Xəbər lenti

Aprelin 30-da Moldovanın tərkibində muxtar ərazi qurumu olan Qaqauz Yeri Muxtar Bölgəsində muxtariyyətin başqanı vəzifəsinə seçki keçiriləcək. Seçkiyə namizədliyi qeydə alınan səkkiz nümayəndə qatılacaq. Bunlar Qaqauziya Xalq Məclisinin deputatları Qriqori Uzun (Sosialistlər Partiyası), Nikolay Dudoqlo və Sergey Çimpoeş, Qaqauziyanın keçmiş rəhbəri Mixail Formuzal, “Qaqauziya Xalq İttifaqı” ictimai-siyasi hərəkatının sədri Viktor Petrovdur (ən çox Rusiyayönümlü namizəd hesab olunur), Qaqauziyanın keçmiş rəhbəri Dmitri Kroytor, Qaqauziya Xalq Assambleyasının keçmiş deputatı Sergey Çernyov və Moldovanın milli-mühafizəkar “Şor” parlament partiyasının nümayəndəsi Yevgeniya Qutsuldur.

Eyni zamanda qeyd edək ki, Moldovanın hakim PAS partiyası (Hərəkat və Həmrəylik Partiyası) seçki yarışında heç bir üzvü ilə təmsil olunmur.

Baxmayaraq ki, ən Rusiyayönümlü namizəd Viktor Petrov hesab olunur, Rusiya Federasiyası Dövlət Dumasının LDPR fraksiyasından olan deputatı, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski etnik qaqauz türklərinin yaşadığı bölgənin başqanlıq seçkisində Yevgeniya Qutsulu dəstəkləyib.

Seçki ərəfəsində daha bir diqqətçəkən hadisə Moldova hakimiyyətinin Qaqauziyanın paytaxtı Komrat şəhərinə gedən Tatarıstan Prezidenti Rüstəm Minnixanovun ölkəyə girişinə qadağa qoymasıdır. Xatırladaq ki, Tatarıstan Prezidenti “Xalqlar Dostluğu-2023” Beynəlxalq Xalq Diplomatiyası Konqresində iştirak etmək üçün Moldovaya səfər etmək istəyib.

Amma Kişineuda hesab ediblər ki, Rüstəm Minnixanov başqanlardan birinin namizədliyini dəstəkləmək üçün Moldovaya səfər etməyə çalışıb.

Qaqauzlar Azərbaycan və Türkiyə üçün qardaş xalqdır. Bir neçə il əvvəl Azərbaycanın yardımı ilə Çadır-Lunqa şəhərində təhsil mərkəzi tikilib. Öz növbəsində Ankara da qaqauzlara kömək edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaqauziyaya səfər edib və Moldova daxilində inkişaf etməli olan Qaqauz muxtariyyətinə dəstəyini ifadə edib.

Qaqauziyadan olan moldovalı politoloq, Moldova Respublikası Sosialistlər Partiyasının üzvü, Komrat merinin keçmiş müavini Yevgeni Tukan Oxu.Az-a verdiyi müsahibədə Qaqauz Yeri Muxtar Bölgəsində baş verənlərdən, başqanlıq uğrunda mübarizə aparan namizədlərin seçkidəki şanslarından və mövzu ilə əlaqədar digər maraqlı məqamlardan söz açıb.

- Seçkidə bəzi namizədlər rusiyapərəst hesab olunurlar, görünür, kimlərsə Rumıniyaya və Avropa Birliyinə, kimlərsə də Türkiyəyə meyil edir. Seçki yarışının favoritləri kimlərdir?

- Mənim şəxsi qiymətləndirməmə görə, Qriqori Uzun seçkilərin ikinci turuna çıxmaq üçün favoritdir. O, yarışın ikinci lideri, Rusiyayönümlü hesab edilən “NAŞ” (Xalqın Antiböhran Qərargahı) ictimai birliyinin namizədi Viktor Petrovdan bir qədər irəlidədir. Prinsipcə, Qaqauziyada əhalinin əksəriyyəti həm Rusiya Federasiyasına, həm də Türkiyəyə yaxşı münasibət bəsləyir. Bu artıq belə formalaşıb. Qriqori Uzun həmişə Rusiya Federasiyası və Türkiyə ilə yaxşı münasibətlərin tərəfdarı olub. Ümumiyyətlə, Sosialistlər Partiyası qonşularla, o cümlədən Avropa İttifaqı ilə dostluğun tərəfdarıdır. Amma indiki iqtidarımız birtərəfli siyasət apararaq yalnız Avropa İttifaqı istiqamətində qərbyönlü xətt yürüdür.

- Siz dediniz ki, ən rusiyapərəst namizəd Viktor Petrov hesab olunur. Lakin Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Yevgeniya Qutsulu dəstəklədi...

- Təbii ki, mən Rusiya Dövlət Dumasının bütün deputatlarına hörmətlə yanaşıram, lakin heç kimə sirr deyil ki, Moskvada güc mərkəzləri çoxdur. Namizəd Qutsul qaçaq oliqarx İlan Şorun “Şor” partiyasını təmsil edir. Mətbuatdan məlumdur ki, hələ 2014-cü ildə Moldova büdcəsindən bir milyard dollar oğurlanıb. Bu cinayət birbaşa İlan Şorla bağlıdır. O, özünü Rusiyayönümlü siyasətçi kimi təqdim edir. Ola bilsin ki, o, rusiyalı deputatlarla, elə həmin Leonid Slutski ilə ünsiyyətdədir, amma onun Rusiya Prezidenti Vladimir Putin və ya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə təması, əlaqələri yoxdur.

Eyni zamanda, biz indiyədək ictimaiyyətə tanış olmayan Yevgeniya Qutsulu təbliğ etmək üçün necə böyük resurslardan istifadə olunduğunu görürük. Amma mən bu namizəddə o qədər də potensial görmürəm. O, siyasətdə “xarici alət” kimi görünür. Ancaq yatırılan vəsait hesabına o, təbii ki, ikinci tura çıxmaq üçün Viktor Petrovla rəqabət apara bilər. Bununla belə, dediyim kimi, Uzun və Petrov ikinci tura yüksəlmək üçün əsas favoritlərdir. Yevgeniya Qutsulun və Qaqauziyanın keçmiş rəhbəri Dmitri Kroytorun seçilmək ehtimalı azdır, lakin onları tamamilə siyahıdan silmək olmaz.

- Bəs niyə Moldovada hakim PAS partiyası (Hərəkat və Həmrəylik Partiyası) öz namizədini irəli sürmədi?

- Qaqauziyada PAS-ın namizədini irəli sürmək seçkini əvvəlcədən uduzmağa bərabər olan bir şeydir. Amma mən deyə bilmərəm ki, PAS-dan namizəd yoxdur, belə bir şəxs var, sadəcə, o, qeyri-rəsmidir. Sırf subyektiv fikrimə görə, bu şəxs Dmitri Kroytordur.

- O, Qaqauziyanın keçmiş rəhbəri olub...

- Doğrudur, o, 1999-2002-ci illərdə Qaqauziyaya rəhbərlik edib. Qaqauziya Xalq Məclisi ona təzyiq edəndən sonra isə istefa verib.

- Qaqauziya Moldova dilinin adının dəyişdirilməsi ilə bağlı son qərarı necə qarşıladı? İndi o, Rumıniya dili adlanır.

- Çox mənfi qarşıladılar. Qaqauzlar bundan qəzəblənirlər. 30 ildir ki, Moldova sistematik olaraq Moldova dilinin Rumıniya ilə əvəz edilməsi üçün mümkün olan hər şeyi edib. Rumın dili Rumıniya dövləti yarananda yaranıb. Daha əvvəl isə Moldova və Valaxiya knyazlıqları mövcud idi. Bizdə ölkənin passiv rumınlaşdırılması prosesi gedir. Moldovalılara davamlı olaraq sübut etməyə çalışırlar ki, Moldova dili yoxdur, bu, sadəcə, rumın dilinin ləhcəsidir. Hələ 2000-ci illərdə dərsliklərimizdə Moldova dili rumın dili ilə əvəzlənmişdi, halbuki son dövrlərə qədər Konstitusiyamızda məhz Moldova dili kimi qeyd olunmuşdu. Moldovalılar ölkənin Konstitusiyasını, dilin adını dəyişəndə susurlar. Amma düşünürəm ki, Moldovayönümlü qüvvələr hakimiyyətə gələndə hər şey dəyişəcək. Qaqauz dili Azərbaycan və türk dillərinə çox yaxındır, bu faktdır. Amma bizim hələ də öz dilimiz var - qaqauz və biz onun adının dəyişdirilməsini istəməzdik və buna imkan verməzdik. Biz dilimizi qoruyub-saxlamağa borcluyuq.

- Bu yaxınlarda Moldovada “Separatçılıq Minnixanov başqanlığa namizəd olan Viktor Petrova dəstək olmaq üçün oraya uçub. Viktor Petrov bizim siyasi qüvvənin namizədi deyil, amma yenə də baş verənlər mənfi haldır.

- Anladığım qədər, istər Rusiya, istərsə də Türkiyə ilə əməkdaşlıq qurmaq istəyən ən mərkəzçi namizəd Qriqori Uzundur?

- Prinsipcə, Viktor Petrov da başqan olacağı təqdirdə Türkiyə ilə işləyəcək. Qaqauziya üçün ən təhlükəli variant Dmitri Kroytordur. Təbii ki, onun qələbə ehtimalı azdır, bu şəxs o qədər də populyar deyil, amma bu baş verərsə, o zaman Türkiyədən və Rusiyadan çevrilib Avropa Birliyinə doğru istiqamət götürüləcək.

-  Bəs Azərbaycan və Türkiyə nümayəndələri Qaqauz Yeri başqanlığına seçkidə hansısa namizədi dəstəkləsələr, bu ona qələbə qazanmaqda kömək edəcəkmi?

- Əlbəttə, kömək edəcək! Qaqauzlar türk dünyasına və Rusiyaya arxalanırlar, Avropa İttifaqına və Qərbə yox. Biz Azərbaycan, Türkiyə və yeri gəlmişkən, həmçinin Türkmənistanın illərdir bizə necə kömək göstərdiyini hiss edirik. Ona görə də türk dünyası başqanlardan hansısa namizədi dəstəkləsə, bu, ona əlavə səslər qazandıracaq.

- Türk soyadını daşıyan Uzundan başqa kimi dəstəkləmək olar ki?

- (gülür) Düzdür. Qriqori Uzun ikinci tura yüksəlməyə favorit olan əsas namizəddir.

Nair Əliyev




Ana səhifəyə qayıt        Baxış: 3 265          Tarix: 20-04-2023, 13:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma