Xəbər lenti

Fevralın 2-də ABŞ Müdafiə Nazirliyi Birləşmiş Ştatların nüvə siyasətinin yeni doktrinasını (Nuclear Posture Review) təqdim edib. Pentaqonla Energetika Nazirliyinin birgə hazırladığı sənəd ABŞ nüvə qüvvələrinin inkişaf strategiyası hesab olunur. Prezident Donald Tramp strategiyanı alqışladığını deyib. Və bildirib ki, nüvə silahlarının sayını azaltmaq istiqamətində ABŞ-ın çoxsaylı səylərinə baxmayaraq, son onillikdə digər nüvə gücləri öz arsenallarını genişləndirməyə davam ediblər. Bu səbəbdən də, yeni strategiya ABŞ-ın nüvə doktrinasını modernləşdirmək, 21-ci əsrin təhdidlərinə müqavimətini təmin etmək məqsədilə hazırlanıb. Sənəd nüvə qüvvələrinin komandanlığının, eləcə də bütün nüvə arsenalının (atom sualtı qayıq, təyyarə, raket) müasirləşdirilməsini nəzərdə tutur. 

Doktrinada nüvə arsenalını genişləndirən ölkələr açıqlansa da, Tramp bəyanatında onların adını çəkməyib. Sənəddə qeyd olunur ki, Rusiya və Çin ABŞ-ın ziddinə gedərək nüvə qüvvələrini gücləndirib: "Rusiya bu silahlardan ilk istifadə edəcəyi təqdirdə üstünlük qazanacağını düşünür. Ona görə də, ABŞ-ın strateji əhəmiyyətli vəzifələrindən biri Rusiyanın belə xülyaları tərk etməsini təmin etməkdir". 

Yeni strategiyada qeyd olunur ki, Birləşmiş Ştatlar nə Rusiyanı, nə də Çini öz düşməni hesab etmək istəyir. Və hər iki ölkə ilə münasibətlərinin stabil olmasına tərəfdardır. Bununla belə, doktrinada Rusiya, Çin, Şimali Koreya və İran artan xarici təhdid kimi xarakterizə olunur: «ABŞ və Rusiya yaxın keçmişdə nüvə riskləri ilə bağlı daimi dialoq içində idilər. Lakin Krımın Rusiya tərəfindən ilhaqından sonra konstruktiv əməkdaşlıq kəskin şəkildə zəiflədi. ABŞ ümid edir ki, gələcəkdə Rusiya Birləşmiş Ştatlar və onun müttəfiqləri ilə açıq əməkdaşlığa gedəcək".

Doktrinaya görə, BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq nüvə-raket potensialını gücləndirən və bu istiqamətdə qanunsuz addımlarını davam etdirənŞimali Koreya da ABŞ-da narahatlıq yaradır. 

İrana gəldikdə, sənəd müəllifləri hesab edirlər ki, bu ölkə nüvə silahının yaradılması üçün lazımi texniki imkanlarını saxlamaqda davam edir. 

ABŞ Müdafiə Nazirliyinin qənaətinə görə, hazırda Vaşinqtonun müqavimət göstərməli olduğu müxtəlif təhdidlər var. Bundan əvvəlki strategiya keçmiş prezident Barak Obamanın dövründə qəbul olunmuşdu. Həmin sənəddə qeyd olunurdu ki, Rusiya nüvə potensialına görə ABŞ-la müqayisə oluna biləcək yeganə ölkədir. "Lakin ABŞ-Rusiya münasibətlərinin təbiəti dəyişib. Bu ölkələr artıq düşmən deyil və hərbi konfrontasiya ehtimalı kəskin azalıb", – deyə Obama dövründə qəbul olunan doktrinada bildirilirdi.

Qeyd edək ki, dünya «nüvə klubu»nun 5 rəsmi, 4 qeyri-rəsmi üzvü var. "Nüvə klubu" nüvə silahına malik olan dövlətlərin qeyri-rəsmi adıdır. Burada ilkə imza atan Birləşmiş Ştatlardır. ABŞ ilk dəfə atom bombasından 1945-ci ilin iyun ayında istifadə edib. ABŞ-ın ardınca meydana öz atom arsenalı ilə SSRİ (1949), Böyük Britaniya (1952), Fransa (1960) və Çin (1964) çıxıb. Bu beş dövlət "nüvə klubu"nu təşkil edib və dünya ölkələrinin bir çoxu nüvə silahının yayılmaması üzrə saziş imzaladıqdan sonra – 1970-ci ildə bu kluba giriş qapadılıb. 

Bu sazişə imza atmayanlar da olub – İsrail, Hindistan, Şimali Koreya və Pakistan. Bu ölkələr "nüvə klubu"nun qeyri-rəsmi üzvləridirlər. Hindistan ilk dəfə 1974-cü ildə nüvə silahını gizli şəkildə sınaqdan keçirib. İkinci sınaq 1998-ci ildə olub. Bu dəfə açıq şəkildə. Elə həmin il Hindistanın əsas rəqibi Pakistan da atom bombasını işə salıb.

Şimali Koreya isə nüvə silahını 2006-da üzə çıxarıb. Nüvə silahına sahiblənməklə Hindistan Çindən, Pakistan Hindistandan, Şimali Koreya isəətrafındakı hər kəsdən, eləcə də ABŞ-dan qorunmağa çalışıb. 

İsrail bu məsələdə xüsusi statusa malikdir. Bu ölkə nüvə silahına sahib olması ilə bağlı iddiaları nə təsdiq, nə də təkzib edir. Ekspertlərin bu məsələdə qənaəti isə yekdildir – İsrailin nüvə silahı var.

Nüvə silahına sahib olmaq cəhdləri Cənubi Afrika Respublikası tərəfindən də görülüb. Lakin 1991-ci ildə beynəlxalq ictimaiyyətin təzyiqləri altında ölkə bu niyyətindən əl çəkməli olub.

Müxtəlif illərdə müxtəlif ölkələr (İsveç, Braziliya, İsveçrə, Misir) öz hərbi-nüvə proqramlarını həyata keçirirdilər. İran nüvə bombası hazırlamaq niyyətinə görə dəfələrlə ittiham olunub. Bununla belə Tehran israrla bildirirdi ki, bunu dinc məqsədlərlə edir.

Hindistan, İsrail, Pakistan və Şimali Koreya "nüvə klubu"na rəsmən daxil olmur. Bunun bir səbəbi odur ki, nüvə silahına ilk sahib olan ölkələr ona sahiblik hüququnu da qazanıblar. Digər səbəb isə odur ki, bu ölkələr stabil siyasi rejimlər tərəfindən idarə olunurlar ki, bu da nüvə silahının terrorçuların əlinə düşməyəcəyinə müəyyən qədər təminat verir.

Sovet dövründə dünya birliyi bu məsələ ilə bağlı dərin narahatlıq keçirirdi. Nəticə etibarilə sovetlərin atom arsenalı Rusiyaya miras qalmalı oldu.

Nüvə silahları iki nəhəng qrupa ayrılır – atom bombası, termonüvə bombası.Hazırda "nüvə klubu"nun həm rəsmi, həm qeyri-rəsmi üzvlərinin əksəriyyəti daha dağıdıcı olan termonüvə partlayıcısına sahibdirlər. Yeganə istisna Pakistandır. Bu ölkə üçün termonüvə bombasını hazırlamaq olduqca çətin və bahalıdır.

SIPRI-nin məlumatına görə, ən çox nüvə başlığına sahib ölkə Rusiyadır – 7000. İkinci yerdə 6800 nüvə başlığına sahib olan ABŞ gəlir. Növbəti yerləri isə bu ölkələr bölüşür – Fransa (300), Çin (270), Böyük Britaniya (250), Pakistan (130), Hindistan (120), Şimali Koreya (10).

Qayıdaq ABŞ-ın yeni nüvə strategiyasına. Sənəddə qeyd olunur ki, Vaşinqton nüvə silahını Birləşmiş Ştatların təhlükəsizliyini təmin edən əsas vasitə sayır. Doktrinada qitələrarası ballistik raketlər, strateji aviasiya, atom sualtı qayıqlar daxil olmaqla, nüvə arsenalını müasirləşdirmək təklif olunur. Bununla yanaşı, Vaşinqton yeni silah sistemlərinə, xüsusən də aşağı güclü nüvə bombalarının inkişafına sərmayə qoymağa hazırlaşır: "Hazırda ABŞ "Ohayo" sinifli 14 atom sualtı qayığa sahibdir. Bu qayıqlar 12 ədəd "Kolumbiya" sinifli atom sualtı qayıqlarla əvəzlənəcək. Qitələrarası ballistik raketlərin sayı 300-dür. 2029-cu ildə onlar yeniləri ilə əvəzlənəcək".

Doktrinada ABŞ-ın nüvə silahından hansı hallarda istifadə edə biləcəyinə də toxunulur. Bildirilir ki, yalnız istisna hallarda bu yola əl atıla bilər. Məsələn, ölkənin və ya onun müttəfiq və tərəfdaşlarının həyati əhəmiyyətli maraqlarını qorumaq zərurəti yaranarsa: "Bu halda Birləşmiş Ştatlar hər hansı münaqişəyə minimum itki, daha çox qazancla son qoymağa çalışacaq". 

Doktrinada Vaşinqton ilk dəfə bəyan edib ki, qeyri-nüvə qüvvələrinə qarşı cavab tədbiri kimi, nüvə zərbəsindən istifadə oluna bilər: "ABŞ elə etməlidir ki, potensial düşmənlər nüvə silahından ilk olaraq istifadənin necə nəticələnəcəyini tam dərk etsinlər". 

Rusiya 2014-cü ildə qəbul etdiyi sonuncu hərbi doktrinasında qeyd edib ki, Moskva ona və ya müttəfiqlərinə nüvə, həmçinin başqa növ kütləvi qırğın silahı tətbiq edənlərə cavab olaraq nüvə silahından istifadə hüququnu özündə saxlayır.Eyni zamanda nüvə silahı dövlətin mövcudluğuna təhlükə yaranacağı, ölkəyə qarşı qeyri-nüvə silahı ilə belə, aqressiyaya yol veriləcəyi təqdirdə də işə salına bilər. Lakin Rusiyanın doktrinasında ABŞ-ın adı bir dəfə də çəkilmir. 

Britaniyanın 2015-ci ildə qəbul edilmiş analoji sənədində isə nüvə silahından istifadəyə əsas kimi özünümüdafiə üçün ekstremal şərtlərin yaranması göstərilir. Həmçinin nüvə silahından NATO-dakı müttəfiqləri müdafiə üçün də istifadə oluna bilər. Lakin krallıq onu da qeyd edib ki, Britaniya nüvə silahına sahib olmayan ölkəyə qarşı bu silahlardan istfadə etməyəcək. Çin isə doktrinasında qeyd edib ki, nüvə silahından ancaq cavab tədbiri kimi istifadə edə bilər. 


Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 862          Tarix: 6-02-2018, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma