Dünya çapında tanınan ekspertlərin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qiymətləndirmələri son illər Azərbaycanın xeyrinə nəzərəçarpacaq dərəcədə dəyişib.
Eyni zamanda, azərbaycanlı həkimlərin Qarabağda erməniəsilli şəxslərə yardım göstərmələri, onları Azərbaycanın təcili tibbi yardım maşınları ilə Xankəndidəki xəstəxanaya çatdırmaları Azərbaycanın insanların həyatına və sağlamlığına münasibətini göstərmiş oldu.
Lakin erməni millətindən olan bir qrup şəxsin Azərbaycan tərəfi ilə razılaşdırılmadan Laçın yolu ilə Xankəndiyə keçməyə çalışması Rusiya sülhməramlı kontingentinə olan sualların sayını artırdı.
Bu barədə polşalı jurnalist və politoloq Yakub Koreyba Oxu.Az-a açıqlamasında söyləyib:
- Qarabağdakı vəziyyət milli, iqtisadi, strateji və tarixi aspektlərlə yanaşı, həm də hüquqi xarakter daşıyır. Siz bir növ özünəməxsus sınaq keçirmisiniz: insanların və dövlətlərin davranışını müəyyən edən sabit qaydalar varmı? Dünyada daha vacib olan nədir - nizam və qanun, yoxsa xaos və daimi münaqişələr? Yaxın tarix göstərir ki, tərəflər iki qrupa bölünürlər və onları hüquqi əsaslarla müəyyən etmək olar. Bir tərəfdə qanunun, qanuni sərhədin, bu sərhədi qanuni şəkildə keçməyin tərəfdarı olanlar var (bu, Azərbaycandır). Digər tərəfdə isə özbaşınalığı, xaosu və əbədi qarşıdurmanı müdafiə edənlərdir.
30 il ərzində belə bir hiss var idi ki, qanun (Azərbaycanın işğal olunmuş ərazilərində - red.) işləmir. Amma indi biz qanunun bərpasının başlanğıcını və qanunun xaos üzərində qələbəsini görürük. Davamlı qarşıdurmanın tərəfdarı olan qüvvələr yaranmış şəraitin təzyiqi altında zəifləyir, səhnədən gedirlər. Yeri gəlmişkən, bu şəraitdə kimin kimdən istifadə etdiyi çox aydın deyil: Ermənistanın Rusiyadan, ya da Rusiyanın Ermənistandan. Uzun illər Ermənistanın Rusiya Federasiyasının aləti olduğu görünürdü.
İndi isə hər şey o qədər də birmənalı deyil. Rusiya Ermənistanın, daha doğrusu, bu ölkədəki müəyyən dairələrin aləti kimi görünür. Rusiya hərbi kontingentinin kifayət qədər xoşagəlməz vəziyyətə düşdüyünü söyləmək olar. Sülhməramlıların hər hansı addımı və ya verdiyi bəyanat məhz Rusiya sülhməramlı kontingentinin gözdən düşməsinə aparıb çıxarır. RSK-nın davranışı göstərir ki, onlar müəyyən erməni dairələrinin - iş adamlarının, siyasətçilərin podratçısı kimi çıxış edirlər.
Yeganə həll yolu yalnız Rusiya kontingentinin müvəqqəti yerləşdiyi əraziləri tərk etməsi və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin Azərbaycan Respublikasının tam nəzarəti altına verilməsi ola bilər. Rusiya sülhməramlılarının mövcudluğu “nə sülh, nə də müharibə” vəziyyətinin qalması, həmçinin qanunsuzluğun, xaosun davamı deməkdir. Qarabağda müvəqqəti məsuliyyət zonasında olan rus hərbçiləri komandanlıq və siyasi rəhbərliyin qərarları ucbatından, yumşaq desək, naqolay vəziyyətə düşüblər. Bundan əlavə, reallıq belə oyunların, sadəcə, perspektivsiz olduğunu göstərir.
- Bəs erməniəsilli şəxslərin Qarabağdan Ermənistana çıxışının məhdudlaşdırıldığını bəyan edən separatçı “hakimiyyət”in reaksiyasını necə qiymətləndirə bilərsiniz? Daha əvvəl isə onlar Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında ünsiyyətə mane olmağa başladılar. Hətta dövlətə xəyanət ittihamı ilə həbs olunanlar da var...
- Mən lap əvvəldən başlamaq istəyirəm. Keçmişdə çoxlarının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müəyyən şübhələri var idi. Hətta mən özüm belə, həqiqətin haradasa ortada olduğunu düşünürdüm. Amma sonda başa düşdük ki, biz erməni elitasının, hakim dairələrin və xüsusən də Qarabağ klanının öz əhalisinə sırf alət kimi yanaşdığını nəzərə almamışıq. Onlar üçün Qarabağın erməni əhalisinin taleyi heç bir əhəmiyyət kəsb etmir. Onların səhv hesablamaları, səhvləri və verdikləri qərarlar nəticəsində məlum oldu ki, Qarabağ klanının, Ermənistan hakimiyyətinin hərəkətləri Qarabağın erməni əhalisi üçün yaxşı heç nə vəd etmir. Ermənistan hakimiyyəti yaxşı bilir ki, Qarabağ erməniləri Azərbaycanın tamhüquqlu vətəndaşı olarsa, Azərbaycanın idarəetməsi, polisi, məhkəmələri, hətta ordusu Xankəndiyə daxil olarsa, onlar daha yaxşı yaşayacaqlar. Sosial vəziyyət yaxşılaşacaq və hamı başa düşəcək ki, erməni elitası 30 ildən artıqdır ki, bu insanları aldadır. Məhz buna görədir ki, Qarabağ klanı Qarabağ ermənilərini faktiki olaraq girov saxlayır, onlara necə yaşamağı, nə etmək lazım olduğunu diktə edir.
Bu, qorxunun təzahürüdür. Onlar anlayırlar ki, Azərbaycan hökuməti orada olarsa, Qarabağda insanlar Ermənistanın bu əraziləri işğal etdiyi vaxtdan qat-qat yaxşı yaşamağa başlayacaqlar. Eyni zamanda qonşuluqda Ermənistan yerləşir və çox keçmədən Ermənistan Respublikasının vətəndaşları sual etməyə başlayacaqlar: niyə Qarabağda Azərbaycan vətəndaşı olmuş ermənilər yaxşı yaşayırlar, biz, Ermənistanda yaşayan ermənilər isə daha pis həyat sürürük? Bu, Ermənistanın daxilində təlatümlərə səbəb olacaq.
Hesab edirəm ki, Qarabağın erməni əhalisinin əksəriyyətinə onlardan alət kimi istifadə edildiyi artıq aydındır. Onlar isə çox rəmzi bir hadisəyə diqqət yetirməyə bilməzlər - Azərbaycanın təcili yardım maşınları Xankəndiyə daxil olur, azərbaycanlı həkimlər ermənilərə yardım göstərirlər.
Sonda hər şeyin ölçü vahidi insan həyatıdır. İnsanların həyatını xilas edən, sağlamlığın qeydinə qalan, ümumiyyətlə insanların normal yaşamasına şərait yaradan dövləti və hökuməti seçmək daha yaxşıdır. Azərbaycan təcili tibbi yardım maşınlarının Xankəndidə peyda olması kimin insan olduğunu, kimin isə bu kriteriyaya cavab vermədiyini nümayiş etdirən çox simvolik, mühüm bir hadisədir. Artıq kimin etnik-dini mənsubiyyətə fikir vermədən insanların qayğısına qaldığını görmək mümkündür.
Nair Əliyev
Paylaş: