“Mən praktiki olaraq əminəm ki, Rusiya cənubda, İranın timsalında yeni nüvə dövlətinin yaranmasına razı olmayacaq. Bəli, Rusiya Federasiyası ilə İran müttəfiqdirlər, onlar əla münasibətlər saxlayırlar, Tehran Rusiyaya pilotsuz təyyarələr, Rusiya Federasiyası isə İrana təyyarələr verir, hər iki ölkə bir-birinə Qərbin sanksiyalarından yayınmağa kömək edir və sair. Lakin Moskva İranın nüvə silahına malik olmasına icazə verməyəcək. Bu artıq “qırmızı xətt” olacaq”.
Bu sözləri Oxu.Az-a açıqlamasında danimarkalı jurnalist, analitik, beynəlxalq əlaqələr üzrə ekspert Samer Elias deyib.
Ekspert o fikirdədir ki, ümumiyyətlə, İran üçün nüvə silahına sahib olmaq hazırda o qədər də sərfəli deyil.
Samer Elias xatırladıb ki, hazırda Çinin vasitəçiliyi ilə İranla Səudiyyə Ərəbistanı arasında barışıq prosesi başlayıb və gələcəkdə digər ərəb ölkələri də bu siyahıda yer ala bilər.
“Amma İran hərbi nüvə proqramı üzərində işləməyə davam edərsə, heç kim onun bu iddiaları ilə barışmayacaq. Ölkədəki ağır iqtisadi vəziyyət İranı əzir, iranlılar nüvə proqramını başa çatdırmazdan əvvəl bir neçə dəfə düşünməli olacaqlar, çünki Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın faydaları nüvə bombası əldə etməkdən daha xeyirlidir. Həm də konsensus var: nə Rusiya, nə Avropa Birliyi, nə ABŞ, nə də ərəb monarxiyaları İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”, - danimarkalı ekspert vurğulayıb.
Samer Eliasın NATO, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamaq və İranın nüvə obyektlərinin bombalanmasına dair xəbərlərə münasibəti isə belə olub:
“Qeyd etmək lazımdır ki, İranın nüvə obyektləri bir ünvanda, bir regionda cəmləşməyib. Və əgər bu hədəfləri bir zərbə ilə məhv etmək mümkün olsaydı, bu, çoxdan edilərdi. Amma heç bir təminat yoxdur ki, məsələn, İsrailin zərbələri bəzi obyektləri məhv edərsə, İranın nüvə proqramı dayanacaq. Bu o deməkdir ki, İran daha da aqressivləşəcək, daha aktiv şəkildə nüvə bombası yaratmağa başlayacaq, hətta ya birbaşa, ya da öz proksi qüvvələri vasitəsilə cavab verəcək, zərbələr endirəcək. İranın yaxınlığında neft hasil edən ölkələr var, İranın da öz növbəsində bu ölkələrin neft yataqlarına hücumu tamamilə mümkündür. Bu isə qlobal iqtisadiyyat və onun koronavirusdan, müharibədən (Ukraynada – red.) və qlobal inflyasiyadan sonrakı sabitliyi üçün ciddi problemlər yaradacaq. Həmçinin Livandakı, Qəzza zolağındakı İran proksilərinə görə İsrail təhlükə altına düşəcək. Hər halda, İranın ali dini lideri Ayətullah Xamenei rəsmən bəyan etdi ki, nüvə bombasının yaradılması şəriət qanunlarına ziddir və Tehran “dinc nüvə proqramı”nı inkişaf etdirmək niyyətindədir. Lakin İranın uranı 80%-ə qədər zənginləşdirdiyinə dair məlumatlar ortaya çıxdı. Bu isə silah dərəcəli urandır, aydın olur ki, İran nüvə silahı yaratmağa yaxındır. Sual odur ki, İran dayanacaqmı? Düşünürəm ki, o, dayanacaq, çünki dediyim kimi, bu, hətta onun müttəfiqi - Rusiya üçün də “qırmızı xət”dir. İranın bir seçimi var - ya qonşuları ilə yaxşı münasibətlər qurmaq, ya da hamı ilə, o cümlədən ərəb ölkələri ilə düşmənçilik etmək. İran Cənubi Qafqazdakı qonşuları ilə də münasibətlərini tənzimləməlidir”.
Samer Elias İranla Azərbaycan arasındakı gərgin münasibətlərə, Tehranın Bakıya qarşı sərt ritorikasına, iranlıların yenidən Azərbaycanla sərhədlərdə hərbi təlimlərə hazırlaşmasına dair məlumatlara da münasibət bildirib:
“Bəli, mən bu məsələlərdən məlumatlıyam. Bu, İranın 1979-cu ildən (İslam İnqilabını nəzərdə tutur – red.) bəri davam edən problemidir. Onlar regional əməkdaşlıq qurmurlar. İran bir çox dövlətlərin, Səudiyyə Ərəbistanının, Suriyanın, Livanın daxili işlərinə qarışdı. İranlılar bu siyasətlərini davam etdirsələr, İranın özünə zərbə vuracaqlar. Amma qonşu dövlətlərlə yaxşı münasibətlər İran İslam Respublikasının özü üçün xeyirlidir. Tehran öz xarici siyasət vektorunu dəyişməlidir”.
Nair Əliyev
Paylaş: