“NATO-nun rəsmi Ankaranın irəli sürdüyü şərtləri yerinə yetirmədən genişlənməsi ilə razılaşmayan Türkiyənin mövqeyini vətəndaşları daim dəstəkləyiblər və dəstəkləməyə davam edirlər”.
Bu barədə Türkiyə üzrə ekspert, “MK Türkiyə” nəşrinin baş redaktoru Yaşar Niyazbayev faktiki olaraq ABŞ, İsveç və Finlandiyanı öz şərtlərinə əməl etməyə məcbur qoyan Ankaranın sərt mövqeyinə cəmiyyətin baxışını Oxu.Az-a şərh edərkən bildirib.
O, Türkiyənin terror problemi ilə üz-üzə olduğunu vurğulayıb:
“Avropa ölkələrinin terror təşkilatlarına və onlara rəğbət bəsləyən insanlara dolayısı ilə dəstək verməsi faktoru var: ianələr toplayır və regiona silahlılar göndərirlər. Türklər bunu yaxşı bilirlər. Əvvəllər belə halların xeyli sayda qeydə alındığı Almaniya haqqında daha çox danışırdılar. Sonra isə Finlandiya və İsveçin Kürdüstan Fəhlə Partiyası ilə əlaqəli təşkilatların varlığına və hətta işinə göz yumduğu barədə faktlar ortaya çıxdı. Ona görə də əhali Türkiyə hökumətinin reaksiyasını çox məqsədəuyğun hesab edir.
Üstəlik, təsiri var: Türkiyə nəticə əldə edir. Bəli, hələ ki, maksimum deyil, Ankaranın tələbləri tam yerinə yetirilməyib, amma vətəndaşlar ölkələrinin öz şərtlərini qoyması və istəklərinə nail olması ilə fəxr edirlər - xüsusən də Türkiyə amerikalılara qarşı tələblər irəli sürəndə (baxmayaraq ki, rəsmi olaraq yalnız Finlandiya və İsveç Ankara qarşısında öhdəliklərə imza atıblar)”.
Ekspertin sözlərinə görə, söhbət təkcə İsveç və Finlandiyadan müəyyən şübhəli və ya məhkum edilmiş şəxslərin ekstradisiyasından getmir.
“Bağlı qapılar arxasında “F-16” qırıcılarının Türkiyəyə təhvil verilməsi məsələsinin müzakirə edilməsi ilə bağlı danışıqlar da mühüm əhəmiyyət kəsb edir. Amerika Konqresi Türkiyə tərəfinə ilkin şərt olmadan təyyarə verməyə razı olmayıb. Lakin ABŞ Prezidenti Co Bayden bu məsələni həll edəcəyinə söz verib və doğrudan da, indi irəliləyiş var. Beləliklə, Türkiyə Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması məsələsində Helsinki və Stokholmla danışıqlarda, necə deyərlər, bir qədər mülayim olacaq”, - deyə o bildirib.
Müsahib İsveç tərəfinin Türkiyə məhkəməsi tərəfindən terrorizm ittihamı ilə məhkum olunanlardan birini artıq ekstradisiya etdiyini xatırladıb.
O, Ankaranın bu iradəsinin gələn ilin iyununda keçirilməli olan seçkilər ərəfəsində hökumətə xal artırdığını vurğulayıb:
“Seçkilər ərəfəsində hakim partiyanın Türkiyənin maraqlarını müdafiə etmək əzmi Prezident Rəcəb Tayyib Ərdoğanın reytinqini artırır. Dediyim kimi, insanlar görürlər ki, dövlət qarşısına məqsəd qoyur və nəticə əldə edir. Bu, vətəndaşların emosional yüksəlişi üçün çox vacibdir”.
Ölkənin daha nələrə nail ola biləcəyinə gəldikdə isə Yaşar Niyazbayev ilk olaraq qeyd edib ki, Hərbi Hava Qüvvələrinin aviaparkının modernləşdirilməsi üçün “F-16” qırıcılarının və komponentlərinin alınması Türkiyəyə çox zəruri idi.
“İsveçin PKK terror təşkilatına loyal münasibət göstərdiyinin etirafı də vacib idi. İndi də Stokholm çoxlu sayda terrorçunu ekstradisiya etməsə belə, ən azından bu məsələyə çox diqqətli və həssas yanaşacaq, Ankaranı qıcıqlandıracaq heç bir iş görməməyə çalışacaq. Bu çox mühümdür”, - deyə o bildirib.
Türkiyəyə silah tədarükünə qoyulmuş embarqonun aradan qaldırılması məsələsinin hələ tam həllini tapmadığını da vurğulayan ekspert Finlandiyanın gələcəkdə Türkiyəyə silah ixracına icazə verən bir neçə lisenziya verəcəyini vəd etdiyini deyib.
“Digər mühüm məqam isə Türkiyənin Suriyanın şimalındakı əməliyyatıdır. Burada ABŞ-ni YPG (faktiki olaraq Kürd Demokratik Birlik Partiyasının silahlı qanadı - PYD - red.) silahlı birləşmələri ilə əməkdaşlıq etməməyə və heç olmasa Türkiyənin Suriyanın şimalında, cənub sərhədlərinin 30 kilometr dərinliyində bufer zona yaratmasına imkan verməyə inandırmaq lazımdır”, - deyə “Moskovskiy Komsomolets” nəşrinin türk versiyasının baş redaktoru sözlərini yekunlaşdırıb.
Paylaş: