Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisində namizədliyini irəli sürüb. Demək olar ki, eyni vaxtda (bir neçə gün əvvəl) Rusiya dövlətinin hazırkı rəhbəri Putin də 2024-cü il martın 15-17-nə təyin edilmiş prezident seçkisində iştirakını açıqladı. Təsadüfdür. Amma bu, çox simvolikdir, çünki siyasətçilərimizin, ölkələrimizin və xalqlarımızın çoxlu ümumi cəhəti var.
Bunu Axar.az-a rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, “PolitRus” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.
“Putin və Əliyev özləri münasibətlərini dostluq kimi qiymətləndirirlərmi? Onların görüşlərinin və qərarlarının təhlili bir-birinin etibarlılığına yüksək inam, dərin hörmət və etimaddan xəbər verir. Həm Vladimir Putin, həm də İlham Əliyev həmvətənlərinin inanılmaz dəstəyi və etibarına sahibdir. Hər biri həqiqətən milli liderdir və gənc nəsil üçün örnəkdir. Milli sevgi həm də xalqlarımız üçün vacib olan tarixi ədalətin bərpası, ata-baba torpaqlarının qaytarılması ilə şərtlənir. Putin rus xalqı, Əliyev isə Azərbaycan xalqı üçün bəlkə də ən əziz arzusunu reallaşdırdı. İdeal insan yoxdur. Eləcə də ideal siyasətçi yoxdur. İstəyirsinizsə, Rusiya və Azərbaycan rəhbərlərinin işində də səhvlər tapa bilərsiniz, onlar səhvlərini gizlətmir, vicdanla etiraf edir və operativ şəkildə düzəldirlər. Amma onları tənqid edən müxalifət nümayəndələrini Əliyev və Putinlə yaxından müqayisə etmək olmaz. Azərbaycanda da, Rusiyada da zaman keçdikcə dövləti idarə etməyə, xalqın başçısı olmağa layiq siyasətçilər yetişəcək. Demək olar ki, bu insanlar bu gün liderlərimizin komandasındadır, onlardan öyrənir və təcrübə qazanırlar. Lakin hazırda dövlət idarəçiliyində təcrübə və şəxsiyyətin miqyası baxımından Azərbaycanda Əliyevin, Rusiyada Putinin tayı-bərabəri yoxdur. Ona görə də rusların və azərbaycanlıların seçimi müdrik və məntiqlidir”, - o bildirib.
Paylaş: