Aləm Kəngərli
Səmədin kupeyə girib salam verməsi ilə qatarın fit verib yerindən tərpənməsi bir oldu. Səliqəli geyinmiş mavi gözlü, yaraşıqlı, makiyajsız kupe yoldaşı bayırdan ona əl edən qıza eyni qayda ilə cavab verirdi. Bu mənzərə bir-iki dəqiqə davam etdi. Qatar yavaş-yavaş sürətini artırırdı. Səməd yol-yoldaşı ilə tanış olub söhbət etmək üçün sözə başladı:
-Yəqin, rəfiqənizdir?
-Yoox, bacımdı.
-Qəşəng qızdı.
-Olmaya, xoşun gəldi?
-Gəldi də sözdü?!
-Birdən vurularsan ha – qız soruşdu.
-Nədən olmasın, subay oğlanam - deyə Səməd cavab verdi.
-Ay dayı, o, ərdədir ey. İki uşağı var.
-Dayı? Dayı nədir? Sən ki mənnən qocasan...
-Pah, yox bir. 22 yaşım hələ tamam olmayıb.
-Mənim də 24 yaşım var. Adım Səməddir.
-Gördün, sən mənnən qocasan? – Oğlana əlini uzatdı. – Gülər.
-Qəşəng addır. Bu adı sənə kim verib? - Səməd soruşdu.
-Nənəm. Yəqin anadan gülə-gülə doğulmuşam, ona görə – gülür, – Sənin də adın qəşəng və yadda qalandır.
-Nəyə görə?
-Səməd Vurğuna görə - gülüşürlər.
Daha kupeyə gələn olmur. Araya sükut çökür. Qız Səmədin xoşuna gəlir: “Necə də qəşəng, mehriban qızdır. Görəsən kimdir, nəçidir? Gecə vaxtı yola niyə tək çıxıb?” Onunla ətraflı tanış olmaq istəyir. Könlündə Güləri yaxından tanımaq istəyi baş qaldırır. “İndi hamısını öyrənərəm”, - düşüncəsi ilə söhbəti davam etdirməyə başlayır:
-Gülər, sən harda enəcəksən?
-Lap axırda – doğulub boya-başa çatdığım yerdə.
-Deməli, darıxmağa dəyməz. Sənə bir neçə sual verim.
-Buyur.
-Mən heç sizin rayonda olmamışam. Oranın adamları necədir? Əsasən, nə işlə məşğul olurlar?
-Səməd, bizim camaat çox mehriban və qonaqpərvərdir. Hər gələn qonağa süfrə açmağa hazır olan insanlardı. Qaldı iş məsələsinə, başqa yerlərdə necə, bizdə də elə. Hərə bir işlə başını qatır.
-Gülər, sən özün nə iş görürsən?
-Bəs, sən nə iş görürsən? – qız soruşur.
-Mən? Müstəntiqəm.
-Mən də tələbəyəm.
-Harda oxuyursan?
-İncəsənət Universitetində. Artıq bitirirəm.
-Bəs, sən harda işləyirsən? – Gülər soruşur.
-Bu ki lap Məşədi İbadın məsələsinə döndü, - gülüşürlər. -Təyinatımı sizin rayona veriblər, sabahdan işə başlayıram.
-Doğrudan? Nə gözəl!
-Gözəl günün olsun. Görüm, qalmağa bir ev tapa bilirəmmi?
-Bəlkə bizdə qalasan? – Gülər zarafatla soruşur.
-Siz kirayə ev verirsiniz?
-Yoox, vermirik. Mənzilimiz böyükdür. İstəsən, bir nəfərə yer tapılar. Ancaq evlənməysən ha... – Yenə gülüşürlər. Gülər sözünə davam edir:
-Səməd, deyirəm, mənimlə bizə getsən, bilirsən nə olar?
-Nə olar?
-Deyərlər ki, görəsən, gicbəsər bu oğlanı hardan tapıb gətirib?
Araya çökən sükutu Səməd pozur:
-Gülər, maşallah, diribaşsan. Heç rayon qızlarına bənzəmirsən.
-Yox, niyə ki? İndi bütün qızlar belədir. Məgər tələbə olub görməmisən?
-Mən tanıdığım qızlar belə deyildi.
-Yoox, yanılırsan. Sadəcə, onlar bilərəkdən özlərini elə aparıblar ki, oğlanların xoşuna gəlsinlər. Evdə qalıb qarımasınlar.
-Doğrudan? Bəs, sən özünü niyə elə aparmırsan? Danışırsan, gülürsən, ürəyindən keçənləri gizlətmirsən. Məgər sən ərə getmək istəmirsən?
-Əlbəttə, o da lazımdır. Anam deyib ki, daha vaxtındır. Xoşuna gələn oğlan olsa, əldən buraxma. Ancaq mən, Səməd, rola girmək, başqa cür olmaq istəmirəm. Nəyəm – buyam. Məncə, ailə sağlam təməl əsasında qurulmalıdır. Mənəvi dəyərlər ön planda olmalıdır. Bir-birinin xasiyyətinə bələd olmadan müəyyən maraqlar əsasında qurulan ailələrin ömrü uzun ola bilməz. Məgər, baş alıb gedən boşanmalar, dağılan ailələr bunun nəticəsi deyilmi? Ata-ana qayğısı görmədən böyüyən körpələrin günahı nədir? Bu taleyi qaranlıq uşaqların üzləri niyə gülməməlidir, axı? Bəzi valideyinlər yaratdıqları məxluqu yaşatmaq haqqında nədən fikirləşmirlər? Bütün bunlar böyük bir faciə deyilmi? Məncə, evlilikdən öncə insanlar mütləq bir-birini dərindən tanımalıdır.
-Düz buyurursan, Gülər. Sən ağıllı qızsan...
-Doğrudan? Bu sözü birinci dəfədir ki səndən eşidirəm.
-Gülər, bəs, sən axşam qatarı ilə yola çıxmaqdan qorxmadınmı?
-Yox. Nədən qorxacağam ki? Adamyeyən var?
-Birdən söz atsalar, sataşsalar?
-Özünü ədəbli aparsan, yolunu düz getsən kimin səninlə nə işi? Qaldı ki, bacım yola salıb arxayın getdi. Mən də ki, səhər açılan kimi, inşallah, evimizdəyəm.
Gülər nə fikirləşdisə, sözünə davam edib dedi:
-Əslində atam demişdi ki, avtobusla gələrsən... Ancaq maşın adamı atıb-tutur, göz yummağa, mürgü vurmağa qoymur. Gic olursan. Axı, qatarda gedəndə nə olur? Artıq böyümüşəm, uşaq deyiləm ki. Tezliklə diplomumu da alıram. Bircə qalır işə düzəlmək... Şükür, sənin işlərin yaxşıdı, Səməd.
-Niyə ki?
-Müstəntiq işi yaxşıdı da. Hörmətin, yüksək məvacibin... – Nə fikirləşdisə, birdən üzünü Səmədə çevirdi:
-Cənab müstəntiq, səndən bir xahiş etsəm, edərsənmi?
-Gücüm çatsa, edərəm.
-Səməd, səndən artıq dərəcədə xahiş edirəm, işinə vicdanla yanaş. Heç vaxt haqlını qoyub haqsızı müdafiə etmə! Günahı olmayanı türməyə basdırma, nə olar. Məzlumların qarğışı ağır olur, onları günahsız yerə tutdurma, yazıqdırlar. Bir də ki, çalış, rüşvət almayasan. Rüşvət almaq hansısa zavallının həbsinə fərman verməkdir.
-Gülər, məsləhətin üçün sağ ol. Allah Elçibəyə rəhmət eləsin. Qəbul imtahanlarının test üsulu ilə keçirilməsinə dair göstəriş verdi. Mən universitetə rüşvətlə girməmişəm ki, indi də rüşvət yığmaqla məşğul olum. Əlbəttə, çalışacağam ki, əlimə haram pullar dəyməsin, vicdanımı, qeyrətimi rüşvətə, pula satmayım. Gecələr evimdə rahat uyuyum. İnsanların gözünə dik baxa bilim. Söz verirəm!
-Sağ ol, Səməd. Sən məni sevindirdin. Yoxsa ki, arxasızdı deyə, niyə insanların haqqı tapdanmalı, qəlbi qırılmalı, ömrü məhbəslərdə çürüməlidir? Onsuz da camaatın vəziyyəti yaxşı deyil. İşsizlik, kasıblıq baş alıb gedir - bir az durub sonra davam etdi:
-Səməd, bax, götürək, elə mənim tələbə yoldaşlarımı. Bilirsən, nə gündədirlər? Vallah, müsibət çəkirlər. Yenə mən bacımgildə qalıb pis-yaxşı birtəhər ötüşürəm. Çoxunun qalmağa yeri, yaşamağa pulu yox. Harda qalsınlar, nə yesinlər, nə geysinlər, necə dolansınlar? Birinin valideyini yox, birininki işləmir, birininki təqaüdçü... Elə bil uşaqların çoxu universitetə əzab çəkmək üçün qəbul olub. Milli sərvətimiz olan neft bizə hansı xoşbəxtliyi gətirdi ki?! Ölkəmizdəki adamların sayı İstanbul kimi bir şəhərin əhalisindən iki dəfə azdır. Məgər vətəndağlarımızı işlə təmin etmək bu qədər çətindir? Hökumətimiz hara baxır, nə işlə məşğuldur? Bu, korrupsiyadı, nədi, deyəsən, axırımıza çıxacaq bizim...
-Yaxşı, yaxşı. Danışığına fikir ver, ha. Elə eləmə ki, sabah şöbəyə çağırıb izahatını alım - Səməd gülərək söhbətə müdaxilə etdi.
Cavanlar elə şirin-şirin söhbət edirdilər ki, sanki, yüz ilin dostları idilər. Bir-birinə suallar verir, cavablandırır, deyib-gülürdülər. Səhərin necə açıldığını belə hiss etmədilər. Bir də gördülər ki, hava işıqlanır.
-Bəs, biz yatmayacağıq? Səhər açılır ki - Gülər soruşdu.
-Nə yatmaq? Artıq gecdir - Səməd dedi: - Sərnişinlər yavaş-yavaş qalxır. Mənzil başına çatmaq üzrəyik.
-Səməd, sənin heç səhərə kimi oyaq qaldığın olmuşdumu?
-Yox, yadıma gəlmir, - deyə Səməd cavab verdi.
-Elə mənim də – Gülər gülümsədi: – Deyirəm, qəribədi e, Səməd, gecənin necə keçdiyini mən heç hiss etmədim. Elə bil qatara indicə minmişdik.
-Doğrudur - Səməd təsdiq etdi.
-Deyirəm, Səməd, mən gedib evimizdə doyunca yatacam. Bəs, sənin yuxusuzluğun necə olacaq?
-Narahat olma, Gülər. Mən yorğun deyiləm ki. Gecəni səhərə qədər istirahət etmişəm - Gülüşürlər.
Qatar fit verib vağzala daxil olur. Ayrılacaqlarını hiss edib bir-birlərinə baxırlar. Vaqonda səs-küy çoxalmağa başlayır. Əşyalarını yığışdıran kim, bələdçini səsləyən kim, uşağını çağıran kim... Səməd enməyə hazır vəziyyətdə durub Güləri gözləyir. Qız güzgüdə özünə ani nəzər salıb sumkasını çiyninə salır. Ancaq nisbətən böyük çantasını götürəndə Səməd onu qabaqlayır. Birlikdə vaqondan enirlər.
-İcazə ver, səni ötürüm - Səməd deyir.
-Sağ ol, Səməd, özüm gedərəm. Razı olmaram ki, sən əziyyət çəkəsən... – gülür.
Bu dəfə əlini birinci Səməd uzadır:
-Səməd.
-Gülər. – gülüşürlər.
-Gülər, telefon nömrəni vermədin.
-Sən heç istəmədin ki?
-Doğrudan?
-Doğrudan.
-Onda, zəhmət olmasa, de, yazım.
-Nömrəmi neynirsən?
-Ay qız, bu dünyanın işlərini bilmək olmaz. Olmadı belə, oldu elə.
-Elə, yəni necə? – Gülər soruşur.
-Yəni... - Səməd duruxdu. – Bəlkə qismət oldu daha yaxın dost olduq. Sən bunu istəmirsən?
-Nə bilim, vallah. Biz hələ dünən tanış olmuşuq... Amma pis oğlana oxşamırsan.
-Onda nömrəni ver ki, səni tapa bilim.
-İncimə, Səməd, mən nömrə verməyi xoşlamıram.
-Bəs, səni necə görüm? Birdən yatmağa yerim olmadı, - gülümsəyir.
-İstəsən, taparsan. Yusif Nəbizadənin qızıyam. Rayonda onu tanımayan yoxdur. Di, salamat qal, mən gedim.
-Gülər, səninlə tanışlığıma çox sevindim.
-Mən də.
-Özündən muğayat ol, Gülər. Biz hələ görüşəcəyik.
Üzlərində xoş təbəssüm bir-birindən ayrılırlar. Ancaq deyəsən bu, müvəqqəti ayrılığa bənzəyirdi. Səməd yolboyu dayanmadan beynində təkrar edirdi: “Yusif Nəbizadə, Yusif Nəbizadə...”
Paylaş: