“Biz Əli Əkbər Vilayətini hamıdan yaxşı tanıyırıq. 1991-ci ildə “İzvestiya” qəzetinə müsahibəsində “İran Azərbaycanın müstəqilliyini tanımayacaq” demişdi. Biz həyasızlığın hər cür nümunəsini gördük, amma İran kimisini görmədik”.
Bu fikirləri politoloq Əziz Əlibəyli Musavat.com-a açıqlamasında deyib.
“Əli Əkbər Vilayəti səmimiyyətdən danışır. Bununla yanaşı, İran dostluğunu bəyan edə bilmədi ki, bu da onun ən böyük düşmən olduğunu göstərdi. O, azərbaycanlıların şiə olduğuna diqqət çəkir. Onun çıxışında şiəliyin ətrafında birləşmək ideyasının dayandığını görmək olar. 44 günlük Vətən müharibəsi zamanı İranın nümayiş etdirdiyi ikiüzlülük - Ermənistanı müdafiə etməyi, ardınca da Azərbaycanda milyonlarla insanı öz ideologiyasına inandırmağa çalışması Azərbaycanı Suriya, Livan kimi özünün arxa bağçası kimi görməsiylə bağlı baxışlarla əlaqədar idi. Sonra siyasəti deşifrə edildikcə Azərbaycan əleyhinə sərhəddə təlimlərə başladı. “Azərbaycan xarici ölkənin hücumuna məruz qalsa, İran dəstək üçün Azərbaycanın yanında olacaq” açıqlamasını təsdiqləmək üçün İran Zəngəzur dəhlizinin əleyhinə olmadığını, şiə məsələsi üzərindən Azərbaycan gənclərini yoldan çıxarmadığını, İranda Azərbaycan əleyhinə danışan kanallar olmadığını, Azərbaycandan İrana qaçıb agentura fəaliyyəti göstərən insanlara qucaq açmadığını, Paşinyana əziz qardaşı kimi münasibət göstərmədiyini sübut etsin”, - politoloq vurğulayıb.
Paylaş: