Görünür, Nikol Paşinyan manevr etmək qərarına gəlib. Ermənistan baş nazirinin aylardır Vladimir Putinin iştirakı ilə keçirilən və Rusiyanın mühüm, hətta aparıcı rol oynadığı beynəlxalq tədbirləri boykot etmək kampaniyasını niyə dayandırdığı hələlik məlum deyil. Bəlkə də Fransa və ABŞ-la danışıqlar onun istədiyi müstəvidə getmir.
Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərini şərh edərkən deyib.
Markov bildirib ki, ola bilsin, o, bu yolla siyasi gedişlər edir:
“Paşinyan istəyir ki, Fransa və ABŞ ona hərbi baxımdan zəmanət versin. Amma onlar tələsmirlər. Gözləyirlər ki, İrəvan Rusiyadan tam uzaqlaşsın, Türkiyə və Azərbaycanla baş-başa qalsın. Çətin ki, amerikalıların, avropalıların və fransızların ancaq bəyanatlarla kifayətlənməsi Paşinyanı qane etsin.
Ola bilsin ki, o, qərblilərin ona necə cavab verməsindən narazıdır, Qərbə doğru irəliləməyi dayandırmaq qərarına gəlib. Yaxud bəlkə o, sadəcə, ziqzaq gedişlər edir. Çünki yalnız düz hərəkətlər çox problem yarada bilər. Ziqzaqlar siyasi üslubdur. Ona görə də bəlkə də bu səfər Qərbə doğru hərəkətin davamıdır”.
Markov Paşinyanın səfərinin hansı amala xidmət etdiyinin Ermənistanın növbəti addımlarına əsasən aydınlaşacağını bildirib:
“Bütün bunları Ermənistanın sonrakı hərəkətlərindən görəcəyik. Rusiya telekanallarının aqibəti necə olacaq? İrəvandan Rusiya əleyhinə bəyanatlar eşidiləcəkmi? Hələlik yüksək dərəcədə qeyri-müəyyənlik olduğunu deyə bilərik. Nikol Paşinyan Rusiyaya bir az da yaxınlaşıb, Qərbə doğru hərəkətini ləngitmək qərarına gəlib, yoxsa ziqzaq gedişlər edir, bəlli deyil”.
Paylaş: