Xəbər lenti

Qarabağ oyunu və GİZLİ LAYİHƏ: İrəvan iki SEÇİM QARŞISINDA

Ermənistan Putinin qəzəbinə rəğmən mərkəzdənqaçma siyasəti yürüdür, əvəzində Avropa İttifaqı ilə noyabr ayında yeni saziş imzalamağa hazırlaşır. Nə qədər inandırıcı görünməsə də, İrəvanın Kremlin orbitindən yayındığı, yaxud buna çalışdığı müşahidə olunur. Lakin proseslərin son nəticəsində Ermənistanda Ukrayna ssenarisinin yaşana biləcəyi da istisna deyil.

Publika.az
 xəbər verir ki, “Yelk” blokunun Putinin müəllifi olduğu Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı təklifi Rusiyada ciddi müzakirələrə səbəb oldu. Moskva hesab edir ki, “Yelk” Serj Sarkisyan hakimiyyətinin gizli layihəsidir, təklif də əslində Baqramyan 26-da (Ermənistan Prezident Administrasiyasının ünvanı) hazırlanıb. Sarkisyan bu təklifi “Yelk”in adından irəli sürməklə həm özünü hədəfdən yayındırır, həm də Moskvanı şantaj edir.

Sarkisyanın ikitərəfli oyunu:

a) Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın təşəbbüsü ilə bu ilin sonuna kimi görüşəcəyi gözlənilir. Bu görüş İrəvan üçün yaxşı heç nə vəd etmir. Erməni analitiklər də dəfələrlə bildirib ki, üçtərəfli formatda – Bakı-Moskva-İrəvan – keçən istənilən görüş Ermənistana ziyandır. Çünki belə görüşlərdə Bakı öz tələbini ciddi şəkildə irəli sürür, Moskva da Bakının tələbləri üzərindən İrəvanı sıxışdırır.



Əslində Moskvanın üçtərəfli görüş təklifinin arxasında münaqişədə təşəbbüsü öz əlində saxlamaqla yanaşı, həll variantını da qəbul etdirmək istəkləri dayanır. Təbii ki, rusların münaqişənin həllilə bağlı öz planları var və bu plan ilk növbədə Moskvanın xeyrinədir. Lakin bütün hallarda mövcud status-kvonun dəyişməsi da qaçılmazdır.
Qarabağ münaqişəsinin yaranmasında Rusiya böyük rol oynayıb, indiyə qədər heç bir həll variantının tapılmaması da Moskvanın xeyrinədir. Lakin “aprel döyüşləri”ndən sonra vəziyyət bir qədər dəyişdi, buna görə də Rusiya münaqişənin alovlanmaması və təşəbbüsün Amerikanın əlinə keçməməsi üçün öz variantının qəbuluna çalışır. Bu variant ilk növbədə 5 rayonun qaytarılmasını özündə əks etdirir. Sentyabrın 14-də Moskvada “Prezident” hotelində keçirilən “Moskva-Bakı oxu” konfransında Kremlin ideoloqu hesab olunan Aleksandr Duqin də 5 rayon məsələsini gündəmə gətirdi.

Liderlər ermənilər tərəfindən tutulmuş beş rayonun Azərbaycana qaytarılmasına nail olacaqlar. Məndən dəfələrlə soruşurlar ki, bəs iki rayon və Qarabağın taleyi necə olacaq? Mən onun tərəfdarıyam ki, əgər bütün prezidentlər indiki halda 5 rayonun qaytarılmasına razıdırsa, niyə bunu həyata keçirməməliyik? Hesab edirəm ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri maneələri birlikdə nəzakətlə dağıtmalıdır. Məsələ ondadır ki, 5 rayonun boşaldılması cəmiyyətlərdə təhrif olunmuş formada anlaşılır”, - deyə Duqinin səsləndirdiyi bu fikirlər göstərir ki, Rusiya 5 rayonun boşaldılmasına nail olaraq, bölgədə sabitliyi bərpa etmək və öz layihələrini həyata keçirməyi planlaşdırır. Təbii ki, Qarabağ və 2 rayonun sonrakı taleyi Azərbaycanın razılaşmasında ciddi problemdir, amma hazırda bu prosesdən ən çox Ermənistan əziyyət çəkir.


Bu proseslərin fonunda Putinin planlaşdırdığı Qarabağ görüşü öncəsi Ermənistanın Baqramyan 26-ya bağlı gizli müxalifətin rusların ittifaqından çıxmaqla bağlı təklifi təsadüfi deyil. Güman ki, Sarkisyan öz kartlarını açır və Putini şantaj edir.

b) Avropa İttifaqı şantaj üçün əla vasitədir. Əslində məsələyə bir qədər də uzaqdan baxsaq, ortada Sarkisyanın Putini şantaj etməklə yanaşı, erməni diasporunun qarşısında da oynadığını deyə bilərik.

Erməni diasporu: Donald Tramp prezident seçiləndən sonra ABŞ-dakı erməni diasporu və lobbisini qapının arxasında qoydu. Ardınca Erməni Milli Konqresi (ANKA) və Amerika Erməni Məclisi (AAA) haqqında Dağlıq Qarabağa maliyyə yardımlarının edilməsi ilə bağlı məhkəmə təhqiqatının başladığına dair məlumatlar yayıldı. Bunun fonunda Sarkisyanın bir neçə dəfə Trampla danışmaq cəhdi də alınmadı.

Əvəzində ABŞ liderinin Azərbaycan Prezidenti İlham Əliyevə isti məktublar ünvanlaması okeanın o tayında “erməni arzularının” dəf edildiyini göstərir. Məhz Trampın soyuq münasibətindən sonra erməni diasporu Avropada fəaliyyətə ağırlıq verməyə başladı. Xüsusilə Fransa üzərindən beynəlxalq siyasətdə öz maraqlarının müdafiəsi planını işə saldı. Hesab etmək olar ki, Avropa İttifaqının Ermənistanla yeni saziş imzalamaq israrı buradan qaynaqlanır. Eləcə də Sarkisyanın Putinin qəzəbinə rəğmən, ittifaq nümayəndələrini İrəvanda qəbul etməsi, yeni sazişləri müzakirə etməsi erməni diasporunun istəyinə uyğun etdiyini deyə bilərik. Sentyabrın 14-də Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri, diplomat Pyotr Svitalskinin İrəvanda “Ermənistanda Avropa klubları” adlı esse müsabiqəsinin qaliblərini mükafatlandırması da təsadüfi deyildi.



Ruslara “kəllə atmaq”: Sarkisyan bununla erməni diasporunun istəyini yerinə yetirir, həmçinin, Putin qarşısında əlini gücləndirməyə cəhd edir.

1. Dağlıq Qarabağ danışıqlarında Sarkisyanı taxtından edəcək razılaşmaya imza atmamaq, yaxud ən azından bunu gecikdirmək.
2. 2018-ci ildə prezident səlahiyyətləri başa vurandan sonra da rusların dəstəyi ilə ölkə üzərində gücünü saxlamaq. (Ermənistan mediası Sarkisyanın 2018-ci ildən sonra Milli Təhlükəsizlik Şurasının katibi olacağı və ölkəyə nəzarət səkahiyyətlərini əlində saxlayacağını yazır).

Hələlik, Sarkisyanın şantajının hədəfində bu, iki məsələ görünür.

Putinin beynəlxalq mədəni münasibətlər üzrə nümayəndəsi Mixail Şvıdkoyun İrəvana gəlişini nəzərə almasaq, Rusiyanın reaksiyasının necə olduğu hələlik sezilmir. Hərçənd, Şvıdkoyun İrəvanda lazımi müzakirələr apardığı və mesajları çatdırdığına dair ehtimallar mövcuddur.

Lakin bütün bu oyunun kənarında Svitalskinin İrəvanda açıqladığı bir məsələ diqqətdən yayınmır.

“Ermənistan və Avropa İttifaqı arasında razılaşmanın detalları imzalanmaya qədər açıqlanmayacaq”, - deyə Brüsselin səfiri vurğuladı.
Hərçənd, sonra bunun prosedur qaydası olduğunu desə də, ox yaydan çıxmışdı. Axı Ermənistan nə Azərbaycan, nə də Gürcüstandır, söhbət rus ordusunun qərargah qurduğu, Moskvanın göstərişlərilə idarə olunan ölkədən gedir. Və istər-istəməz razılaşmanın detallarının ruslardan gizlədildiyi versiyası güclənir. Deməli, Avropa detalları açıqlayacağı təqdirdə Rusiyanın razılaşmaya qədər Ermənistana müdaxilə edə biləcəyindən ehtiyat edir, eyni şeyi Sarkisyan haqda da deyə bilərik.



Bu arada, “Kavkazplus” saytının Ermənistanın düşdüyü vəziyyət barədə yazdıqları da maraqlıdır.

“2013-cü ildə Ukrayna ilə Avropa İttifaqı arasında Assisiativ Saziş hazırlanırdı. Hər şeylə maraqlanan ekspertlər bu razılaşmanın layihəsini oxudular və dəhşətə gəldilər. Razılaşa Ukraynaya heç bir xüsusi hüqiq vermirdi, sadəcə olaraq, Rusiyadan və post-sovet məkanından iqtisadi olaraq tamamilə qopurdu. Bu gün Aİ Ermənistanla bağlı da analoji layihəni hazırlaşır. Sarkisyan bu layihəni erməni əhalisindən gizlədir. Mümkündür ki, bu, nəticə etibarilə erməni cəmiyyətində münaqişə yaradacaq, özü də böyük qanla müşahidə olunan geosiyasi münaqişə”, - deyə sayt qeyd edir.

Görünür, Ermənistan “geosiyasi seçim” qarşısında qalıb və hər iki halda qanlı gələcək yaşayacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 011          Tarix: 18-09-2017, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma