Xəbər lenti

Byus Ridel

“Al-Monitor”

 

Taxtda üç il qaldıqdan sonra kral Salman bin Əbdüləziz əl-Saud və oğlu varis şahzadə Məhəmməd bin Salman müasir Səudiyyə tarixində ən aqressiv məzhəbi və İran əleyhinə siyasət aparırlar. Vəhhabi din adamlarının quruluşları – kral ailəsinin ən böyük tərəfdarı indi daxili siyasətdə əsas yönləndiricidir.

Şiə İrana qarşı Səudiyyə antipatiyası İslam İnqilabından bəri yaranmayıb. Səudilər şah və onun imperiya iddialarına heç vaxt etibar etməyiblər və İslam Respublikasının anti-monarxist ideologiyası İranla münasibətlərini daha da pisləşdirdi. Amma kral Abdullah və Fəhd hətta İran-İraq müharibəsi dövründə İranla düşmənçiliyin idarədən çıxa biləcəyindən qorxaraq, hədsiz dərəcədə həssas davranırdılar. Abdullah hətta Səudiyyənin bir şiə diplomatını Tehrana səfir göndərdi, bu, şiə məzhəbli şəxsin Səudiyyə səfiri vəzifəsini icra etməsinin yeganə halı idi.

İranlı şiə din xadimi Tehranda Səudiyyə səfirliyinə qarşı nümayişlər təşkil etdikdən sonra kral Salman Səudiyyə-İran əlaqələrini tamamilə kəsib.

İranın İraq, Suriya və Livanda təsir qazanmada əldə etdiyi müvəffəqiyyət krallığı dərindən narahat edir. Zeydi-şiə husilərin rəhbərliyi altında yeni bir İranpərəst rejimin yaranması qorxusu ilə üç il əvvəl Səudiyyə Ərəbistanı Yəməndə müdaxiləyə başlayıb. Müharibə – Riyadla Tehran arasındakı proksi-qarşıdurma dalana dirənib, hər ay səudilərə milyardlar dollar vəsait hesabına başa gəlir, Tehranı isə sancmaq olmur.

Səudiyyə Ərəbistanı xarici işlər nazirinin sözlərinə görə, bir milyondan artıq yəmənli qaçqın indi Səudiyyə Ərəbistandadır və münaqişənin xərcləri artır. Riyadpərəst hökumət cənublu separatçılar tərəfindən Ədəndən çıxarılıb və dünya ölkələri humanitar fəlakətə görə Səudiyyə Ərəbistanını təqsirləndirir. Nəticədə, bu il Səudiyyə Ərəbistanı Yəmənin blokadasını nisbətən zəiflədib.

Amma münaqişə uzun müddət Yəməndə sünni-sələfi qrupları gücləndirməyə çalışmış Səudiyyə din adamları üçün sərfəlidir. Yəmənin cənub-şərqindəki Məhra əyalətində səudilər vəhhabiliyi təbliğ etmək üçün sələfi missioner mərkəzi qurublar. Bu, qonşu Omanda narahatlıq doğurub.

Məkkədəki ali din başçıları mütəmadi olaraq zeydilərlə döyüşmək üçün padşahı tərifləyirlər. Şahzadə Məhəmməd isə müdafiə naziri kimi müharibənin simasıdır.

Şiələr əleyhinə vəhhabi antaqonizminin kökləri Məhəmməd ibn Əbdülvəhhaba və XVIII əsrin əvvəllərinə gedib çıxır. Vəhhabın təbliğatının baş sütunu – şiələrin kafir və müşrik olmasıdır. Şahzadə Məhəmməd İran rəhbərliyini vəhhabi nüvəsi ilə güclü şəkildə rezonanslaşdıran ifrat şərtlərdən istifadə edir. Kral Salman ölkənin şərq əyalətində şiə müxalifətçilərin yatırılmasında sələfi Abdullahdan daha təcavüzkar olub və qonşu Bəhreyndə sərt siyasət xəttini təşviq edib.

Baş nazir Səad Həririni Riyada səfər edərkən, onu istefa etməyə məcbur edərək Livan siyasətini sarsıtmaq cəhdi Səudiyyə Ərəbistanının qismən husilərlə uzun müddətli əlaqələri olan İran və “Hizbullah”ı hədəf almışdı. Qambit uğursuz idi, amma səudilər təslim olmayıb.

Əlbəttə, Qətərlə mübahisənin də İran əsası var və vəhhabilər Dohada rejim dəyişikliyinə həvəsləniblər. Ötən il böhranın başlanğıcında Məhəmməd ibn Əbdülvəhhabın nəvələri bir məktub imzalayıblar. Onlar Əhməd Tamim bin Həmad əl-Sanini küfrdə günahlandırıb, Vəhhab nəslindən ola-ola dindən-imandan uzaqlaşmış şəxs olduğunu iddia ediblər. Açıq məktub altında imzası olan Ali-Şeyx ailəsi təmsilçiləri, Vəhhabın xələfləri və Ali-Səudun krallıqda idarəçi ortaqları Dohada olan əsas məscidin artıq Əbdülvəhhabın şərəfinə adlandırılmamasını tələb ediblər.

Taleyin kinayəsi ilə bu münaqişə yalnız Qətəri İrana yaxınlaşdırıb.

Evdə və xaricdə ifrat məzhəbçi gündəm, “mülayim İslam” adı altında islahatlara baxmayaraq, padşaha və vəliəhd-şahzadəyə dəstək verir. Bu, hakim vəhhabi quruluşun və Ali-Şeyx təmsilçilərinin əsas maraqlarının toxunulmazlığını qoruyan yoldur.

Lakin rəqabət və proksi-müharibələr təhlükəlidir, xüsusilə də Yəməndə münaqişəsində. Husilər Səudiyyə şəhərlərinə ballistik raketlər atmağa davam edir. Hazırda qurbanlar azdır, amma Riyada və ya başqa bir Körfəz şəhərinə raket hücumlarının böyük ziyan vuracağı və can itkisi yarada biləcəyi təhlükəsi var. Səudilərin İranı husilərə raket proqramında kömək etməkdə günahlandırması qisas yaradar. Bir husi raketinin düz hədəfə dəyməsi fəlakətə səbəb ola bilər.

 

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 1 034          Tarix: 29-01-2018, 14:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma