Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
RND, Almaniya 24.02.2021 Müəllif: Yan Emendorfer Azərbaycan Ermənistanla 44 davam etmiş müharibə nəticəsində mübahisəli Dağlıq Qarabağ bölgəsinin böyük hissəsinə nəzarəti geri qaytarıb. Azərbaycanın Berlindəki səfiri Ramin M.Həsənov bizimlə söhbətində münaqişə və onun nəticələrindən danışıb. Diplomat deyir ki, sülhün şərti sərhədlərin tanınmasıdır. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun sözlərinə görə, Bakı Ermənistanın Dağlıq Qarabağda referendum keçirilməsi istəyini qəti şəkildə rədd edir. “Bu, bizim ölkəmiz, bizim beynəlxalq səviyyədə tanınmış ərazimizdir. Heç bir referendumdan söhbət gedə bilməz”, - deyə diplomat bildirib. Rusiyanın vasitəçiliyi ilə atəşkəs Dağlıq Qarabağ münaqişəsi Sovet İttifaqının dağılmasından sonra başlayıb. 1994-cü ildə Ermənistan qoşunları Dağlıq Qarabağı və ona bitişik daha 7 Azərbaycan rayonunu işğal edib. O vaxtdan bölgəyə nəzarət Ermənistanda idi. Tərəflər arasında ötən il baş vermiş 44 günlük müharibə nəticəsində Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin böyük hissələrini geri qaytarıb. 2020-ci il noyabrın 10-da tərəflər Rusiyanın vasitəçiliyi ilə atəşkəs bəyannaməsi imzalayıb. İndi bu sənəd problemin siyasi yolla tam həllinə imkan yaratmalıdır. Səfir Həsənov ilə bu haqda danışmışıq. - Cənab Həsənov, Azərbaycan ermənilərin referendum istəyini niyə rədd edir? - Niyə rədd etməməlidir ki? Səsverməyə çıxarılacaq heç nə yoxdur axı. Referendum olmayacaq. - Yəni Azərbaycan müharibə nəticəsində yeni reallıqlar yaradıb... - Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və daha 7 rayonu Ermənistan tərəfindən hələ 30 il əvvəl işğal olunmuşdu. Lakin beynəlxalq hüquqa görə o torpaqlar hər zaman Azərbaycanın tərkib hissəsi sayılıb. Müharibə zamanı bu bölgədən 750 mindən çox, Ermənistanın özündən isə 250 mindən artıq azərbaycanlı qovulub. Bütün bunlara baxmayaraq, bizim səylərimiz hər zaman münaqişənin sülh yolu ilə həllinə yönəlmişdi. Əks halda, ATƏT-in Minsk qrupu çərçivəsində təxminən 30 il davam etmiş uğursuz sülh danışıqlarında iştirak etməzdik. Bütün bu illər ərzində dünya ictimaiyyəti işğal altındakı Azərbaycan ərazilərinin azad edilməli olduğunu bildirir, bölgədəki status-kvonu qəbuledilməz adlandırırdı. Lakin Ermənistan buna məhəl qoymur, bütün tələbləri rədd edirdi. BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı hələ 1993-cü ildə qəbul etdiyi 4 qətnamə də kağız üzərində qalmışdı. - Ancaq bütün bunlar çoxdan baş vermiş hadisələrdir. Müharibə niyə məhz indi alovlandı? - Döyüşləri yenidən alovlandıran əsas səbəb Ermənistanın yeni hökumətinin təxribatları oldu. Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu ildə Dağlıq Qarabağa təxribatçı səfər etmiş, üstəlik, orada “Dağlıq Qarabağ Ermənistandır və nöqtə!” kimi fikirlər səsləndirmişdi. Elə həmin il bu ölkənin o zamankı müdafiə naziri Davit Tonoyan Nyu-Yorkda erməni icması ilə görüşdə “yeni ərazilər uğrunda yeni müharibə” strategiyasını elan etmişdi. Bundan başqa, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma siyasəti aparır, Orta Şərqdən gəlmiş erməniləri həmin ərazilərdə məskunlaşdırırdı. Bu da son deyil. Ermənistanın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qurduğu və idarə etdiyi qanunsuz rejim “mühüm inzibati binalar”ı işğal altındakı Şuşa şəhərinə köçürmək niyyətini açıqlamışdı. Məsələ ondadır ki, Şuşa azərbaycanlılar üçün tarixi, mədəni və etnik baxımdan son dərəcə böyük əhəmiyyətə malikdir. Bunu əlbəttə ki, ermənilər də bilirdilər. Daha bir məqam 2020-ci ilin iyulunda Ermənistanla Azərbaycan arasında işğal olunmuş ərazilərindən çox uzaqda yerləşən Tovuz rayonu istiqamətindəki döyüşdür. O zaman ermənilər ağır silahlardan istifadə edərək, Azərbaycana hücuma keçmişdilər. Nəticədə bir mülki şəxsimiz, həmçinin Azərbaycan Ordusunun bir generalı da daxil olmaqla, bir neçə hərbi qulluqçusu həlak olmuşdu. - Sizcə məqsədi nə idi? - Burada söhbət daha geniş və ciddi hücum öncəsi sanki bir sındaqdan gedirdi. Düşünürəm ki, ermənilər bu addımla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan müttəfiqlərinin münaqişəyə cəlbi məqsədini də güdürdülər (KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir – red.). Lakin bu ölkələr gerçəkliyi bildikləri üçün erməni təxribatına uymadılar. Ermənistanın Tovuz istiqamətindəki hücumunun daha bir məqsədi bölgədəki neft və qaz infrastrukturuna ziyan vurmaq, bununla da 2020-ci ilin payızında işə salınmalı olan “Cənub Qaz Dəhlizi” layihəsinə mane olmaq idi. Lakin ermənilər məqsədlərinə çata bilmədilər. Azərbaycan Ordusu bu hərbi hücumu dəf edə bildi. Nəticədə qarşı tərəf iyul-sentyabr ayları arasında ölkəmizə təxribat-diversiya qrupları göndərməyə başladı. Amma biz onları da zərərsizləşdirdik, diversi qrupunun rəhbərini isə həbs etdik. Sonradan o, boynuna aldı ki, başçılıq etdiyi qrup Azərbaycanda terror aktları həyata keçirmək niyyətində imiş. - Və müharibə başladı... - 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri o vaxtkı cəbhə xətti boyunca Azərbaycan Ordusunun mövqelərinə intensiv hücumlara başladı. Nəticədə biz əks-hücuma keçməli olduq və bununla da, nəhayət, 30 illik işğala son qoyuldu. - Ermənistan tərəfi bildirir ki, bu müharibə nəticəsində erməni əhali regionu kütləvi şəkildə tərk etməli olub. Ermənistanda hələ təxminən 40 000 qaçqının olduğu deyilir... - Ermənistanın bu məsələdə Azərbaycanı tənqid etmək haqqı yoxdur. Azərbaycan ərazilərinin işğalı zamanı məhz Ermənistan etnik təmizləmə aparıb. Nəticədə qaçqın düşmüş azərbaycanlılar ən sadə hüquqlardan, məsələn, yaşamaq, azadlıq və digər hüquqlardan məhrum olub. Azərbaycan isə 44 günlük müharibə zamanı beynəlxalq humanitar hüquqa davamlı riayət edib. Ümumiyyətlə, biz heç zaman erməni millətindən olan vətəndaşlarımızın Dağlıq Qarabağda yaşamaq hüququnu şübhə altına almamışıq, əksinə, birgəyaşayış prinsipini hər zaman dəstəkləmişik. Bu gün 50 mindən çox erməni Dağlıq Qarabağa qayıdıb. Azərbaycanın razılığı olmasaydı, bu, əlbəttə ki, baş verməzdi. Odur ki, tezliklə azərbaycanlı məcburi köçkünlər də Dağlıq Qarabağa qayıda bilməlidirlər. Bir sözlə, Azərbaycan Dağlıq Qarabağda dinc birgəyaşayışı təmin etməyə hazırdır. Odur ki, Dağlıq Qarabağ ermənilərinin azərbaycanlılarla birgə yaşamaqdan qorxduqları haqda fikirlər əsassızdır. Bu gün Azərbaycanda təxminən 30 000 erməni problemsiz yaşayır. Bu insanlar bizim vətəndaşlarımızdır və hər kəslə eyni hüquqlara malikdirlər. Azərbaycan çoxmədəniyyətli, tolerant ölkədir. Bu gün siz Azərbaycanın hər yerində məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr görə bilərsiniz. Bizim ölkəmizdə müxtəlif dinlərin nümayəndələri dinc şəkildə yanaşı yaşayır. - Amma Ermənistan sizi hələ əsirlərlə pis rəftarda, üstəlik, onları geri qaytarmamaqda günahlandırır. - Bu, doğru deyil. Rusiya, Ermənistan və Azərbaycan tərəfindən imzalanmış üçtərəfli bəyannamə meyitlərin və əsirlərin mübadiləsini də nəzərdə tutur. Biz razılaşmanın bu bəndinə də əməl edirik. İndiyədək 1300-dən çox cəsəd və 100-dən çox əsir Ermənistana təhvil verilib. Ancaq bəyannamənin imzalanmasından təxminən 1 ay sonra Ermənistan ərazisindən Azərbaycana 62 nəfərlik terrorçu qrup keçmişdi. Onların məqsədi Azərbaycanda terror aktları həyata keçirmək idi. Bu qrup mülki insanlarımızı və əsgərlərimizi qətlə yetirsələr də, sonda ələ keçiblər. Onlar beynəlxalq humanitar hüquqa görə, hərbi əsir kimi təsnif edilmirlər. Söhbət terrorçulardan gedir və bu şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Xocalı qətliamı - Ancaq internetdə zorakılıq faktlarının əks olunduğu görüntülər də var. Bu haqda nə deyə bilərsiniz? - Bu iddialar dərin araşdırma və təsdiq tələb edir. Azərbaycan Baş Prokurorluğu, həmçinin Hərbi Prokurorluğu bu məsələləri araşdırır, bu istiqamətdə müvafiq addımlar atılır. Məsələn, artıq Azərbaycan Silahlı Qüvvələrinin 4 əsgərinə qarşı cinayət işi açılıb, onlar həbs edilib. Amma tam əsassız iddialar da var. Eyni zamanda, internetdə Ermənistan hərbçiləri tərəfindən Azərbaycan əsgərlərinə qarşı törədilmiş zorakılıq hallarının əks olunduğu çoxsaylı video və fotogörüntü də tapa bilərsiniz. Amma təəssüf ki, belə hallara yol vermiş erməni hərbçilərinin məsuliyyətə cəlb olunduğunda dair xəbərlər görmürük. Azərbaycan tərəfi bununla bağlı bir neçə dəfə Ermənistan tərəfinə çağırış da edib. Amma bütün çağırışlarımız cavabsız qalıb. Bu məqamda yadınıza 1992-ci ildə törədilmiş Xocalı soyqırımını salmaq istərdim. Xocalıda mülki əhaliyə qarşı həyata keçirilmiş soyqırım nəticəsində bir gecədə 63 uşaq və 100-dən çox qadın daxil olmaqla, 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Təəssüf ki, Ermənistan hərbi cinayətləri 44 günlük müharibə dövründə də davam etdirib. Müharibənin gedişində erməni tərəfi mülki obyektlərə, o cümlədən Gəncə, Bərdə və döyüş bölgəsindən uzaqda yerləşən bu kimi digər şəhərlərdəki yaşayış obyektlərinə ballistik raketlər, kasetli bombalar atıb. Nəticədə 100-dən çox mülki şəxs həyatını itirib. Bu, “Amnesty International”, “Human Rights Watch” kimi təşkilatların bəyanatlarında da yer alıb. Almaniya mediasında da bununla bağlı xəbərlərə rast gələ bilərsiniz. Ümid edirəm ki, bu hesabatlarla da tanışsınız. - Görünən odur ki, vəziyyət “dalana dirənib”. Bundan sonrası necə olacaq? - Müharibə bitib. Ümid edirik ki, münaqişə də. Biz qonşuyuq. Bölgəni nə ermənilər tərk edəcək, nə biz. Hazırda siyasi bir prosesin içərisindəyik. Ermənistan gələcəyə yol tapmalıdır. Dinc gələcəyin təmin edilməsi üçün isə qonşuların milli sərhədlərinin tanınması və onlarla əməkdaşlıq da vacibdir. İndi iki ölkə arasındakı bütün kommunikasiyalar açılmalı, məhv edilmiş infrastruktur yenidən qurulmalıdır. Artıq Ermənistan regional əməkdaşlıqla əlaqəli bir çox təşəbbüs və layihələrdə iştirak edə, onlardan bəhrələnə bilər. Sadəcə, birgə yaşamaq istəyi də lazımdır. Bununla yanaşı, beynəlxalq ictimaiyyət Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma işlərini dəstəkləməlidir. Biz bölgəmizdə dinc, yanaşı yaşamağın mümkün olduğuna qəti şəkildə inanırıq və bunun üçün əlimizdən gələni edəcəyik. (Alman dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar