Xəbər lenti

Konqresə Azərbaycan əleyhinə qanun layihəsini təqdim edən Menendezin korrupsiya əməlləri ifşa edildi və xain projesi batdı; Adam Şiff və digərlərini də oxşar aqibət gözləyir - partiya sədri: “Bununla da onun çıxışları kəsərini itirib”


ABŞ Konqresinə yenə Azərbaycan əleyhinə qanun layihəsini təqdim edilib. “Yeni Müsavat” xəbər verir ki, “Dağlıq Qarabağa dəstək və Qarabağa hərbi təcavüzdə və onun blokadasında iştirak edən Azərbaycan rəsmilərinə qarşı sanksiyaları” nəzərdə tutan qanun layihəsinin həmmüəllifi ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri (artıq keçmiş - red.) Bob Menendezdir.


Qeyd edək ki, həm Demokratlar, həm də Respublikaçılar partiyalarının nümayəndələri tərəfindən hazırlanan layihəyə əsasən, “ABŞ prezidenti sənəd qüvvəyə mindikdən sonra 30 gündən gec olmayaraq hərbi hücuma və Qarabağda humanitar böhrana görə məsuliyyət daşıyan Azərbaycan rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq etməlidir”. Ağ Ev rəhbərinə habelə ABŞ-ın Azərbaycana ayırdığı hərbi yardımı dayandırmaq təklif olunur. Maraqlıdır ki, məhz bu ərəfədə Azərbaycanın ABŞ-da ən böyük düşmənlərindən biri olan Menendezə qarşı korrupsiya ittihamı ilə cinayət işi qaldırıldı. Nyu-York ştatının Cənub dairə prokurorluğu onu və erməni arvadını Nyu-Cersidən olan 3 biznesmenlə korrupsiya əlaqəsinə girməkdə ittiham edir. İttiham aktında qeyd olunur ki, senator və arvadı rüşvət kimi nağd pullar, qızıl külçələri, lüks avtomobillər və digər qiymətli əşyalar alıblar. Senator sabah - sentyabrın 27-də məhkəmə qarşısına çıxacaq.


Yada salaq ki, qatı ermənipərəst Menendez bundan əvvəl erməni lobbisindən rüşvət almaq ittihamı ilə cinayət təqibinə məruz qoyulsa da, canını və kreslosunu qurtara bilmişdi. Lakin artıq məlumdur ki, son ittihamın ardınca az qala 40 ildir Konqresdə küllənən, ABŞ-a deyil, erməni lobbisinə və maraqlarına qulluq edən bu avantürist Senatın komitə sədrindən istefa verib. Bəs bu, onun həmmüəllifi olduğu həmin anti-Azərbaycan qətnamə layihəsinin aqibətinə necə təsir göstərəcək? Əlavə edək ki, senator Cerri Pitersin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Ermənistanda səfərdədir. Senator səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan, parlament sədri Alen Simonyan, xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və digər rəsmi şəxslərlə görüşüb, Azərbaycanla sərhədə gedib. Avropa Birliyi missiyasının başçısı ilə də bir araya gəlib. Nümayəndə heyəti əsl həqiqəti öyrənmək üçün niyə Bakıya da gəlmir?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Menendez dəfələrlə Azərbaycana qarşı ittiham xarakterli layihələr irəli sürüb: “Ona görə budəfəki qanun layihəsi də təəccüb doğurmadı. Menendez çirkin bir işə bulaşmışdı. Onun çağırışlarına heç zaman Konqres dəstək verməyib, heç bir qanun layihəsi, sanksiya təklifi reallaşmayıb. Hazırda isə üzərində cinayət işi olan bir adamdır və onun təklifi əminliklə rədd ediləcək. Hər kəs görürdü ki, Menendez erməni mənşəli arvadı ilə birlikdə korrupsiya ilə məşğul idi. Onun barəsində dəfələrlə sübutlar təqdim edilib. Xüsusən də arvadı vasitəsi ilə rüşvət, korrupsiyaya bulaşmışdı. Erməni lobbisinin pulları ilə həmin ittihamları səsləndirirdi. İndi cinayət işi açılıb, rüsvay olub, bununla da onun çıxışları kəsərini itirib. Azərbaycanın Konqresdə olan dostlarının da həmin qanun layihəsinin keçməsinə imkan verməyəcəyini düşünürəm”.

Hüquq müdafiəçisi Xəzər Teyyublu isə təklif edir ki, Azərbaycan Menendezin erməni lobbisinin nökəri olması ilə bağlı məsələni beynəlxalq müstəvidə daim gündəmdə saxlamalıdır: “Biz dünya ictimaiyyətini daha geniş və dolğun informasiya ilə tanış etməliyik. Azərbaycana qara yaxan qüvvələrin erməni lobbisinin pulları ilə şər-böhtan kampaniyası apardıqları diqqətə çatdırılmalıdır. Çünki bu cür addımlarla beynəlxalq auditoriyada bəzən rəy formalaşdırılır ki, guya Azərbaycan aqressordur. Biz də nümayiş etdirməliyik ki, Menendezə cinayət işi açılıb və onun qızıl külçələrə görə yalan təbliğat maşınında iştirak edib. Ancaq o tək deyil. Adam Şif və Robert Menendez kimi konqresmenlərə də cinayət işi açıla bilər. Onların da erməni lobbisi ilə əlaqələri var və dəfələrlə əleyhimizə əsassız ittihamlar səsləndiriblər”.


Emil SALAMOĞLU,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 372          Tarix: 26-09-2023, 10:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma