Xəbər lenti

 

 

 

Kulis.az-ın “İşdən kənar” layihəsinin budəfəki qonağı tanınmış ictimai-siyasi xadim, keçmiş baş prokuror İlyas İsmayılovdur. Xatırladaq ki, layihədə ədəbiyyatdan kənar peşə sahibləri ilə ədəbiyyat haqqında söhbətlər aparılır.

 

- İlyas bəy, gün ərzində mütaliəyə nə qədər vaxt ayırırsınız?

 

- Bilirsinizmi, onu mən planlaşdırmıram. Əlbəttə, gündəlik qəzetləri vərəqləyirəm. Əsas da Moskva qəzetləri: “Komsomolskaya pravda”, “Arqumentı i faktı” və s. Sonra saytlara baxıram. Oxumağı çox sevirəm. Oxumasam dura bilmirəm. Bu mənim daxili tələbatımdır. Hər axşam da yatmazdan qabaq yerin içində kitab oxumaqdan ləzzət alıram.

 

- Necə kitablar oxuyursunuz?

 

- Əvvəllər bədii ədəbiyyata çox böyük marağım vardı. Çünki müsbət və mənfi obrazlar vasitəsilə bədii ədəbiyyat insanları tərbiyyə edir. Prokuror işlədiyim vaxtlarda tez-tez yazıçıları, şairləri prokurorluğa dəvət edirdim, sual verirdik onlara, cavab verirdilər, söhbətləşirdik. Nə məqsədlə edirdim bunu? Çünki prokuror işləyəndə həmişə cəmiyyətdə neqativ amillər axtarırsan. Mən həmişə istəmişəm ki, insan uşaq vaxtı oxuduğu kitablardakı müsbət obrazları unutmasın, peşəsindən asılı olmayaraq hər kəs insan olaraq qalsın. Vicdan borcunu bilsin, ədalət hissini itirməsin, cəmiyyət qarşısındakı borcundan xəbərdar olsun. Biz bunları uşaq vaxtından elə bədii ədəbiyyatdan öyrənirdik. Müəyyən dövrə keçəndən sonra həyat özü bədii ədəbiyyatı oxumağa olan vaxtı daraltdı. Mən sonralar tarixi, fəlsəfi, hüquqi kitablar, ictimai-siyasi hərəkata aid ədəbiyyat oxumağı sevdim. Amma bədii ədəbiyyatdan da ayrılmadım. Baxın, - göstərir. – stolumun üstündə də bədii ədəbiyyata aid kitablar var. Məsələn, dünyadan vaxtsız köçən şairimiz Şahmar Ələkbərzadənin kitabı. Çox talantlı adam idi. Mən ona valeh olmuşam. Elə şeyləri bədiiləşdirib ki, çətin onu başqa adamlar bacarsın.

  

- Hazırda onu oxuyursunuz?

 

- Mən planlı oxumuram. Müxtəlif kitabları eyni vaxtda oxuya bilirəm.

 

- İlyas bəy, Leninqradda təhsilinizi davam etdirmisiniz. Mənə elə gəlir ki, rus ədəbiyyatına bələd olarsınız.

 

- Müəyyən dərəcədə. Hamısını deyə bilmərəm. Vaxt var idi, görürdün bir əsər çox səs-küy yaradıb, sən də cərgədən geri qalmamaq üçün alıb oxuyurdun o kitabı. Sizə maraqlı bir şey deyim. Mən 1987-ci ildə prokuror işləyirdim, bir də gördüm, Çingiz Aytmatov mənə “Edam kötüyü” kitabını göndərib.

 

- Maraqlıdır...

 

- Hətta üstünə avtoqraf da yazıb: “Sizi xalq sevir, biz də belə oğulu ikiqat qiymətləndirməliyik”.

 

- Sizi tanıyırdı? Tanışlığınız vardı yəni?

 

- Yox, tanışlığımız yoxdu. Mən də kitabı xeyli müddət özümdə saxladım, sonra ona məktubla cavab yazdım. O da mənə bu məzmunda teleqram göndərdi: “Ədəbiyyat haqqında dərin və qiymətli fikirləri ifadə edən məktubunuzu böyük həvəs və ləzzətlə oxudum. Sizə təşəkkür edirəm. Sizə hörmət bəsləyən Çingiz Aytmatov”.

 

- Heç maraqlanmadınız ki, sizi hardan tanımışdı?

 

- Vallah, heç maraqlanmadım. Heç imkan da olmadı görüşməyə. Görünür, kimlərsə məni ona tərifləyib, o da götürüb kitabını hədiyyə göndərib. Çingiz Aytmatovla bircə dəfə rastlaşdıq. Beynəlxalq konfrasda. İkimiz də iştirak edirdik. Mən bir istədim yaxınlaşım özümü təqdim edim ki, filankəsəm. Ancaq sonra hansısa qüvvə məni saxladı.

 

- Hansı qüvvə idi o?

 

- Nə bilim, izah eləyə bilmirəm o qüvvəni. Adamlar da çox idi. Get özünü təqdim elə ki, mən filankəsəm. Nəsə alınmazdı.

 

- Sevdiyiniz yazıçıdır, ümumiyyətlə?

  

- Əlbəttə. Onun əsərləri zamanın sərhədindən çıxmışdı. Hər tərəfli insan idi. Təsəvvür eləyin, ixtisasca zooteknik olub və heyvanların psixologiyasını necə dərinliyinə qədər işləyib yaza bilirdi. “Gün var əsrə bərabər” də möhtəşəm əsərdir. “Cəmilə” povestini də bəyənirəm. İnsanın ancaq yaxşı xüsusiyyətlərini göstərərək tərbiyə eləmək olmaz. “Gün var əsrə bərabər”də var bu. Bir dəmiryolçunun ali təhsilli oğlu Almatıda işləyir. Gəlir ki, atasını dəfn eləsin. “Ana beyt” deyilən qəbiristanlıqda dəfn eləmək istəyəndə görürlər orda hərbi hissə yerləşir. Orda oğlana atasının bir dostu deyir ki, bu qəbiristanlıq bizim tariximizdir, indi onu sökürlər, insanın yaddaşını əlindən alanda necə məhv olursa, xalqı da məhv etmək üçün tarixini əlindən almaq lazımdır. Yəni cəmiyyətin nöqsanlarını da göstərmək gərəkdir. Ancaq yaxşını göstərmək olmaz.

 

- İlyas bəy, Tolstoyun “Dirilmə” romanını yəqin ki, oxumusunuz...

 

- Çoxdan oxumuşam.

 

- Tolstoy “Hərb və Sülh”də bütün xalqı, “Anne Karenina”da ailəni model olaraq götürür, “Dirilmə”də isə cəmiyyəti. Bürokratik sistemin məhv etdiyi həyatlar. Maslovanın məhkəməsində yüksək cəmiyyətin nümayəndəsi Nexlyudovun vicdanının oyanması səhnəsi. Onun qanunların qüsurlu olduğunu görməsi... Siz də prokuror işləmisiniz. Tolstoy haqqında düşüncələriniz maraqlıdır.

 

- Tolstoyu bir az oxumuşam. “Hərb və Sülh”ü də, “Anne Karenina”nı da, digər əsərlərini də. “Hərb və Sülh” çox böyük əsər olsa da çox qısa bir leytmotivi var onun. Pis insanlar daha tez birləşir. Ancaq müsbət adamlar birləşə bilmirlər, tək-tənha qalırlar. Psixoloji dərinliyə varsaq görərik ki, pis insanın fəaliyyətinin əsasında şər durur. Şər də həmişə fəaliyyətdədir. Yaxşı insanların fəaliyyətinin əsasında isə təvazökarlıq dayanır. Təvazökarlıq isə fəaliyyətsizdir.

 

- Sizcə, ədəbiyyat oxumaq bir insanı yaxşı insan eləyir?

 

- Əvvəla, insan öz-özünü tərbiyə etməlidir. Ədəbiyyat insana insan olduğunu xatırlatmaq üçündür. Sən ədəbiyyatı hansı tərəfdən oxuyursansa, sənə o tərəf təsir edir. Şərin yanındasansa sənə şər bulaşacaq, yox, xeyirin yanındasansa, o zaman işığa bürünəcəksən. İnsanın özündən çox şey asılıdır. Həmişə başqasının tərbiyə etdiyini deyirlər. Amma elə deyil, insan öz-özünü tərbiyə eləyir. Özünü tərbiyəni hər şeydən üstün tuturam. Məsələn, mən atamı heç görməmişəm. Atam milis idi, mən altı aylıq olanda qulluq vəzifəsinin icrası zamanı həlak olmuşdu. Bizim uşaqlıq dövrümüz müharibədən sonrakı dövrə düşdü. Çox acınacaqlı bir vəziyyətdə yaşayırdıq. Sonralar mən bir yazı yazdım: “İbn-Sina haqqında”. Orda yazmışdım ki, müsəlmanlığı qəbul etmədən öncə bizim xalqın iki inancı olub: birincisi, həqiqətə, ədalətə söykənmək, ikincisi, dostluğa sədaqət və xəyanətə nifrət. Həyatımız nə qədər acınacaqlı olsa da, həqiqətə, ədalətə söykənmək, dostluğa sədaqət, xəyanətə nifrət bizi ayaqda saxlayacaq. Öz yazdığımdan bir şey oxuyacam sizə: “Haqqa, ədalətə və dostluğa sitayiş etmək xalqımızın həyat qanunu idi. Bəlkə əsrlər boyu hücumlara, təzyiqlərə məruz qalan, bütövlükdə məhv olmaq təhlükəsi ilə mütəmadi olaraq üzləşən xalqımızı ədalətə, haqqa söykənmək, dostluğa sədaqət qoruyub saxlamışdır. Bəlkə indiki acınacaqlı vəziyyətimizə də səbəb bu qanunları pozaraq Vətəni, xalqı unudub şəxsi maraqlara görə yalana, riyakarlığa, xəyanətə rəvac verməyimizdir. Bəlkə də...”

 

- Ədalət hissi. Tolstoyun “Dirilmə”sində də bu var, başqa əsərlərdə də. İnsanın ədaləti harda üzə çıxır, harda onun vicdanı oyanır? Ədəbiyyat bunu axtarır bəlkə?

 

- Mən hesab eləyirəm ki, ədalət bizim bütün ictimai və fərdi həyatımızın əsas qanunu olmalıdır. Təbiətdə baş verən sunamiləri, zəlzələləri, vulkanları və digər kataklizmləri dəqiq elmlərin nümayəndələri günəş şüalarının yer üzərində ədalətsiz bölünməsiylə izah edirlər. Ədalətsiz cəmiyyətdə də həmişə siyasi təlatümlər olur. Odur ki, ədalət bizim əsas meyarımız olmalıdır. Biz həmişə ədalətə yaxınlaşmağa çalışmalıyıq. Öz şəxsi maraqlarımız üçün ədaləti qurban verməli deyilik. Mən özümü belə tərbiyə eləmişəm. Həmişə yazılarımda da bunu deyirəm. Çünki mən ədalət hissinə inanıram. Sən bir dəfə həyatda yaşayırsan, onu da ləyaqətlə yaşamalısan. Bunun üçün Xeyir və Şərin mahiyyətini dərk edib Xeyirin yanında olmalısan, vətən və vicdan borcunu unutmamalısan, fədakarlıq və ədalətlilik nümayiş etdirməlisən.

 

  

 

- İnsan bəzən cəmiyyəti xilas etmək istəyər, ancaq bu düşüncə onu cinayətə aparıb çıxarar. Raskolnikov kimi. “Cinayət və Cəza”da özünə mənəvi cəza verən Raskolnikov. Mənə elə gəlir, Dostoyevski Raskolnikovun tərəfindədir, sanki onun ədalət hissinə güvənir.

 

- Bilirsiniz, cinayət və cəza çox mürəkkəb anlayışlardır. Dostoyevskinin digər yazıçılardan fərqi odur ki, o, insan psixologiyasının dərinliklərini yazır, insanın daxilinə enmək istəyir. Özünün də qəribəlikləri var, qumarbaz idi, çox yazı yazırdı ki, borcunu qaytarsın. Çox dərin yazıçıdır Dostoyevski. “Cinayət və cəza” kimi alt qatında böyük mənalar yatan və insanın mənəvi dünyasını araşdıran əsər yazmaq hər adama müyəssər olmur. İnsanın zahirini təsvir etmək asandır, ancaq onun daxilinə enmək, onu açıqlığa qovuşdurmaq böyük idrak tələb edir. Vaxtilə dahi Marks deyirdi ki, insanın ən uzaq görən gözü onun idrakıdır. İdrak vasitəsi ilə sən qərinələri görə bilərsən.

 

- İlyas bəy, hərdən mənə elə gəlir ki, dünyanın ən möhtəşəm əsərlərini, “Hərb və Sülh”ü, “Səfillər”i, “Karamazov qardaşları”nı və s. çirklənmiş insanlara məcburən oxutmaq lazımdır ki, mənən təmizlənsinlər.

 

- (gülüşmə). Məcbur həyatda heç nəyi əldə etmək olmaz. Qətiyyən! Tale elə gətirib ki, mənim həyatımın müəyyən hissəsi hüquq-mühafizə orqanlarında işləməklə keçib. Mən Respublika prokuroru müavini olanda da azadlıqdan məhrumetmə yerlərində qanunlara nəzarət mənim kurasiyamda idi. O yerlərdə tez-tez olur, məhbuslarla söhbətləşirdim, bacardığım qədər onlara yaxşı münasibət göstərilməyinə çalışırdım. Sonra tale elə gətirdi ki, məni Moskvada, SSRİ Prokurorluğunun şöbə rəisi təyin elədilər. O şöbə də cəzaçəkmə müəssisələrində qanunlara nəzarət edən şöbə idi. Hətta ordan yazı da yazmışdım. Yazımda Dostoyevskidən də misal çəkmişdim: “Sən məhbusa insan kimi yanaş, o özü məhbus olduğunu onsuz da bilir”. Bəzən məhbuslar özləri ədaləti qoruyub saxlayırdılar. Ədalətsizliyin cəzasını özləri verirdilər. Məhbusa insan kimi yanaşanda o da özünü insan kimi göstərəcək. Odur ki, həmişə, hər yerdə insana insan kimi rəftar eləmək lazımdır.

 

Aristotel deyirdi ki, insan öz hislərinə görə məsuliyyət daşımır. Mən yemək yemək istəyirəm, buna görə məsuliyyət daşımıram. Ancaq bu hisləri hansı formada yerinə yetirirsə məsuliyyət daşıyır. Mənim ixtiyarım yoxdur ki, mağazanın vitrinini sındırıb ordan kolbasa götürüm. Öz hisslərimi cəmiyyətdə mövcud olan formalar çərçivəsində ifadə etməliyəm.

 

  

- Çox məcbur qaldıqda bəs? Məsələn, Jan Valjanın çörək oğurlamağı kimi...

 

- Məcbur qalanda heç. Cinayət hüququnda zəruri müdafiə və son zərurətə dair normalar var. İnsan məcbur qalmadıqca qeyri-qanuni əməllərə baş vurmamalıdır, Ayvaz müəllim.

 

- Ayvaz atamın adıdır.

 

- Ayvazovskini yəqin ki tanıyırsınız, məşhur rəssam. Onun əsli türkdür. İsmayıl qalasında vuruşanda rusların içində Ayvaz adlı bir əsgər olub. Ruslar uşaqları belə süngüdən keçirirdilər. Bir uşağı da süngüdən keçirmək istəyəndə həmin Ayvaz deyib ki, bu uşaq türk deyil, eləcə uşaq xilas edilib. O uşaq Ayvazovskinin babası olub.

 

Sizə maraqlı bir şey deyim. Rusların Puşkindən sonra ən böyük şairi kimdir? Jukovski. Jukovskinin də anası türkdür.

 

- Dostoyevskinin də türk olduğunu deyirlər...

 

- Dostoyevski türk mənşəlidir. “Ruskiye famili turkskovo proisxojdeniye” – belə bir kitab var. Orda hamısı yazılıb.

 

- İlyas bəy, ən sevdiyiniz yazıçı kimdir?

 

- O cür bölə bilmərəm. Mən Sovet vaxtından yaxşı yazan bütün müəllifləri özümə doğma hesab etmişəm. Prokuror olduğum vaxt İncəsənət İnstitutunun keçmiş rektoru Aslan Aslanov adında bir şair vardı, həm də filosof idi. Mən onun kitabını oxumuşdum. Şeirini özünə deyəndə birtəhər oldu ki, prokuror mənim şeirimi bilir. Yaxud Vahid Əziz. Onu yüksək qiymətləndirirəm. Onun həmin vaxtlar balaca bir kitabçası çıxmışdı, orda bir bənd var, elə o vaxtdan yadımdadır: “Paslı və dolu bir silah kimi sinəmə basdım həsrətini. Nə sürüşüb əlimdən düşdü, nə açılıb öldürdü məni”. Şahmar Ələkbərzadəyə də, Heydər Oğuza da böyük hörmətim var.

 

  

 

- O zaman əzbərə çoxlu şeir bilərsiniz?

 

- Hə, çox şeir bilirəm əzbərə. Əzbərə bildiyim çox şeir var yaddaşımda. Rus dilində də, alman dilində də.

 

- Sevdiyiniz şair kimdir bizdə?

 

- Səməd Vurğunu ideal hesab edirəm. Düzdü, ona qarşı son vaxtlar bəzi neqativ fikirlər səsləndirirlər, onları əsassız hesab edirəm.

 

- Hikmət Hacızadə demişdi...

 

- Səməd Vurğunun həyatını yaşamadan ona belə demək düzgün deyil. Mənim Hikmət Hacızadəylə normal münasibətim var. Ancaq onun Səməd Vurğuna dediklərini anlaya bilmədim. Sənin nə işin var Səməd Vurğunla? Səməd Vurğunun qardaşına bir məktubu var, orda elə bil gələcək həyatını müəyyən edən bir fikir söyləyir: “Əzizim, Qara. Yaradıcılığım artıq tanınmaq üzrədir. Ancaq bu azdır. Mən əzilənlər tərəfdarı olduğumu əsrin bəbəyinə taxmalıyam”. Səməd Vurğunu tənqid edənlər bu nöqteyi-nəzərdən ona qiymət versinlər.

 

- Hikmət bəy onun ictimai statusunu tənqid etmişdi, mövqeyini qınamışdı...

 

- Nə ictimai statusu? Hikmət bəy onun dövründə yaşayıb? Səməd Vurğun Bağırovdan xahiş eləmişdi ki, Mikayıl Müşfiqi əfv etsin, demişdi, onu öldürmək olmaz, çox istedadlı şairdir. Bağırov da deyir, buna bax, gör kimin bağışlanmağını istəyir. Yazmışdılar ki, Mikayıl Müşfiqin qətlində Səməd Vurğunun əli olub. Mən də eləmədim tənbəllik, arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb etdim. Balaca iş idi, mən də qorxa-qorxa vərəqləri çevirirəm ki, görəsən Səməd Vurğun bunun haqqında nə deyib. Əksinə gördüm ki, Müşfiqin müdafiəsinə qalxıb, əməlli-başlı tərəfini tutub onun. Mən o vaxtı hörmətli yazıçımız Anar müəllimi Prokuraturaya dəvət elədim, cinayət işini qabağına qoydum, dedim, oxuyun və gedin, cavanları başa salın. Səməd Vurğun bizim milli sərvətimizdir. Getsinlər başqaları öz statuslarına qiymət versinlər. Donos yazmaq filan olmayıb. Xarakterli adamıydı o. Səməd Vurğun “Rəhbərə salam” şeirini yazmasaydı, Stalin onu tanımasaydı, çoxdan məhv eləmişdilər onu. Çox xeyirxah adam olub Səməd Vurğun. Nə qədər adama əl tutub. Səməd Vurğun fəxrimizdir.

 

- Tək Səməd Vurğun deyil, başqa klassiklər haqqında da bəzən tənqidi fikirlər söylənilir, onların şəxsiyyəti müzakirə olunur. Sizcə, bu lazım deyil?

 

- Onlar tənqid eləmirlər, onlar klassikləri başa düşmürlər. Bu yaxında Sabiri tənqid edənlər gördüm. Anladım ki, onlar Sabiri başa düşməyiblər. Deyirlər, Sabir lağa qoyurmuş camaatı. Halbuki o qəhrəmanların dilindən cəmiyyətə öz sözünü deyirmiş. Sabir bizim yerdən qaldıra bilməyəcəyimiz ağır daşımızdır. Bir insanı tənqid eləməkdən ötrü ondan qat-qat yuxarıda olmalısan. Sən heç kimsən, amma o klassiki tənqid edirsən. Nə olsun ki, ali təhsilin var? O dövrdə yaşamaq lazımdır. Burda rahat oturub o dövrə qiymət verə bilməzsən.

 

Yaltaq adamlar bütün dövrlərdə olub. Şairlərin, yazıçıların içində də. Maddi şeylərin əsirinə çevrilənlər də. Şair, yazıçı isə belə şeylərdən çox uzaq olmalıdır. Haqq üçün, ədalət üçün yazmalıdırlar. Başlarına təhlükə gəlsə belə öz missiyalarından əl çəkməməlidirlər.

 

- İlyas bəy, nəsə yazmısınız? Şeir, hekayə...

 

- Yox, mənim o sahədə bacarığım yoxdur. Ağıllı, şüurlu insan nəsə yaza bilər. Mən də bir bənd şeir yazmışam. Ancaq heç istedadım yoxdur. İki oğlum var mənim, Etimad və Mətin adında. Onlara bir bənd şeir yazmışdım:

 

Görməkçün dünyanın gözəlliyini

İki göz bəxş etdi Yaradan mənə

Həm də gözəlliyin nümunəsi tək

Onları nəxş etdi Yaradan mənə.

 

Etimadım, Mətinim, gözlərimin işığı

Həm də mənalı keçən ömrümün yaraşığı.

 

Vəssalam. Mənim yaradıcılığım bununla qurtardı (gülüşmə).

Ayxan Ayvaz




Ana səhifəyə qayıt        Baxış: 6 901          Tarix: 16-10-2017, 13:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma