Xəbər lenti

 
 
Polyaklar “Baltic Pipe” boru kəmərinin tikintisinə başlayır.
 
Ovqat.com xəbər verir ki, Polşanın “Gas-System” operatoru  boru kəmərinin yayda inşasına başlamaq istədiyi açıqlayıb.
 
Məlumata görə, layihənin inşası üçün artıq 3 borudöşəmə gəmisi ayrılıb və onların bortunda son hazırlıq çalışmaları gedir.
 
Aİ-nın “Şimal axını-2” layihəsinin inşasının dayandırılması barədə tövsiyə xarakterli bəyanatından sonra Polşanın bu addımı bəzi sualları ağla gətirir: Əcəba, bu boru kəməri “Şimal axını-2” layihəsinə alternativ kimimi nəzərdə tutulub?
 
Beynəlxalq şərhçi, fəlsəfə elmləri doktoru Aydəm İsmayılov bu iddia ilə razılaşmır. Onun fikrincə, Baltik boru kəməri bir neçə səbəbdən “Şimal axını-2” layihəsinin alternativi ola bilməz: Əvvəla, ona görə ki, iki layihə arasında həcm fərqi var. “Şimal axını-2” ildə 55 milyard kub metr qaz nəqli üçün nəzərdə tutulub. “Baltik” boru kəməri ilə isə cəmi ildə 10 milyard kub metr həcmində qaz nəql edilə bilər. 
 
Üstəlik, Danimarka vasitəsilə Polşaya daşınacaq İsveç qazı o qədər də çox deyil. Hətta yaxın zamanlarda onun tükənməsi gözlənilir və bu səbəbdən də “Baltic Pipe” kəmərinin rentabelliliyi belə uzun illər müzakirələrə səbəb olmuş və layihənin inşası dayandırılmışdı. 
 
Ən əsası isə “Baltik” boru kəməri ilə “Şimal axını-2”layihəsi bir-birinin əksi istiqamətində qaz nəqlini planlaşdırır. “Şimal axını-2” Rusiyadan Avropaya, yəni qərb istiqamətində, “Baltic Pipe” isə şimal qərbdən – cənub şərqə uzanır. Yəni coğrafi nöqteyi nəzərdən də bir-birinin alternativi deyillər”.


Şəkildə: Aydəm İsmayılov Latviyanın sabiq prezidenti Valdis Zatlerslə bir yerdə
 
Aydəm İsmayılovun fikrincə, bununla belə, “Baltik” boru kəmərinin Rusiyanın qaz strategiyası və geosiyasi hədəfləri ilə birbaşa əlaqəsi var: “Bilirsiniz ki, ABŞ Şərqi Avropanı Rusiyanın təsir dairəsindən qoparmağa çalışır. Bunun üçün isə onun enerji təhlükəsizliyini qarantiya altına almaq lazımdır. ABŞ bu məqsədlə öz sıxılmış qazını Polşaya göndərib, oradan Şərqi Avropa və Baltik dövlətlərinə paylamaq istəyir. Bu məqsədlə də Polşada 2 böyük qaz anbarı yaradıb. Həmin yeraltı anbarlarda saxlanılan qazın müxtəlif vasitələrlə Ukrayna, Estoniya, Latviya və Litvaya göndərilməsi planlaşdırılır. Görünür, Polşa hər ehtimala qarşı qaz ehtiyatlarını artırmaq üçün o qədər də rentabelli olmamasına baxmayaraq, bu addımı atır”.
 
Aydəm İsmayılovun fikrincə, ABŞ-ın Şərqi Avropa strategiyasının mərkəzi bazası halına gələn Polşanın əsas məqsədlərindən biri də Belarusu da Moskvanın əlindən qoparmaqdır: “Yadınızdadırsa, 2019-cu ilin sonlarında Rusiya ilə əlaqələri qırılma nöqtəsinə gələn və 2020-ci ildə qaz və neft alış-verişləri dayanan Belarus lideri Lukaşenko alternativ qaynaq axtarışına çıxmış, üz tutduğu son ümid yeri Qazaxıstandan əli boş geri qayıtmışdı. Həmin vaxt məcburən okeanın o tayına müraciət etmiş və ABŞ-ın Dövlət Departamentinin sədri Mayk Pompeo 2020-ci ilin fevral ayında Minskə rəsmi səfərə gəlmişdi. Səfər çərçivəsində qaz alış-verişi müqaviləsi bağlayan tərəflər ilk dəfə əməkdaşlığa başlamışdılar. Minsk ziyarəti zamanı mediaya açıqlama verən Pompeo “Rusiyanın boyunduruğundan xilas olmağa çalışan istənilən dövlətə maddi-mənəvi dəstək verəcəyini bildirmiş və bu fikrə düşən hər hansı tərəfə çəkinmədən Vaşinqtona müraciət etməyə” çağırmışdı. Bu zəfərdən cəmi bir ay sonra Belarusa ilk partiya LNG qazı göndərən Vaşinqton mayın əvvəlində ikinci partiyanı da ünvanına çatdırmışdı. Həmin ərəfədə Belarusda seçki üsyanları başlamış və Lukaşenko çətin vəziyyətə düşmüşdü. Daha sonra isə Belarus lider Moskvanın himayəsinə sığınmış, bununla da seçki qiyamına son qoyulmuşdu”.
 
Aydəm İsmayılovun fikrincə, seçki sonrası ərəfədə yaranan gərginlikdə zahirən Qərbin və ABŞ-ın barmağı görünsə də, əslində bu təzyiq Moskvaya sərf edirdi: “Təsadüfi deyil ki, Baltikyanı ölkələrdən fəqli olaraq  ABŞ və Qərb ölkələri seçki üsyanlarının ilk günündən yox, Lukaşenko Moskvaya meylləndikdən sonra onun alternativi Svetlana Tixanovskayanı açıq-aşkar dəstəkləməyə başlamışdılar. Seçki oyunlarını bir kənara atsaq, ABŞ-ın həmin ərəfədə Belarusu enerji daşıyıcıları ilə təchiz etməsi Vaşinqtonun onu da “azad Şərqi Avropa” karvanına qatmağa çalışdığını göstərir. Onu da qeyd edim ki, Vaşinqton Şərqi Avropaya, o cümlədən Belarusa verdiyi neft və qaz xammalını “azadlıq molekulları” adlandırır”.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 5 345          Tarix: 8-05-2021, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma