Xəbər lenti

Əziz Rzazadə

Strateq.az

 

Yanvarın 9-da Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin ölümünün ilk ildönümündə iki mühüm hadisə baş verdi. Birincisi, sabiq prezident və Məsləhət Şurasının mərhum sədrinin ölüm səbəbinin araşdırılması barədə qərar qəbul olundu. İkincisi, “BBC”nin fars bölməsi (BBC Persian) 1989-cu ildə Ayətullah Xomeyninin ölümündən sonra İranın Ali Dini Rəhbərinin seçilməsində baş vermiş və Ayətullah Xamneinin “Mən, əlbəttə, bu vəzifəyə layiq deyiləm” cümləsi ilə yadda qalan video görüntülər yayımlandı.

Ən qısa şərhlə, İran ictimai fikrində Rixter cədvəli ilə 12 bal gücündə zəlzələ!

 

82 yaşında vəfat etmiş Rəfsəncaninin ölüm səbəbi, Türkiyədə mərhum prezident Turqut Özalın ölümü kimi, xeyli vaxtdır ciddi müzakirələr və mübahisələr mənbəyidir. Sabiq prezidentin qızı Faizə Haşimi dekabrın 16-da, bir İran qəzetinə etdiyi şərhdə, Rəfsəncaninin cəsədində radioaktivliyin icazə veriləndən 10 dəfə çox olduğunu bildirib. Rəfsəncaninin qardaşı Məhəmməd Haşimi də eyni gündə qardaşının ürəyinin dayanma səbəbinin nədən qaynaqlandığını heç kimin hələ də açıqlamadığını söyləyib və bu sözləri yanvarın 7-də bir daha təkrarlayıb. Bütün bu mübahisəli şərhlər İran mətbuatında manşet başlıqlarına çevrilməklə bərabər, müasir İranın ən nüfuzlu siyasi xadimlərinin birinin həyatının sona çatması ilə əlaqədar yeni möhtəkirlik mənbəyi olub.

İranda tanınmış siyasi şəxslərin qəfil ölümləri, bütün dünyada olduğu kimi, həmişə qalmaqallı açıqlamalar və ziddiyyətli şərhlərlə yadda qalıb. Misallar yetərincə çoxdur: inqilabçı ziyalı, 1977-ci ildə 43 yaşında ikən İngiltərədə sürgün həyatı keçirən Əli Şəriətinin ölümü, SSRİ səfirliyindəki görüşdə sirli xəstəliyə yoluxmuş, üç ay sonra dünyasını dəyişən Ayətullah Teleqani, İslam Respublikasının banisi Ruhullah Xomeyninin 1995-ci ildə vəfat edən oğlu Əhməd Xomeyni… Lakin Rəfsəncaninin ölümü sadəcə, onun iki dönəm İran prezidenti olmasından deyil, həm də Qərbə açılışın memarı, müdrik siyasətçi və ölkədə islahatçı qanadın himayədarı (1990-cı illərdə Məhəmməd Xatəmi və 2013-cü ildə Həsən Ruhaniyə onun verdiyi dəstək ölçüyəgəlməzdir) kimi tanınmasına görə beyinləri xüsusilə çox qurcalayır.

Rəfsəncaninin ölümü barədə möhtəkirliyin indiki anda bir daha gündəmə gətirilməsinin səbəbləri gün kimi aydındır. İranda son etiraz dalğası təməlində bu, mövcud rejim əleyhinə istifadə oluna biləcək yaxşı alətdir. Məsələn, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “Radio Fərda”da dekabrın 17-də keçirilən müsahibə zamanı 2009-cu ildə islahatçı prezidentliyə namizəd Mehdi Kərrubinin müşaviri olmuş Müctəba Vəhidi deyib ki, Rəfsəncaninin xəstəlik dövrünə aid heç təsviri dəlil yoxdur. Halbuki İranda azarlayan tanınmış şəxsləri dövlət ərkanının (ricalın) yoluxması adəti var. Amma Rəfsəncaninin xəstəxana çarpayısı yanında çəkilən bircə fotoşəkil belə nəşr olunmayıb.

Bundan başqa, Vəhidi iddia edir ki, cənazə namazına rəhbərlik edən Ali Rəhbər Ayətullah Seyyid Əli Xamnei namazda xüsusi duanı oxumayıb. Doğrudur, həmin dua cənazə namazında məcburi deyil. Amma Vəhidi Xamneinin Məşhəd şəhərində “Astan-e-Qüdsi Rəzəvi” Fondunun mərhum rəhbəri Ayətullah Abbas Vaezi-Tabasinin cənazəsi üçün bu duanı üç dəfə oxunduğuna diqqət çəkir.

Vəhidinin sözlərinə qüvvət olaraq, sabiq prezidentin qızı Fatimə Haşimi də 82 yaşında vəfat edən mərhum atasınınn "beş övladından aha güclü və sağlam" olduğunu iddia edir. O, həmçinin ölümündən bir həftə əvvəl Rəfsəncaninin ABŞ-da fəaliyyət göstərən bir iranlı həkimdən sağlam olması barədə arayış aldığını söyləyir.

Fatimə Haşiminin ən çox hay-küy doğuran iddiası isə budur: ölümündən əvvəl Rəfsəncaninin başçılıq etdiyi Məsləhət Şurasındakı seyfdən oğurluq edilib və mühüm sənədlər məchulluğa qarışıb.

Vəhidininin fikrincə, Rəfsəncaninin sirli ölümü ilə onun Xamneidən sonra ölkənin Ali Rəhbəri olması üzərindən qalın xətt çəkilib.

Sabiq prezidentin ölümdən sonrakı vəkilləri onun Mahmud Əhmədinejadla eyni vaxtda (üçüncü dəfə) namizədliyini irəli sürməsi və nəticələrdən narazılığını da yada salaraq Xamnei ilə köhnə ixtilaflarına yeni, daha tünd rəng qatırlar.

2009-cu ildə Haşimi Rəfsəncaninin müxalif “Yaşıl hərəkat”a verdiyi dəstək də əsla unudulmur.

Hafizədə qalmış bəzi mətləblər: İslam Respublikasının üzləşdiyi ilk sosio-siyasi sarsıntıda, artıq etiraz dalğası yatırılmaq ərəfəsində ikən Xamnei Tehrandakı cümə namazında ad çəkmədən sabiq prezidenti “mənfur” adlandırmışdı. Lakin elə həmin günlərdə qaragüruhçu bir rejim tərəfdarı “Əli Əkbər monafeq!” (“Əli Əkbər [Rəfsəncani] riyakar!”) çığıra-çığıra sabiq prezidentin ailə üzvlərini küçədə təhqir etdikdə, Ali Rəhbər bədəməlin cəzasız qalmasına da göz yummamışdı.  

Bu iki “köhnə dost” (başsağlığı ismarışında Xamnei bu ifadəni işlətmişdi), yaxud iki rəqib arasında müttəfiqliyin, yaxud ziddiyyətli rəqabətin daha çox olduğunu ayırd etmək çətindir. Hər halda, “BBC Persian”ın bu günlərdə yaydığı video görüntülər inqilab küləyinin yatmağa başladığı uzaq 1989-cu ildə Xamnei-Rəfsəncani cütlüyünün eyni hədəfi nişan aldığına işarə edir.

Beləliklə, Ayətullah Xomeyninin vəfatından sonra ölkənin Ali Rəhbəri məqamına seçkilərin keçirildiyi Məclese-e Xobreqan`da (Eksertlər Şurasında) Xamneinin namizədliyinin irəli sürülməsinin məhz Rəfsəncaniyə məxsus olduğu heç vaxt sirr olmayıb. Amma “Mən bu vəzifəyə, əlbəttə, layiq deyiləm” deyən Xamneinin namizədliyinə Rəfsəncaninin təkidi, daha sonra şiddətli təpkini bunun müvəqqəti olduğu və Ali Rəhbərin tezliklə referendumla müəyyən ediləcəyi vədi ilə sakitləşdirməsi, Ekspertlər Şurasında məsələni qaçaraq səsverməyə çıxarmasını əks etdirən görüntü indi, ilk növbədə, əsla təşəbbüskarın xeyrinə deyil.

İslam Respublikasının prezidenti vəzifəsində bir-birini əvəzləyən bu iki siyasi xadimin (Xamnei – 1981-89, Rəfsəncani – 1989-97) səksənlərin sonunda düşündüyü nə idi? “Möhtərəm cənab Haşimiyə də belə bir təklifi əsla qəbul edə bilməyəcəyimi demişdim. Çünki Rəhbərliyə namizədliyimə köklü və texniki əngəllər var. Əgər Rəhbər olarsam, bu, həqiqi mənada deyil, zahiri liderlik olacaq”. Bu sözlər həmin zaman kəsimində İranda hakim elitanın üzləşdiyi çıxılmazlığın əksidir. Daha doğrusu, avtoritet boşluğunun doldurulmasının vacibliyi! 

Keçmişə qısa boylanma: Ayətullah Xomeyninin hələ sağlığında varisi elan etdiyi Ayətullah Müntəziri adının siyasi qalmaqala qarışması və ikisi arasında qısa məktublaşmadan sonra vərəsəlik hüququnun xətm edilməsi, Ayətullah Müntəzirinin ev dustaqlığı, digər namizədlərin artıq yoxluğu – Ayətullah Müntəziri, Ayətullah Behişti, Ayətullah Dəstğeybin ayrı-ayrı terror aktlarında öldürülməsi, 1989-cu ildə Ekspertlər Şurasındakı seçimə Müntəzirinin etirazı və dövrün mərcəsi Ayətullah Ərakinin Xamneiyə dəstəyi…

İndi, artıq Ayətullah Xamneinin başı üzərində Rəfsəncaninin kölgəsi olmadığı dövrdə, sabiq prezidentin ölüm səbəbinin bir daha gündəmə gəlməsi ilə yanaşı, məchul zaman kəsimində Ali Rəhbər məqamına kimin keçə biləcəyi də müzakirə olunur. Namizədlərin ən realı sayılan Ayətullah Haşimi Şahrudinin (Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun təmsilçisi ona ayrıca kitab – “Liderliyin Gələcəyi” ((“The Future of Leadership”)) həsr edib) – Rəfsəncaninin Məsləhət Şurasındakı xələfinin xaricdə beyin xərçəngindən müalicə olunduğunu nəzərə alaraq, 1989-cu ildə gerçəkləşən ssenarinin təkrarlanma ehtimalı yüksəkdir.

İran elitasında fərqli qrupların qovğasının kökündə məhz bu durur. Lazımi məqamda sərfəli mövqedə durmaq istəyən Ruhani, Rəisi, Laricani… Yəqin ki, “dərin dövlət”in üzə çıxmayan bir əldəki barmaqların sayı qədər digər namizədləri var.

Son qeyd kimi: hər halda, izlənilən hadisələr analitik-kəşfiyyatçı zəkası şişirdilən Maykl D`Andrea`nın, hazırda İran rəsmilərinin tez-tez dilə gətirdiyi, “ingilis şiəliyi”nə uduzduğu şəksizdir. Sübut – “BBC Persian”…

P.S. “Təbriz-e bidar” (“Oyaq Təbriz”) internet nəşri Rəfsəncani ilə bağlı xatirələrə bir ayrı rəng qatıb. Demə, mərhum 1978-79-cu illər inqilabını azərbaycanlıların başladığını və Təbrizin inqilabın vətəni olduğunu bilmirmiş (http://tabrizebidar.ir/news/1069519). Özümdən əlavə edim, bəlkə də buna görə sevilmirmiş…

P.P.S. Ötən il Rəfsəncanin ölümü ilə əlaqədar bir verilişdə köhnə bir xronikaya baxmışdım. Mərhumun bir xatirəsi nümayiş olunurdu: “İnqilabın ilk günlərindən birində Ayətullah Xomeyni ilə birgə TV-yə baxırdıq. Diktorun “İranda sağ inqilab qalib gəldi” cümləsi İmamın [Xomeyninin] təəccüb və etirazını doğurdu. “Bu, İslam inqilabıdır və bu cür də təbliğ olunmalıdır. Dərhal televiziyaya gedin və lazımi tədbirləri görün…”




Ana səhifəyə qayıt        Baxış: 1 233          Tarix: 10-01-2018, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma