Xəbər lenti
“Türkiyə Ermənistanla gizli danışıqlar...” - Dağlıq Qarabağa səfərin qarşısı nyə alınmadı?
Sentyabrın 22-də Türkiyədən olan bir qrup "ziyalı" “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa səfər edərək anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər.

Bu səfəri şərh edən politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında bildirib ki, sözügedən qrupda yer alan insanlar ermənilərin hansı çirkin niyyətlərinin olduğunu çox yaxşı bilirlər.

Müsahibimiz səfəri təşkil edən “Qərbi Ermənistan Konqresi”nin adına diqqət yetirilməsinin vacib olduğunu bildirib. O qeyd edib ki, İrəvan “Qərbi Ermənistan” adı altında Türkiyənin şərq ərazilərini təqdim edir və açıq şəkildə ərazi iddiası irəli sürür.

“Məsələn, Əli Bayramoğlu tanınmış jurnalistdir və ermənilərin Türkiyəyə qarşı iddiaları barədə məlumatlıdır. Ufuk Uras da “Qərbi Azərbaycan Konqresi”nin nizamnaməsini də, qarşıya qoyduğu məqsədləri çox gözəl bilir. Təşkilatın Türkiyəyə qarşı qan qusduğunu Əli Bayramoğlu hətta dəfələrlə öz yazılarında qeyd edib. Bir sözlə, bu insanlar nə etdiklərini və hara getdiklərini çox yaxşı başa düşürdülər”, - Q. Hüseynli bildirib.

Türkiyənin Azərbaycandakı səfirliyindən verilən bəyanata görə, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər Türkiyənin müxalifət partiyasını təmsil edən keçmiş millət vəkilləri və müxalif jurnalistlərdir. Həmin qrupun şəxsi təşəbbüslə və Türkiyənin rəsmi qurumlarını xəbərdar etmədən bu səfəri həyata keçirdiyi bildirilir.

Lakin Q.Hüseynli bu bəyanatla razılaşmır. Onun sözlərinə görə, səfər barədə ən azı hansısa nazirlik və hüquq-mühafizə orqanları səviyyəsində məlumatın olmaması mümkün deyildi. Politoloq bildirir ki, səfərin həyata keçirilməsi və sərhəddən keçmək üçün müəyyən hüquqi prosedurlar tətbiq olunmalı idi.

Q.Hüseynli əlavə edir ki, Türkiyə hökumətinin müəyyən dairələri səfərdə iştirak edən insanların təxribata meylli insanlar olduğunu da yaxşı bilirlər:

“Bu insanlar uzun müddətdir ki, “erməni soyqırımı”nın tanınması istiqamətində fəaliyyət göstərən şəxslərdir. Onların hara gedəcəyini və Türkiyə-Azərbaycan münasibətlərinə zərər verəcəyini də bilməmiş deyildilər. Mən bu məsələdə Türkiyə dövlətinin səhlənkarlığını, məsələyə barmaqarası yanaşdığını, hətta bəzi dairələrin səfərin həyata keçirilməsində maraqlı olduğunu görürəm. Səfərin təşkili üçün müəyyən hüquqi prosedurların həyata keçirilməsi vacib olduğundan, Türkiyə hökumətinin müəyyən dairələrinin bundan xəbərsiz olduğunu iddia etmək mümkün deyil”.

Azərbaycan həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edib. Səfər qrupunda iştirak edən Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.

Hər halda ortada “Lapşin nümunəsi” var. Dağlıq Qarabağa qanunsuz səfər edən Aleksandr Lapşin dost Belarus tərəfindən Azərbaycana ekstradisiya olundu.

Müsahibimiz bildirir ki, Türkiyə bir müddət həmin insanlar barədə qaldırılmış cinayət işləri barədə sənədləri tələb edə bilər:

“Cinayət işi qaldırılıb və toplanılan materiallar qısa müddətdə Türkiyəyə göndərilə bilər. Türkiyənin hansı addımlar atacağını dəqiq söyləmək çətindir. Amma söhbət bir qrup şəxsin Azərbaycan sərhədlərini qeyri-qanuni keçməsindən gedirsə, Türkiyə tərəfi Azərbaycanın tələbini yerinə yetirməlidir. Ola bilsin ki, müəyyən dairələr həmin insanlar barədə tədbirlərin məhz Türkiyədə həyata keçirilməsinə çalışsın. Amma bu, Azərbaycanın xeyrinə olan bir hal deyil. Azərbaycan yalnız Türkiyə hökuməti qarşısında tələb irəli sürməməli, bunu həm də İnterpol xətti ilə tələb etməlidir. Məsələyə yalnız iki dövlətin münasibətləri çərçivəsində baxılmamalıdır. Nəzərə alaq ki, Türkiyənin məhkəmə və prokurorluq orqanlarında sol baxışlı insanlar kifayət qədər çoxdur və onlar Azərbaycanın tələbinin yerinə yetirilməsinə mane ola bilərlər”.

Q.Hüseynlinin fikrincə, bu cür səfərlərin davam edəcəyinə ehtimal vermək bir qədər çətindir:

“Səfərdə iştirak edənlər barədə Azərbaycan tərəfindən cinayət işinin qaldırılması ciddi müzakirələrə və mövqelərin ciddi şəkildə qarşıdurmasına gətirib çıxaracaq. Səfərlərin davam etməsi Türkiyə hökumətinin proseslərə nəzarət edə bilmədiyi barədə təssürat yarada bilər. Ankaranın bu adamları Azərbaycana təhvil verməməsi isə Türkiyənin Sürix danışıqlarına bənzər formada Ermənistanla gizli danışıqlar apardığına dair qənaət formalaşdıra bilər. Bu baxımdan, Ermənistanın yeni səfərlər təşkil etmək imkanları yetərincə deyil, hətta sıfra bərabərdir”.




Ana səhifəyə qayıt        Baxış: 1 108          Tarix: 29-09-2017, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma