əldə olunarsa, həyata keçirilə bilər. Bizdə isə bu yoxdur”, - deyə general qeyd edib.

O, həmçinin vurğulayıb ki, hərbi əməliyyatların keçmiş mərhələləri Rusiya qoşunlarının raket, aviasiya, artilleriya silahları və canlı qüvvədə kəmiyyət üstünlüyünə malik olduğunu göstərib.

“Biz ilyarımdır ki, Ukrayna Silahlı Qüvvələrinin peşəkarlığı və Qərbdən gələn silahların (tədarük həcmi yetərli olmasa da) yüksək keyfiyyəti sayəsində mübarizə aparırıq. Hər şey gecikmə ilə edilir. Bu yanaşmaya görə hərbçilərimiz ölürlər. İndi məsələ təkcə ABŞ-nin “F-16”larında deyil, digər növ təyyarələrdə də aktualdır. Avropa ölkələri də bunda iştirak etmək istəyirlər.

“Gripen” İsveç qırıcılarının, Avstraliyadan (baxmayaraq ki, ABŞ təyyarələridir) “Hornet” , Avropadan “Eurofighter”, “Mirage”, “Tornado” və sairin çatdırılması müzakirə edilir. Onlar bizə altı aydan sonra deyil, indi lazımdır. Axı işğalın hər günü bizim üçün ağır nəticələrə çevrilir”, - deyə general Romanenko vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 4 390          Tarix: 26-06-2023, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma