Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa “Yeni Musavat” qəzetinə müsahibəsində ölkədə və xaricdə baş verən siyasi proseslər barədə öz fikirlərini açıqlayıb. Millət vəkili həmçinin ötən həftə Sank-Peterburq şəhərinə etdiyi səfərlə bağlı təəssüratlarını da açıqlayıb.
Strateq.az müsahibəni oxucularına təqdim edir:
– Rusiyanın Sankt-Peterburq şəhərində Xüsusi Olimpiadanın Avropa beynəlxalq futbol turniri keçirilirdi. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin vitse-prezidenti kimi komitəmizin prezidenti Şahin Əliyevlə birlikdə fəxri qonaq statusunda bu tədbirə dəvət olunmuşduq. Komandamız üçüncü yeri tutdu. Təbii ki, fürsətdən istifadə edərək Rusiyanın indiki durumuna da göz gəzdirdim, bir sıra həmvətənlərimizlə təmasda oldum, bu ölkə haqqında real təsəvvürlər əldə etməyə çalışdım. Fikrimcə, Rusiyanın sosial-iqtisadi həyatına Qərb ölkələrinin sanksiyaları ciddi təsir göstərməkdədir, lakin siyasi mühitdə bu dəyişiklik özünü hiss etdirmir. Tarix boyu Rusiyada cəmiyyətin siyasəti dövlət siyasətinin içində görünməz olub, bu gün də belədir. Əsas düşüncə budur ki, Putin Rusiyanın dövlət olaraq şəxsiyyətini özünə qaytarıb, Suriya, Krım və ya bölgədəki digər aktiv müdaxilə potensialının artması əsasən müsbət mənada dəyərləndirilir. Bununla belə, Qərblə münasibətlərin korlanmasının sosial-iqtisadi nəticələri də gələcəklə bağlı ciddi narahatçılıq yaratmaqdadır. Hər halda, Rusiya öz hesablanmaz gücü ilə yanaşı, təcrid olunmuş ölkə təəssüratı bağışlayır. Lakonik söyləsək, Rusiya Putinlə davam etmək istəməsə belə, yaxın gələcəkdə də Putin Rusiya ilə davam edəcək.
– Bəs, Rusiyadakı azərbaycanlılar vəziyyət barədə nə deyirlər? Narahatdırlarmı?
– Bu barədə hansısa ümumiləşdirmə apara bilmərəm, çünki ciddi bir tədqiqatdan sonra daha doğru fikir bildirmək olar. Ancaq rastlaşdığım azərbaycanlıların rəyincə, əvvəlki illərdən fərqli olaraq, sıxışdırılma halları hiss olunmur. Söylədiklərinə görə, gəlirləri bir neçə il öncəki ilə müqayisədə xeyli aşağı düşüb. Bununla belə, yenə orada əhəmiyyətli sayda həmvətənimiz var və gündəlik işləri ilə məşğuldurlar. Məni daha çox maraqlandıran oradakı azərbaycanlıların effektli təşkilatlanma problemi idi. Bununla bağlı bir ifadə işlətmək olar: durum acınacaqlıdır. Nə buradan sağlam konsepsiya ilə istiqamətləndirilən, nə də özlüyündən bir vizyona sahib olan təşkilatlanmış diaspor formatı ilə qarşılaşmaq mümkündür. Ancaq ayrı-ayrılıqda Rusiyanın müxtəlif yerlərində xeyli işıqlı, faydalı insanımız var ki, bunların gücünü ortaya qoymaq təxirəsalınmaz siyasət kimi düşünülməlidir. Ən azı Rusiyada bizim azərbaycanlıların əhəmiyyətli hissəsini dini sekta formasında idarə edən İran ideoloji institutlarının etdiklərinin təhlükəli nəticələrini anladıqdan sonra durumun ciddiliyi bizə vaxtı ötəndən sonra mütləq çatacaq.
– Azərbaycanın baş nazirinin ardınca hökumətdə bir sıra digər məmurlar da prezident sərəncamı ilə əvəzləndi. Bu təyinatlardan gözləntiləriniz nədir?
– Azərbaycanda həqiqətən də ciddi bir komanda islahatı ilə qarşılaşırıq. Təyin olunan insanların əksəriyyətinin kimliyi, yeniliyə açıq olması, parlament təcrübəsinə sahib olması olduqca müsbət haldır və prezidentin yeni komandasının ümidverici iş əmsalından xəbər verir. Uzun müddət parlamentdə həmkarlarım olmasına görə demirəm, həqiqətən də Vüsal Hüseynovun, Fuad Muradovun, Muxtar Babayevin, Rövşən Rzayevin, həmçinin Sahil Babayevin, Ceyhun Bayramovun dəyərli kadrlar olduğunu düşünürəm və mütərəqqi islahatların bu kadrlar vasitəsi ilə gerçəkləşəcəyinə inamım böyükdür. İnam Kərimov və Sahil Babayev də sağlam düşüncəli kadrlardır və bütün bu kimi kardlarla ciddi islahatlar aparmaq mümkündür. Hökumətlə bağlı gözləntilərim özüm üçün də qeyri-müəyyəndir, burada söhbət, sadəcə, bizim hökumətin fəaliyyət istiqaməti ilə bağlı düşüncələrimizdən gedə bilər. Sadəcə, cəmiyyətlə daha açıq təmasda olan bir hökumət modeli yaradılarsa, o zaman bizim də düşüncələrimizi ifadə etmənin hansısa əhmiyyəti ola bilər. Fikrimcə, hökuməti faydalı ideyalarla qidalandırmaq üçün ölkə prezidentinin yanında İctimai Palatanın yaradılmasının vaxtı yetişib. Buraya tərif söyləmək üçün deyil, ölkənin gələcəyi üçün məsuliyyətli davranan və müxtəlif sferaları təmsil edən düşüncə adamlarının cəlb olunması ilə cəmiyyətin problemlərinə aid faydalı müzakirə mühiti yaradıb üzə çıxan tezislərdən istifadə etmək olar. Fikrimcə, hökumətdən də öncə Azərbaycandakı məhkəmə xaosu barədə açıq müzakirələr başlamalı, real islahatlar aparılmalıdır. Məhkəmə qərarlarının qeyri-obyektivliyi, qərarların icrasının əngəllənməsi artıq kütləvi hal almaqdadır. Təsəvvür edin ki, ötən günlərdə Nərimanov Rayon Məhkəməsinin verdiyi bir qərarda vətəndaşın mənzil hüququnun pozulması faktı məni o qədər dəhşətə gətirdi ki, müraciət edən vətəndaşa söylədim ki, artıq haqlı tələbinizə görə məhkəməyə müraciət etmənizin faydası olmayacaq.
– Sizin də təmsil olunduğunuz Avropa Şurasında Azərbaycana qarşı növbəti hücum kampaniyasına start verilib. Bunun qarşılığında nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun bəyanatı ilə də yəqin tanışsınız. Bəziləri AŞ PA-dan çıxmağa çağırış edir. Siz bu barədə nə təklif edirsiniz? Ümumiyyətlə, AŞ PA-Azərbaycan gərginliyinin səbəbi nədir?
– Avropa Şurasında Azərbaycana qarşı ənənəvi ədalətsizliklərdən birinin baş verdiyini düşünürəm. Nümayəndə heyətinin başçısı Səməd Seyidova qarşı isə misli görünməmiş bir böhtan atılıb, qəsdən adını hansısa mücərrəd korrupsiya siyahısında hallandırmaqla, Azərbaycan nümayəndə heyətinin gücünü zəiflətməyə çalışıblar. Səməd Seyidov xarici siyasətdə tanıdığım ən yetkin insanlardan biridir və ona qarşı aşkar ədalətsizlik edilib. Bununla belə, heç bir halda Azərbaycanın Avropa Şurasından çıxması barədə məsələni gündəmə gətirməməliyik. Bu dövlətimizin strateji seçimi ilə bağlı həyati əhəmiyyət daşıyan bir məsələdir, hər hansı emosional qərar qəbul etmək olmaz. Gərginliyin səbəbini obrazlı belə ifadə etmək olar: onlar bizi özləri kimi görmək istəyirlər, biz də özümüz kimi görünməyə çalışırıq. Onların gözündən, bizim də özümüzdən qaynaqlanan müəyyən problemlər mövcuddur, bunları tədricən yoluna qoymağa çalışmalıyıq.
– Ermənistanda baş verən hadisələr, sizcə, hansı sonluqla bitəcək? Bu hadisələr hansı halda Azərbaycan üçün faydalı olacaq?
– Əslində Ermənistanda bir yeniləşmə prosesi başlayıb. Sonluq, çox güman ki, Rusiyanın siyasi və ya başqa metodlarla müdaxilə seçimi ilə müəyyənləşəcək. Hakimiyyət dəyişikliyinin ənənəvi forması alt-üst edilib, kütlənin aktiv şəkildə öz lideri ilə hakimiyyət oliqarxiyasına qarşı hərəkətlənməsi davam edir. Bu hərəkətlənmə hər nə qədər ABŞ və diaspor tərəfindən dəstəklənsə də, Rusiyanın bu ölkədəki idarəetmə mexanizmləri qısa müddətə ortadan qalxa bilməz. Ötən əsrin sonlarında parlamentdə baş verən qətliam müəmmasını unutmaq olmaz, bunu küçədə təkrarlamaq bir o qədər də çətin deyil. Ermənistanda kəskin xarici siyasət dəyişimi gözlənilmir, ancaq bütün hallarda daha praqmatik düşünən insanların hakimiyyətə gəlişi bizim üçün də faydalana biləcəyimiz situasiyanı yarada bilər.
– Cümhuriyyətimizin 100 illiyinin tamamına bir ay qaldı. Bu müddətdə hansı işlərin görülməsini istərdiniz?
– Cümhuriyyətin 100 illiyi tədbirləri barədə Milli Məclisdə bir neçə dəfə çıxış etmişəm, hazırlıq işlərinin arzulanan səviyyədə olmadığın söyləmişəma. Fikrimcə, bir çox dövlət qurumlarının rəhbərləri cümhuriyyətimizin 100 illiyini formal bir hadisə kimi gördülər, bu yubileyi sanki boykot etdilər. Artıq may ayı başlayıb, hansısa ciddi tədbirə hazırlıq hiss olunmur, cəmiyyətdəki siyasi, ictimai qüvvələr bu böyük tarixi hadisəyə hazırlıqda iştiraka cəlb edilməyib. Onlarla təklifimiz var ki, heç biri diqqətə alınmayıb. Rəsulzadənin Novxanıdakı ata evinin muzeyə çevrilməsi, 15 sentyabr – Bakının qurtuluş gününün rəsmi bayram edilməsi, milli xilaskarımız Nuri Paşanın xatirəsinin əbədiləşdirilməsi, sanballı bədii və sənədli filmin çəkilişi və s. gerçəkləşdirilmədi. Bu cür biganəliyə üzülməmək olmur.
– Necə bilirisiniz, Cümhuriyyət ilində iqtidarlı-müxalifətli bir nümayəndə heyətinin Gürcüstanda, Türkiyədə, yaxud Fransadakı Cümhuriyyət qurucularının məzarlarının anılması, həmin ölkələrdə həmrəylik tədbirinin keçirilməsi yaxşı olmazmı?
– Əlbəttə, vurğuladığınız faydalı təklifdir. Lakin kənarda tədbirlər keçirməkdən öncə içəridəki tədbirlərə diqqət yetirmək lazımdır. Yalnız Cümhuriyyətin 100 illiyindən söhbət getmir, Bakının işğaldan azad olunmasının da 100 illiyidir, lakin bu işğaldan azad edənlər barədə indiyədək hansısa layiqli addım atılmayıb. Nuri Paşanın adını sanki xatırlamaqdan çəkinirlər, Bakıya 1918-ci ildə daxil olan Mürsəl Paşa bizə verdiyi dəyərə görə ömrünün sonunadək Mürsəl Bakü Paşa adını daşıyıb, bizim ona verdiyimiz dəyər isə utandırıcıdır, adını bir yerdə xatırladacaq lövhə belə yoxdur.
– Sizin parlament tribunasından qaldırdığınız başqa bir problemi də xatırlayaq. Prezidentliyə namizəd Razi Nuyullayev seçki təbliğatı zamanı demişdi ki, seçilsə, özü ekskavatorun sükanı arxasında oturub dəniz sahilindəki hasarları uçuracaq. Necə bilirsiniz, deputat həmkarınızın nazir təyin edilməsi Xəzərin “həbs”dən azad olunmasına səbəb olacaqmı?
– Xəzərə çəkilmiş hasarları uçurmağa nə ekskavatorun gücü yetər, nə də bir nazirin. Qaydalar əvəzinə qanunlar işləsə, o hasarlar da rahatlıqla əriyib gedəcək. Təəssüf ki, bizim bir millət olaraq malik olduğumuz nemətlərə qarşı şükranlığımız yox səviyyəsindədir. Xəzər elə bir nemətdir ki, dəyərini biz ancaq çıxarılan neftlə, ovlanan balıqla ölçməməliyik. Sağlamlıq baxımından bu nemətin dəyərini anlasaq, vəhşicəsinə onun qumunun tikinti məqsədi ilə daşınmasına imkan verməzdik, kanalizasiyanı oraya axıtmazdıq. Özümüz öz əlimizlə Xəzərin obrazında bir ekoloji fəlakət hazırlamışıq, məyusedici hal əslində budur.
– Bu günlərdə ombudsman amnistiya təklifi ilə çıxış edib. Siz əfv, yaxud amnistiya qərarının nəticəsindən nələr gözləyirsiniz?
– Amnistiya mütləq olmalıdır, həm də Cümhuriyyətin 100 illiyi ilə bağlı bu qərar verilməlidir. Daha bundan da dəyərli, əziz yubileyimiz olmayacaq ki? Təklifi tam şəkildə dəstəkləyirəm. Budəfəki Novruz bayramında əfv olmadı, insanlar hamısı gözünü dikib cümhuriyyətin yubileyinə. Əlbəttə, bu və ya digər formada Azərbaycana qarşı qərarların qəbul olunmasına səbəb olmuş məhbusların hamısının azadlığa buraxılması ən doğru addım olardı. Biz Qarabağ kimi düyünə düşmüş problemi olan bir dövlətik, başqa yayındırıcı məsələlərə başımızın qarışmasına yol verə bilmərik. Hər dəfə siyasi məhbus məsələsi ilə ölkəmizə qarşı haqlı və ya haqsız kampaniyanın aparılmasına şüurlu şəkildə rəvac verməməliyik.
– Bakı şəhər İcra Hakimiyyəti başçısız qalıb. Necə bilirsiniz, mer seçkilərinin vaxtı çatıbmı?
– Əslində son illərin idarəetmə təcrübəsi göstərir ki, Bakı şəhərində bütün rayon bələdiyyələrini ləğv edib yerində Bakı Şəhər Bələdiyyəsi yaradılmalıdır. Şəhərin merinin də seçilməsi, öz proqramı ilə məsuliyyətli davranış sərgiləməsi vacib struktur islahatlarının içində yer almalıdır. Bakı ən plansız şəhərlərdən birinə çevrilib və vaxtında gecəqondularla bağlı problemləri hüquqi zəmində çözmək lazımdır, dərhal özəlləşdirərək vətəndaşların vəziyyətini yüngülləşdirməliyik.
– Növbədənkənar parlament seçkiləri barədə sizin də gözləntiniz varmı?
– Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hüquqi zərurət yoxdur, çünki son referendumda gerçəkləşdirilən Konstitusiya dəyişikliklərinə görə, Milli Məclisin statusunda hansısa əhəmiyyətli dəyişiklik baş verməyib, müddət də olduğu kimi qalıb. Növbədənkənar seçkilərə hansısa siyasi tələbatın olduğunu da düşünmürəm. Əlbəttə, parlament çoxluğunun qərarı ilə vaxtından əvvəl seçkilər keçirilə bilər, lakin bunun məntiqi izahının necə veriləcəyini təsəvvürə gətirə bilmirəm. Böyük ehtimalla, son təyinatlarla əlaqədar Milli Məclisə boş qalan yerlərə seçkilər keçirilə bilər. Ancaq erkən parlament seçkilərinin keçiriləcəyini güman etmirəm.
“Yeni Müsavat”
Paylaş: