Böyük Britaniya baş nazirinin müavini Oliver Douden Rusiyanın iyulun 4-də keçiriləcək parlament seçkilərinə müdaxiləsi riskini real adlandırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Douden Avstraliyanın ABC telekanalı tərəfindən təqdim olunan süjetlə bağlı fikirlərini bölüşüb.
Həmin proqramda kanal Rusiyanın Britaniya radikallarının liderinin Naycel Faraca gizli dəstək verdiyini iddia edib.
ABC, avroskeptikləri dəstəkləyən eyni şəkilləri və mətnləri koordinasiya edən cəmi 190.000 izləyicisi olan beş Facebook səhifəsi tapıb.
İngilis olduqları iddia edilən bu səhifələrin idarəçiləri əsasən Nigeriyada yaşayırlar. Bundan başqa Rusiyanın onlayn təbliğat şəbəkələrinin Nigeriyada fəaliyyət göstərdiyi müəyyən edilib.
Britaniya baş nazirinin müavininin sözlərinə görə, bu ifşa “demokratiyanın bu qeyri-sabit dünyada üzləşdiyi real riski göstərir”.
Bir gün əvvəl Britaniya Mühafizəkarlar Partiyasının icraçı sədri Riçard Qolden rəsmilərə məktub göndərərək, ABC telekanalının dərc etdiyi mesajları araşdırmağı xahiş edib.
Qeyd edək ki, Naycel faracın Reform UK partiyası Britaniyada keçiriləcək parlament seçkiləri ərəfəsində öz reytinqlərini əhəmiyyətli dərəcədə artırıb. Lakin seçki sisteminin xüsusiyyətlərinə görə onun əhəmiyyətli sayda mandat alacağı proqnozlaşdırılmır.
Paylaş: