Xəbər lenti
21-01-2025, 19:46

 
İranla 2015-ci ildə bağlanmış, lakin 3 ildən sonra ABŞ-ın sabiq prezidenti Donald Trampın geri çəkilməsi ilə dalana dirənən nüvə sazişi ətrafında başlanan yeni müzakirələr 3-cü həftəni geridə buraxıb.
 
Ovqat.com
-un məlumatına görə, Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi adından, AB katibinin müavini və AB Xarici İşlər Xidmətinin Siyasi Direktoru Enrike Moranın rəhbərliyi ilə keçirilən Hərtərəfli Birgə Fəaliyyət Planı (JAPP) Komissiyasının toplantısına Rusiya, Çin, Almaniya, İngiltərə, Fransa və İrandan yüksək səviyyəli nümayəndələr qatılıblar.
 
AB Xarici Əlaqələr Xidmətinin Siyasi direktoru Mora Twitter-də Vyanadakı danışıqların üçüncü həftəsinin başa çatdığını və tərəflərin gələn həftə yenidən bir araya gələcəyini bildirib.
 
Müzakirələrdəki irəliləyişin orta səviyyədə davam etdiyini bildirən Mora məsələlərin çoxtəfərrüatlı olmasının vəziyyəti çətinləşdirdiyini bildirib.
 
Rusiyanın BMT-dəki Vyanadakı daimi nümayəndəsi səfir Mixail Ulyanov müzakirələrlə bağlı “Evronews”-a açıqlama verərək ABŞ-ın tətbiq etdiyi sanksiyaların ləğvi istiqamətində atılacaq addımların hələ yekunlaşmadığını və ekspert qruplarının işlərini davam etdirdiklərini deyib.
 
Müzakirələrin düzgün istiqamətdə getdiyini qeyd edən Ulyanov müzakirələrin uzanmasının səbəbini İran və ABŞ təmsilçilərinin hələ də yekdil fikrə gəlməməsi ilə əsaslandırıb: “Danışıqlar davam edən bir prosesdir və doğru istiqamətdə irəliləyir. Problemin müsbət həlli üçün ABŞ və İranın ortaq dil tapması lazımdır". 
 
Ulyanovun bildirdiyinə görə, İrandan başqa Sazişin tərəfi olan digər ölkələr hesab edirlər ki, ABŞ nümayəndəsi ilə görüşləri müsbət nəticələnir və onlar Vaşinqtonun Sazişə qayıtmaq üçün siyasi qətiyyət nümayiş etdirdiyinə inanırlar.
 
“Danışıqların başa çatacağı dəqiq tarix verilə bilməz”, - Ulyanov bildirib, - Heç bir zaman məhdudiyyəti yoxdur, lakin tərəflər danışıqları təxminən 3 həftə sonra uğurla başa çatdırmaq niyyətindədirlər. Bu gözləntilərin nə dərəcədə real olduğunu görəcəyik".
 
 
İran dövlət televiziyasına danışıqlar barədə məlumat verən ölkənin Xarici İşlər nazirinin müavini Abbas Arakçi da müzakirələrin indiyə qədər ağır, lakin rəvan getdiyi və müəyyən yetkinlik səviyyəsinə çatdığını bildirib.
 
Arakçı əlavə edib ki, ABŞ İrana maliyyə və bank sahələrində tətbiq edilən sanksiyaların ləğvinə, sanksiya siyahısından bir çox şəxslərin və təşkilatların çıxarılmasına dair artıq razılığa gəlib. Sözçünün bildirdiyinə görə, İran isə bununla kifayətlənmir, sanksiyaların tam ləğvini tələb edir: "Əgər İranın tələbləri tam yerinə yetirilsə, Saziş baş tutacaq. Təbii ki, bizim tələblərimiz yerinə yetirilməsə, heç bir razılaşma olmayacaq".


Ana səhifəyə qayıt        Baxış: 5 319          Tarix: 2-05-2021, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma