Xəbər lenti

 

Etibar Qərib azadlıq duyğularına köklənmiş şairdir. Onun şeirlərindən bir həsrət süzülür. Bir can yanğısı var onun şeirlərində. Nədən yazır-yazsın yurdun dərdlərinə köklənir son məqamda.
 Ovqat.com yaradıcılığının çiçəklənən dövrünü yaşayan Etibar Qəribin yeni şeirlərini öz oxucularına təqdim edir.       

              ***

Qurda-quşa yem olmağa,

Balan var! Balan.., ay Vətən!

Ölüb, bir də doğulmağa
Haran var? – haran, ay Vətən?!

 

Sinən üstə mən, bigüman,
Güman yoxsa, nə din-iman?

İçın-çölün, kürzə ilan,

Davam var... Davam, ay Vətən!

 

Özümə qalsa, bir candı,
O da, canından usandı...

Ölüm ki, belə asandı,
Balam var... Balam, ay Vətən!

                              1.06.2015

 

                      ***
Umacağım yox kimsədən – daha bu yaşda,
İndən belə Məcnunların səhrası xoşdur.
Səda gəlir qulağıma: “Şeytanı daşla!”
Əl atıram, əməlimin cibliyi boşdur.

Əməlsiz əl hansı əllə daş atsın şərə,
Səbəb yoxsa, yad qapısı daşa tutulmaz.
Bir gün əlbət,– “dostlar” qoşa gələr məhşərə,
Boyunlara o gün zəncir boşa vurulmaz.

Gündə yetmiş tövbə düşür sənin boynuna,
Dualara dönüşməyən sözün boyatdır.
Gecələri əcəl alar səni qoynuna,
Tələs, sübhün azanına özünü çatdır!

 
       XATİRƏ LÖVHƏSİ...

 

Gözlər bir nöqtədə buz kimi donur,

Xəyal da dünənki döngələrdədi.

Illər memar olub ömürdən yonur,

Alın naxışları ustad əldədi!

 

Xatirə lövhəsi ağ-qara rəngdə,

Asılıb dünənki dayanacaqda.

Ömür qatarında şeytan mələklə,

Əyləşib üz-üzə, gedir rahatca.

 

Xəyallar acıdır, həm də ki, şirin,

Dad olmur damaqda, xəyaldan keçir.

Hələ ümid dolu neçə səhərin –

Arzu-istəkləri nağılda keçir.

 

    ATAMIN CİB SAATI

 

Ömür bir əsrin rəqibi deyil,

Qısadır günəşin qürubu kimi.

Anam bir də məni doğası deyil,

Atamın sonbeşik balası kimi.

 

Sönməz bir çıraqdır, qəlblərdə yanar,

 Atalı-analı yaşanan ömür.

Sən saydığını say, fələk nə sayar,

Bir sönən çıraqla, min dilək ölür.

 

Bir ildən az olar, cib saatıyla,

Birgə döyünmüşdü  onun da qəlbi.

Budur, pencəyinin döş cibliyində,

O saat atamsız döyünür indi.

 

Yorğunluq gətirər bəlkə də sözüm 

Atalı-analı yaşayan kəsə.

Bəlkə də çox ata-analar gözü,

Dikilir mənim tək ata izinə.

 

Bugün rəsmləri daşdan asılı,

Başımın üstündən ruhları baxır.

Ata öyüdünü, ana haqqını

Övlad nə götürür, nə də qaytarır.

 

Ömür bir əsrin rəqibi deyil,

Qısadır  günəşin qürubu kimi.

Anam bir də məni doğası deyil,

Atamın sonbeşik balası kimi.

 
           FƏLƏK

 

Sıxıldım dünyanın dörd divarından,

Əlimlə, qanıma bulandım, fələk!

Bizim bu ”yer” adlı Adəm evindən,

İzn ver, göylərə boylanım, fələk!

 

Dağıma daş yağıb, yolum ağırdı,

Baxdıqca gözümə qanlar sağıldı,

Qartalın duruşu gördüm fağırdı,

Zirvədə qarğalar dayanıb, fələk?!

 

Bu əski nanaydı, köhnə qımqımı:

“Qılınclar korşalıb, itirib qını...”

Bic qatıb ortanı, salıb qırğını,

Şeytan da deyəsən, aldanıb, fələk!

 

Xərcləsən ömrünü, əritsən canı,

Dalsan dəryalara, duyanın hanı?

Bu fani adlanan – qoca dünyanın,

Qapısı alimə bağlanıb, fələk!

 

Var, quymaq bilənlər bu daş dünyanı,

Dişləmək istəyir çox baş, dünyanı,

Qapır qardaşından qardaş dünyanı,

Habilin, Qabilin sınanıb, fələk!

                               1.07.2015

 

      MƏNİM ÜMİDLƏRİM...

                         Ümid yaşadar bizi,

                          Ümidə heykəl qoyun.

                                    B.Vahabzadə

 Zülmətlərə şam olacaq od qəlbim sönük,

Ümidlərə daş yonacaq əllərim kəsik

Mən ümidlər yaşamışam əhdinə dönük,

Mən ümidlə dar ağacın boğana şərik.

 

Ümidli başlar var sığala möhtac,

Yetimin-yesirin alın yazısı.

"Ümid halvasını" dadır qarnı ac,

Ümidə baş əymir toxun balası.

 

Ümidli yolları süpürür boran,

Hər addım min illik tarix kimidir.

"Gələcək" axtarır qovulan, qovan,

Ümidlər zamanın sarı simidir.

 

Ümid son nəfəsin son pilləsində,

Ümid-yaraların qaysaq istəyi.

Ağıllar hələ də öz hikkəsində

Qaldırır başına ümid qədəhi.

 

Bozarmış çöllərin ümid yeri var,

Dəyişir fəsillər öz qaydasında.

Lalınsa anlatmaq qəbahəti var,

Deyəmmir sözünü söz qaydasında.

 

Mənim  ümidlərim qırıq sazımdır ,

Kökləyə bilmirəm öz havam üstə.

Qırıq talelərə calaq lazımdır,

Yetər ki ümiddən avazın istə.

 

Ərköyün uşaqtək əzizlə onu,

Bəslə ürəyində öz körpən kimi.

Bircə daş heykələ çevirmə onu,

Dahilər daşlaşıb öyünən kimi.

 

 BİR TƏSƏLLİ VERƏCƏKDİM

 (Dərviş Cavanşirin əziz xatirəsinə)

 

Gəlib gördüm yır-yığış var qapı-bacanda,

Sağlığında görünmürdün, öldün, göründün!

Elə mən də görməmişdim səni haçandan,
Gəlib gördüm, bu əlimlə torpağa gömdüm.

 

Bu da sonu. Qəbrin üstə gözümü sıxdım,

Sıxammadım son nəfəsdə dost əllərini.

Sonra dönüb yurd-yuvanda izinə baxdım,

İsitmədi göz yaşlarım ocaq yerini.

 

Bir təsəlli verəcəkdim  övladlarına,

(Biz bu ölüm-itimləri az görməmişik!)

İki çeşmə sual vardı yanaqlarında:

“Əmi! Axı,biz, atasız qəribsəmişik”

 

Gərək sən də qoşulaydın ağlayanlara,

Gərək sən də “yaşamağa” bir ev qururdun.

Ağgün bilib, inanmadın  ağ yalanlara,

Qaragünün gerçəkləri üzünə durdu.

 

Dərvişlibas pərvanələr yavanlıq istər,

Halallıq ver, oynasınlar bir az da odnan.

İndən belə hörüləcək daşın-daş üstə,

İndən belə göyərəcək bomboz – söz odan.

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 073          Tarix: 4-08-2017, 10:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma