Xəbər lenti

(Bu “Sonetlər çələngi”ni qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olan insanların ruhuna ərməğan edirəm)
I sonet
Sənin əsgərindi Türkün əsgəri,
Tanrım, bayrağını ucada saxla.
Sənin səngərindi Türkün səngəri, - 
Haqsıza yeniltmə bu qədər haqla.
Sağında, solunda bayquş ulayır,
Gözünü bərəldir kor yapalaq da.
Hər bahar ün təpir, hər qış ulayır…
Görünməz olubdu gül bu alaqda.
Türk olmaq çoxuna sinə dağıdı,
Bu dünya onsuz da qan çanağıdı,
Hər dəfə türkləri çanağa çəkmə.
Yanında hər zaman üzümüz ağdı,
Bilirik, bilirik bu bir sınaqdı, - 
Bu xalqı bir belə sınağa çəkmə.
II sonet
Bu xalqı bir belə sınağa çəkmə,
Həddini aşana həddini bildir.
Münbit torpaqlara şər tumu əkmə,
Şərə sərhəddini, səddini bildir.
Adəmdən Xatəmə yol gəlmişik biz,
İmanla, ərkanla, mərhəmət ilə.
Dörd dəfə ağlayıb, bir gülmüşük biz,
Tanrım, Türk qövmünə mərhəmət eylə.
Nə azdıq, nə də ki, yoldan sapındıq,
Haqqı qiblə seçdik, Haqqa tapındıq, 
İslamdan, Müslümdən, Qurandan bəri. 
Namərdi həmişə at üstə gördük,
Nadanı vəzifə, ad üstə gördük,
Tanrım bu dünyanı qurandan bəri.
III sonet
Tanrım bu dünyanı qurandan bəri,
Acı ac görmüşük, toxu tox, elə.
Yola vermək olar ac gödənləri,
Heç zaman doymayan gözü tox elə.
Özünü düşünən nakəsdi, nakəs,
Xalqı gözardına vuran namərddi.
Göyə bülənd olur içimdə bir səs,
Millətin qəsdinə duran namərddi.
Bir gün öz başında çatlayar çanaq,
Yaxına, uzağa olarsan qınaq,
Fikri sülhə yönəlt, yarağa çəkmə.
Göz yaşı sel olub axanı, Tanrım, 
Bu ağır günlərdə yaxanı, Tanrım,
Sənə qul bəndəyik, qırağa çəkmə.
IV sonet
Sənə qul bəndəyik, qırağa çəkmə,
Sən də qoy əlini daşın altına.
Bu yaşıl zəmini orağa çəkmə,
Mil çəkmə göz adlı qaşın altına.
Çox sinə gərmişik ağrı-acıya,
Çox durub-dözmüşük fəlakətlərə.
Gələndə - fərq qoymur qardaş-bacıya, - 
Bəla şəhərlərə, bəla kəndlərə.
Nə sonuncu olduq, nə də ki, ilk biz,
Min dörd yüz ildi ki, yol gəlirik biz,
İmana, idraka, Qurana doğru.
Tanrım, birlikdədir gücümüz bizim, 
Yol üstə hazırdır köçümüz bizim,
Təpər ver, yol alaq Turana doğru.
V sonet
Təpər ver, yol alaq Turana doğru,
Türkün qurtuluşu, nicatı orda.
Sağımız talançı, solumuz oğru,
Kimsə incidəmməz Qıratı orda.
Yenə marıqdadı qazdan ayıqlar,
Biraz tələsməkdə fayda var, babam.
Qarıdan məkrli, qızdan ayıqlar,
Gör neçə canlara qıydılar, babam?!
Tamah dişlərini qıcayanları,
Timsah dişlərini qıcayanları,
Kül eylə, su kimi axıb gəlməsin,
Çopur qayasına, daşına ruh ver,
Qanadı qırılmış quşuna ruh ver,
Bədxahlar, xəbislər baxıb gülməsin.
VI sonet
Bədxahlar, xəbislər baxıb gülməsin,
Görsünlər birlikdə güc necə olur?!
Dan yeri zülmətin çəksin ilməsin,
Şəfəqlər bir anda nurlatsın yolu.
Nizədən füzəyə yol keçən türküm,
Bayrağın sancılıb bayraqdarlara.
Yaxşını yamandan tez seçən türküm,
Qürur aparırsan üz tutsan hara.
Yığılsın başına dəli ozanlar,
Yığılsın başına halaypozanlar, - 
Nərə çək, düşmənin yarılsın bağrı.
Qaydadı – qartalı qarğa bəyənməz,
Səni sındırammaz, səni əyəmməz,
Bu qədər dərd-ələm, bu qədər ağrı.
VII sonet
Bu qədər dərd-ələm, bu qədər ağrı
Qoyma alın yazın, töhmətin olsun.
Böyük qurtuluşa – Turana doğru,
Atılan hər addım qoy mətin olsun.
Türkmənim, qırğızım, özbəyim orda,
Qazağım ortada əl edir bizə.
Öz xaqanım orda, öz bəyim orda,
Türkdən kənar nə var – tələdir bizə.
Sevgiylə döyünür ürəklərimiz,
Bu eşqlə öyünür ürəklərimiz,
Biz bayraq etmişik insan kəlməsin.
Yaxşılıq etməkdən olarmı doymaq?
Sevgiylə nifrəti yan-yana qoymaq,
Bir əlçim ürəyə asan gəlməsin.
VIII sonet
Bir əlçim ürəyə asan gəlməsin, - 
Dərd birmi, dərd beşmi – qalaq-qalaqdı. 
Harda gül görsəniz üstündə əsin,
Çünki dörd yanımız indi alaqdı.
Biraz zəhmət çəkək, alaq vuraq biz,
Xışın qabağına qataq pisləri.
Yaxşını yaxşıya calaq vuraq biz,
Kökündən qoparıb ataq pisləri.
Sənsən kainatın mütləq hakimi,
Duyunca titrədi könlümün simi,
Asi olanları dərbədər eylə.
Sənin varlığına tapınır bəşər,
Qoy açsın taybatay qapını bəşər,
Bir hay vur, gücləri səfərbər eylə.
IX sonet
Bir hay vur, gücləri səfərbər eylə, 
Cihadın yolunu göstər bizlərə.
Türkün hər fərdini igid, ər eylə,
Bu birlik, bu vəhdət yetər bizlərə.
İmansız qəlblərə vəlvələ düşsün,
Dizlər titim-titim titrəsin, haydı.
Asilər, müşriklər əvvələ düşsün,
Önündə mat qalsın fitrətin, haydı.
Ölümü, sağmıdır – qoy bilməz olsun,
Təpəmi, dağmıdır – qoy bilməz olsun,
Özünü özündən bixəbər eylə.
Gör neçə budağıq, gör neçə bəndik,
Əldə qılıncımız bir himə bəndik, 
Göylərdən yerlərə bir xəbər eylə.
X sonet
Göylərdən yerlərə bir xəbər eylə, 
Zalıma görk olsun, məzluma nicat.
Sevinsin dünyamız hər səhəriylə,
Kini, küdurəti ürəklərdən at.
Bilsin insan oglu insanlığını,
Nədən bu dünyaya gəlib – anlasın.
Bayquşlar qoruyar viranlığını,
İnsan mərhəmətə qəlib – anlasın! 
Əl-ələ, dil-dilə yaşasın hamı,
Qardaşlıq yükünü daşısın hamı,
Mosul da, Kərkük də türk eli olsun.
Sənin sancağındı türkün sancağı, 
Onu hər sancaqdan uca sancağın,
Qoy bu il dünyada “Türk ili” olsun.
XI sonet
Qoy bu il dünyada “Türk ili” olsun,
Görsünlər türklüyün dəyanətini.
Qəlblərə mərhəmət, məhəbbət dolsun,
Sevgiylə oxuyaq hər ayətini.
İslama tapınsın bəşər övladı,
Bilsin ki, qurtuluş yoludu Quran.
Dillərdən düşməsin Məhəmməd adı,
Qəlblərdə yaşasın peyğəmbər hər an.
Dünya səcdəsinə axışıb gəlsin,
Hamı təbəssümlə baxışıb gəlsin, - 
Dərgahdan enən də, yerdən qopan da.
Nə vaxtsa yenə də sənə dönəcək,
Dönəcək, imana-dinə dönəcək,
Bizə açıq olsun hər an qapın da.
XII sonet
Bizə açıq olsun hər an qapın da,
Sənsən ümid yeri, pənah yerimiz.
Kaş ki, daş olmayaq heç vaxt sapanda,
Yer üzü olmasın günah yerimiz.
Çalışaq tez düşək günah atından,
Arınaq, durulaq Zəmzəmsayağı.
Əngin səmaların yeddi qatından,
Bizə əl eyləsin türkün bayrağı.
Təsbeh nizamıdır dünya nizamı,
Haqla nəfəs alsın istənsə hamı, - 
Haqqı axtarın da, haqqı tapın da.
Haqqı axtarmağın min yolu olmuş,
Bir zaman qardaşlıq simvolu olmuş,
Dünya düzənində, dünya çapında.
XIII sonet
Dünya düzənində, dünya çapında,
Çox şeylər dəyişdi, atam-qardaşım.
Təsbeh nizamında, təsbeh sapında,
Millətlər əyişdi, atam-qardaşım.
Müqəddəs adları simgə edənlər,
Böyük günahların həbəsi oldu.
Oldu çoxlarına sömürgə dinlər,
İnsanın yaşamaq həvəsi öldü.
Qaytar inamını özünə türkün,
Qaytar ənamını özünə türkün,
Sevgi insanlığın tək dili oldun.
Təkbir diləyim var: Allah böyükdür!
Tək bir diləyim var, Allah böyükdür, - 
Ən uca, ən ali Türk dili olsun!
XIV sonet
Ən uca, ən ali Türk dili olsun,
Ali kürsülərdən dinləsin hamı.
Sevdalı könüllər mənzili olsun,
Düşsün əfsununa bu səsin hamı.
Cəngilər səslənsin, marşlar çalınsın,
Dünya ayaq üstə dinləsin artıq.
Müqəddəs torpaqlar geri alınsın,
Düşmən paymal olub, inləsin artıq.
Əyilən şaqqını özünə qaytar,
Yeyilən haqqını özünə qaytar,
Bineyi-qədimdən, Adəmdən bəri.
Qoyma zaval gəlsin qurd oğlu qurda,
Tanrım, əsgərinin yanında dur da, -
Sənin əsgərindi Türkün əsgəri.
XV sonet
Sənin əsgərindi Türkün əsgəri,
Bu xalqı bir belə sınağa çəkmə.
Tanrım, bu dünyanı qurandan bəri,
Sənə qul bəndəyik, qırağa çəkmə.
Təpər ver, yol alaq Turana doğru,
Bədxahlar, xəbislər baxıb gülməsin.
Bu qədər dərd-ələm, bu qədər ağrı,
Bir əlçim ürəyə asan gəlməsin.
Bir hay vur, gücləri səfərbər eylə,
Göylərdən yerlərə bir xəbər eylə,
Qoy bu il dünyada “Türk ili” olsun.
Bizə açıq olsun hər an qapın da,
Dünya düzənində, dünya çapında,
Ən uca, ən ali Türk dili olsun!
15-23 fevral 2023-cü il.




Ana səhifəyə qayıt        Baxış: 1 451          Tarix: 25-02-2023, 11:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma