Xəbər lenti

“Ermənistan parlamentindəki “Ermənistan” müxalifət fraksiyasının üzvü Anna Qriqoryanın bəyanatı göstərir ki, İrəvanın özündə də bu respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalması ilə bağlı fikir mübadiləsi gedir”.

Bunu Oxu.Az-a açıqlamasında hərbi politoloq, G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin siyasi analiz və sosial-psixoloji proseslər kafedrasının dosenti Aleksandr Perenciyev deyib.

Qeyd edək ki, Anna Qriqoryanın fikrincə, Qərb Ermənistana münasibətdə KTMT mexanizmlərini əvəz edə biləcək öhdəliklər götürməyə hazır deyil və buna görə də ciddi geosiyasi mərkəzlər hesab edirlər ki, İrəvanın təşkilatdan çıxmasını hələlik elan etməyə ehtiyac yoxdur.

Aleksandr Perenciyev hesab edir ki, Ermənistanda rəsmi İrəvanın KTMT-nin tərkibində olmasının onun milli maraqlarına cavab verdiyi və milli təhlükəsizliyinin qorunmasına töhfə verdiyi qənaətində olan siyasi qüvvələr var:

- Ancaq bu fikir ümumi deyil. Ermənistan rəhbərliyi iki istiqamətdə fəaliyyət göstərir. Bir tərəfdən, o,  təşkilatdan çıxması ilə bağlı rəsmi açıqlamalar verməyə tələsmir. Əksinə, belə bir niyyətinin olmadığını bəyan edir. Amma digər tərəfdən, o, təşkilatın rəsmi sammit və forumlarında iştirak etməmək şəklində KTMT-dən getdiyini nümayiş etdirir, təşkilat daxilində keçirilən hərbi təlimlərdə iştirakdan və təşkilindən yayınır. Yəni belə çıxır ki, rəsmi İrəvan de-yure KTMT-nin üzvü olaraq qalır, lakin de-fakto qurumun işində iştirak etmir. Əslində, bu üzvlüyü sabotaj edir.

- Yeri gəlmişkən, Qərb Ermənistanda mövcudluğunu artırır və bu, İrəvan tərəfindən müsbət qarşılanır. Ermənistanda Avropa müşahidə missiyası böyüyür ki, bu da qonşu dövlətlərin xoşuna gəlmir. İrəvanın hansı istiqamətdə getdiyi barədə anlayışınız varmı?

- Rusiya rəhbərliyi bu məsələ ilə bağlı mövqeyini hələ dəqiq aydınlaşdırmayıb. Bununla belə, ehtimal etmək olar ki, “kollektiv Qərb” rəsmi İrəvanı Rusiyadan və KTMT-dən qoparmaq istəyir. Mən rusiyalı həmkarlarımın ABŞ-nin Ermənistandan ikinci “anti-Rusiya”nı “yaratmaq” istəməsi ilə bağlı fikirlərini tam bölüşmürəm.

Bununla belə, güman etmək olar (və əsas söz budur) ki, Qərb rəsmi İrəvanı Moskvadan ayıraraq, ondan “anti-İran” yaratmağa çalışacaq. Axı Ermənistanın geosiyasi mövqeyi bunun üçün kifayət qədər əlverişlidir. Təbii ki, insanlar mənə etiraz edə bilərlər: deyərlər ki, rəsmi Tehranla İrəvan arasında kifayət qədər yaxşı qonşuluq münasibətləri var. Amma son vaxtlara qədər Ermənistanın da Rusiya ilə kifayət qədər mehriban münasibətləri olub. Cənubi Qafqazda “anti-İran” dövlətin olması isə ABŞ-nin uzun müddətdir ki, rəsmi Tehrana qarşı, xüsusən də proksi qüvvələrlə müharibəyə başlamaq planlarına tam uyğundur.

Əlavə edərdim ki, Fransa da Ermənistanın simasında “anti-Türkiyə” şəklində öz siyasi layihəsini yaratmaq istəyərdi. Amma hələlik ABŞ və Fransanın bu planlarının qarşısını alan Rusiyadır. Ona görə də İrəvanı anti-Rusiya məcrasına yönəltməyə, Moskvadan və KTMT-dən qoparmağa çalışırlar.

Nair Əliyev




Ana səhifəyə qayıt        Baxış: 3 902          Tarix: 23-12-2023, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma