Bacanağını öldürən şəxs hakim qarşısına çıxarılıb. O, əməlindən peşman olmadığını, hadisəni namus üstündə törətdiyini deyib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında mərhumun atası, hüquqi varisi məhkəməyə vəsatətlə müraciət edib.
Mərhumun atası əvvəlcə məhkəməyə sədrlik edən hakimə etiraz edib. Səbəb olaraq isə göstərib ki, əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatəti təmin edilməyib. Məhkəmədə tərəflər vəsatətə münasibət bildirərək təmin edilməməsini istəyib.
Şahin Qasımov isə vəsatətə münasibət bildirərkən bir daha qətli törətdiyini etiraf edib. Söyləyib ki, heç kimə etiraz etmir və qətli də özü törədib. Hakim bildirib ki, iş üzrə əsas şahidlər dindirildikdən sonra əlavə şahidlər dindirilə bilər. Amma buna baxmayaraq hüquqi varisin vəsatəti müzakirə edilib.
İşə baxan tərkibdə olan digər iki hakim - Azər Paşayev və Əhməd Quliyev müşavirə otağında vəsatəti müzakirə edib. Qərara əsasən vəsatət əsassız olduğu üçün təmin edilməyib. Hüquqi varisin digər vəsatəti isə işin həm ibtidai istintaqa qaytarılması, həm Şahin Qasımovun xanımı və qızı barəsində ayrıca cinayət işi açılması, həm də işdə adı keçən Xaliq adlı şahid tapılana qədər məhkəmə istintaqının dayandırılması olub.
Bu vəsatətə ilk olaraq dövlət ittihamçısı münasibət bildirib. Prokuror söyləyib ki, vəsatətdə qeyd edilən bəndlər arasında ziddiyyətlər var: "İşi istintaqa qaytaracağıqsaq, necə məhkəmə istintaqını dayandıraq? Əgər istintaqı dayandıracağıqsaq, işi istintaqa necə qaytaraq? Digər şəxslər barəsində cinayət işi açılması isə müstəntiqin işidir. Mən yalnız işin ibtidai istintaqa qaytarılmasına münasibət bildirə bilərəm. İşin halları ilə təkrar və ətraflı tanış olmaq üçün məhkəmədən vaxt istəyirəm. Sonra vəsatətə münasibət bildirəcəm".
Məhkəmə iclası fevralın 11-nə təxirə salınıb.
İttihamda göstərilir ki, Şahin Qasımov öz evində bacanağı Müşfiq Abbasovu qətlə yetirib. Qətlə səbəb tərəflər arasında başlayan mübahisə olub. Qasımov qızına sataşdığını iddia edərək Abbasovu qətlə yetirib.
Elan olunmuş ittihamla Şahin Qasımov özünü təqsirli bilib və əməlindən peşman olmadığını söyləyib. Sərbəst ifadə verən Qasımov bacanağını namus üstündə öldürdüyünü söyləyib.
O, söyləyib ki, qızım ailə həyatı qursa da, sonradan boşanıb və onunla birgə yaşayıb: "Bacanağım Müşviq Abbasov bizə gəlmişdi. Birlikdə yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu vurmuşam. Əməlimdən peşman deyiləm. Müşviqin bu binamus hərəkətlərindən xəbərsiz idim. Müşviq qızıma pulla cinsi əlaqəyə girməyi də təklif edib. Yaxşı ki, elə qeyrətsiz adamı öldürmüşəm".
Qətl hadisəsi Xırdalanda baş verib. Ş.Qasımov aralarında yaranan münaqişə zəminində bacanağı Müşviq Abbasovu bıçaqlayıb. O, xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə dünyasını dəyişib. Ş.Qasımov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
İlkin Muradov
Musavat.com
Paylaş: