Xəbər lenti

 

Şəkərlin diabet  mütləq və nisbi insulin çatışmazlığı nəticəsində yaranan xəstəlikdir. Mütləq (pankreasdaxili) insulin çatışmazlığı dedikdə bu hormonun sintezinin və sekresiyasının pozulması nəzərdə tutulur. Buna I tip diabet də deyilir. Əsas səbəblərdən biri mədəaltı vəzin Langerhans adacıqlarında olan B-hüceyrələrin irsi zəifliyidir. Bəzi  müəlliflər şəkərli diabetin yaranmasını irsi meyillə əlaqələndirirlər. Lakin nəsildən-nəslə verilmə mexanizmi hələ tam aydın deyil.

Ovqat.com herba-flora.com-a istinadən bildirir ki, şəkərli diabetə  irsi meyli olan şəxslərdə  xəstəliyin aşkara çıxmasına səbəb ola bilən amillər: şəkərlə (xüsusən təmizlənmiş - rafinə) və yağlarla zəngin olan qida maddələrinin həddən artıq qəbul edilməsi, piylənmə, patoloji hamiləlik , mexaniki travmalar, kəskin sinir-psixi gərginlik, infeksiya və intoksikasiyalar, başqa endokrin vəzlərin disfunksiyaları (tireotoksikoz, İtsenko Kuşinq xəstəliyi, akromeqaliya) ateroskleroz, hipertoniya, kəskin və xroniki pankreatitlər. Hemoxromatoz, mədəaltı vəzin  şişləri və sistoz degenerasiyası kimi xəstəliklər irsi meyilliyi olmayan adamlarda da şəkərli diabetin əmələ gəlməsinə səbəb ola bilər. Bəzən insulin çatışmazlığına langerhans adacıqlarını qidalandıran damarların aterosklerozu və spazmı, B-hüceyrələrin həddən artıq gərgin fəaliyyətdən sonra zəifləməsi səbəb olur.
Nisbi insulin  çatmışmazlığı (pankreasdankənar) periferik toxumalarda və qanda insulinin hormonal və qeyri-hormonal təbiətli antaqonistlərinin artması nəticəsində əmələ gəlir. İnsulinin hormonal antaqonistlərinə AKTH, somatotrop hormon, qlükokortikoidlər, adrenalin, tiroksin, qlükaqon və s. aiddir.
Nisbi isulin çatışmazlığına səbəb olan qeyri-hormonal amillərdən biri qaraciyərdə sintez edilən insulinaza fermentidir. Onun miqdarının normadan  artıq olması insulinin sürətlə parçalanmasına səbəb olur. Orqanizmdə yaranan anticisimlər də şəkərli diabetin inkişaf səbəblərindəndir. Belə güman edilir ki, insan yaşa dolduqca B-hüceyrələrdə somatik mutasiya baş verir. Nəticədə B-hüceyrələrdə antigen xassəsinə malik olan insulin molekulları sintez edilir. Bu da öz növbəsində insulin əleyhinə anticisimlərin əmələ gəlməsinə səbəb olur. Şəkərli diabet xəstəliyi maddələr mübadiləsinin bütün növlərinin pozulmasına səbəb olur. Xəstəliyin əsas əlaməti hiperqlikemiya və qlükozuriyadan ibarətdir. Müasir təsəvvürlərə görə, şəkərli diabet xəstəliyində həm hüceyrələrin qlükozanı sərfetmə qabiliyəti zəifləyir, həm də qlükogenez və qlükogenin parçalanması sürətlənir.
Şəkərli diabet xəstəliyi zamanı oksidləşmə prosesləri pozulduğuna görə, orqanizm kifayət qədər enerji ala bilmir. Bu zaman orqanizmin tələbatına müvafiq miqdarda enerji alması üçün hüceyrələrə daha artıq qlükoza daxil olmalıdır. Şəkərli diabet xəstəliyində olan hiperqlikemiya orqanizmin əsas kompensator reaksiyalarından biri hesab edilməlidir. Hiperqlikemiya şəraitində qlükoza hüceyrə membranından nisbətən asanlıqla keçir. Bu, kompensator reaksiya olsa da, onun mənfi cəhətləri də vardır. Hiperqlikemiya zamanı qlüko- və mukoproteidlərin sintezi sürətlənir, onlar asanlıqla birləşdirici toxumaya çöküb, hialin maddəsi əmələ gətirir. Buna görə şəkərli diabet xəstəliyi zamanı damarlarda ateroskleroz prosesi sürətlənir. Diabetiklərin qanında şəkərin artıqlığı xəstəliyin ağırlıq dərəcəsindən asılıdır.
Xəstəliyin əsas əlamətlərindən biri qlükozuriyadır (şəkərin sidiklə xaric olması). Normada sidikdə şəkər olmur. Qanda şəkərin qatılığı 8,88-11.10 mmol/l-ə (160-200mq%) çatdıqda qlükozuriya olur.
Şəkərli diabet xəstəliyinin ağırlaşmalarından biri-hiperqlikemik komadır. Bu zaman huşun itirilməsi, zəif nəbz, arterial hipertenziya, patoloji tənəffüs olur. Şəkərli diabetin bütün tipləri onun üçün xarakterik olan ümumi simptomlarla müşayiət olunur. Bu simptomlar ağızda quruluq, susuzluq, sidik ifrazının tezləşməsi, dəridə qaşınmalar, arıqlama, ümumi zəiflik, halsızlıq, yorğunluq aiddir.
Diaqnoz klinik şəklə, anamnezə və laborator müayinəyə əsasən qoyulur. Qanda şəkərin miqdarı 11,10 mmol/l-dən artıq olduqda xəstəlikdən şübhələnməyə əsas verir. Müalicə medikamentozdur, yanaşı olaraq pəhriz, fiziki aktivlik də çox önəmlidir. Eyni zamanda dərman bitkiləri ilə müalicə də qanda şəkərin tənzimlənməsində əhəmiyyətli rol oynayır.
 
 RESEPTLƏR
- 2 xörək qaşığı üyüdülmüş qarabaşaq yağlılığı az olan 1 stəkan kefirdə qarışdırılıb səhər və axşam yeməklərindən 40 dəqiqə əvvəl qəbul edilir.
- Dəfnə yarpaqları dəmləməsi: axşamdan termosda 10 dəfnə yarpağı 1/2 l qaynar suda dəmlənilir və növbəti gün hər qida qəbulundan 30 dəqiqə əvvəl 1/3 stəkan içilir.
- İtburnu dəmləməsi çox təsirli vasitədir. 5 xörək qaşığı itburnu yaxşı əzilir və axşamdan termosda 1 l qaynar suda dəmlənilir. Səhər bir neçə dəfə yaxşıca süzülüb gündə 3 dəfə qida qəbulundan əvvəl 1/3 stəkan içilir.
- 1 xörək qaşığı qoz qabıqlarının arakəsmələri 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və hər qida qəbulundan əvvəl 1 xörək qaşığı olmaqla içilir.
- Səhər və axşam qida qəbulundan əvvəl stəkanın 1/3 hissəsi olmaqla yerarmudu şirəsi içilir.   
- 1 xörək qaşığı yonca çiçək və yarpaqları ilə 1 stəkan qaynar suda 3 saat ərzində dəmlənilir və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edilir.
- 1 xörək qaşığı zirinc 1 stəkan qaynar suda dəmlənilir və gündə 3 dəfə qida qəbulundan əvvəl 2 xörək qaşığı olmaqla içilir.
- Yulaf qanda şəkərin səviyyəsini tənzimləməyə yaxşı kömək edir. Bunun üçün 1 stəkan yulafın üzərinə 1 l qaynar su əlavə olunur və vam odda kip bağlı qazanda 20 dəqiqə ərzində qaynadılır. 1 saatdan sonra suyu süzülür və gündə 3 dəfə qida qəbulundan əvvəl  stəkanın 1/3 hissəsi olmaqla içilir.
- Səhər və axşam yeməyindən əvvəl Diabetea çayı, günorta yeməyindən əvvəl isə Mirfazin çayı qəbul olunur.




Ana səhifəyə qayıt        Baxış: 1 013          Tarix: 12-08-2017, 20:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma