Xəbər lenti

Dağlıq Qarabağ məsələsi üçün daha bir qiymətli ay - may hər hansı pozitiv dəyişiklik gətirmədən tarixə qovuşdu. Keçən ayda Qarabağ mövzusuna aidiyyəti olan yeganə simvolik hadisə ATƏT-in şəxsi nümayəndəsi Anjey Kasprşikin ofisinin əməkdaşlarının sayının 7 nəfər artırılması ilə bağlı əldə edilən razılıq oldu.
Lakin bunu çətin ki, sülhə xeyir verəcək olay adlandırmaq mümkün olsun. Çünki işğalçı Ermənistanın əsas hədəfi məhz Azərbaycanın əl-qolunu bağlayacaq və onu hərbi gücdən istifadəyə imkan verməyəcək vəziyyət yaratmaq, atəşkəsə total nəzarət mexanizminin qurulmasına nail olmaqdır.
Belə mexanizm isə şəksiz ki, Ermənistanın özünü daha rahat və cəzasız hiss eləməsi üçün çox vacibdir. Aydındır ki, cəzasızlığına güvənən Ermənistan da status-kvonun dəyişməsinə xoşluqla razı olmayacaq, öz abstrakt şərtlərində israrlı olmaqda davam edəcək.
Bu arada yaxın 10 gün ərzində ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfər edəcəkləri məlum olub. Həmsədrlər öncə İrəvana, oradan isə Xankəndinə səfər edəcəklər. Bu haqda İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan və ATƏT-in baş katibi Lamberto Zanyerin görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirilib. E.Nalbəndyan deyib ki, həmsədrlərin budəfəki səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə təklif olarsa, xarici işlər nazirləri, ardınca isə prezidentlər səviyyəsində görüşlərin mümkünlüyü müzakirə oluna bilər.
Təbii ki, vasitəçilər Bakıya da gələcəklər. Lakin bu, iyunun 19-na təsadüf edəcək. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib (APA). Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin substantiv danışıqlar yolu ilə davam etdirilməsinə hazırdır.
“Ermənistan xarici işlər naziri E.Nalbəndyanın ATƏT baş katibi ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi cəfəng fikirləri bir daha onu göstərir ki, Ermənistanın siyasəti işğala əsaslanan status-kvonun davam etdirilməsidir. Ermənistan xarici işlər nazirinin Azərbaycan ərazilərinin işğalına öz müqəddəratını təyin etmə donu geyindirməyə çalışması cəhdləri yalnız faşist Almaniyası tərəfindən 1938-ci ildə keçmiş Çexoslovakiyanın Sudet əyalətinin işğalı ilə müqayisə oluna bilər.
Beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyir və hörmət edir. Bununla beynəlxalq ictimaiyyət bir daha Ermənistana aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul etməyəcək. Həmçinin güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir. Ermənistan bu reallığı nə qədər tez dərk edərsə və danışıqlar masasında olan plana uyğun olaraq öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən nə qədər tez çıxararsa, bir o qədər də tez regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər”, - deyə XİN sözçüsü qeyd edib.
Ancaq bütün bunlar ilk növbədə həmsədrlərin effektli, beynəlxalq hüquqa əsaslanan fəaliyyəti sayəsində mümkün ola bilər. Onların isə bu dəfə də bölgəyə hansısa yeni ideya ilə gəlməyəcəkləri kifayət qədər aydındır - hərçənd vasitəçilər mövcud status-kvonun dəyişməli olduğunu mütəmadi bəyan edirlər. Di gəl, bu kimi bəyanatlar vəziyyəti yaxşıya dəyişmək üçün yetərli deyil. İrəvan belə tövsiyələri illərdir vecinə belə almır. Səbəb qaranlıq deyil.
Ona görə ki, Ermənistan işğalçı tərəf olaraq, özündə qarşı həmsədr dövlətlərin heç bir təzyiq-təsirini və yaxud göz ağartmasını hiss eləmir. Əksinə, 15 may insidentinə vasitəçilərin göstərdiyi münasibət, işğal altındakı ərazidə düşmənin zenit-raket kompleksinin məhvinə görə onların məhz Azərbaycanı - öz qanuni ərazisində işğalçıya qarşı hərbi xarakterli tədbir görən bir ölkəni suçlu bilməsi təcavüzkara bir az da qol-qanad verdi.
Beynəlxalq hüquqa həqarət olan belə yanaşmalar əlbəttə ki, Azərbaycanı qane edə bilməz. Ən başlıcası, işğalçının bu cür gizli-açıq himayəsi ədalətli sülhü əlçatmaz, yeni və daha böyük hərbi qarşıdurmanı isə qaçılmaz edir, daha da yaxınlaşdırır. Təhlilçilər də belə bir təhlükə barədə xəbərdarlıq etməkdədirlər.
“Dağlıq Qarabağla bağlı hazırkı vəziyyət Azərbaycanı qane edə bilməz, çünki vaxt uzanır, problem isə həllini tapmır”.
Bu sözləri axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert Qarabağ konflikti ətrafında status-kvonun saxlanılmasının təhlükəli olduğunu bildirib.
“ATƏT-in baş katibi Ermənistana rəsmi səfər edib və bu ölkənin xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb. Bildirilib ki, Minsk Qrupu həmsədrləri Ermənistana, Azərbaycana və işğal altındakı Dağlıq Qarabağa səfər edəcək, bu istiqamətdə müvafiq danışıqlar aparacaqlar. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə müəyyən təkliflərin irəli sürüləcəyi də müzakirə olunub. Düşünürəm ki, status-kvonun bu cür saxlanılması Sərkisyan rejiminin hakimiyyətdə qalması və problemin müsbət istiqamətdə həllinin əngəllənməsi deməkdir. Bu isə qarşıda lokal hərbi toqquşmalara gətirib çıxara bilər. Belə vəziyyət Azərbaycanı qane edə bilməz, çünki vaxt uzanır, problem isə həllini tapmır”, - deyə ekspert qeyd edib.
Politoloqun sözlərinə görə, böyük layihələrin həyata keçməsi baxımından Avropa da Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində maraqlı olmalıdır: “Bu gün əsas məsələ Qarabağ probleminin həllidir. Regionun təhlükəsizliyinə ən böyük təhdid münaqişənin həll edilməməsidir. Buna görə də müvafiq addımlar atılmalı, xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilməlidir. Əgər növbəti görüşlərdə hər hansı bir konsensus əldə olunsa, artıq dövlət başçılarının da görüşü mümkün olacaq. Konkret məsələlərin həlli üçün bu addımlar labüddür. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin son bəyanatında Azərbaycan və Rusiya prezidentlərinin görüşünün mümkünlüyü vurğulanıb. Əsas açar ölkə Rusiyadır və Moskvanın üzərinə böyük məsuliyyət düşür. Gözləntilər özünü doğruldarsa, bu, regionda münaqişənin həllində atılacaq addım kimi dəyərləndirilə bilər”.
Rusiya isə təəssüflər olsun ki, ixtilafın həllinə real töhfə verməyə hələ ki tələsmir. Moskvanın patronajlığı altında ara-sıra təşkil edilən görüşlər də belə görünür, danışıq görüntüsü yaratmağa xidmət edir. Belə görüşlərdən növbəti birisi yenə məhz Moskvada, bu dəfə MDB-nin Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində baş tutub. Rusiya, Azərbaycan və Ermənistan müdafiə nazirləri bir araya gəliblər. Bəs müdafiə nazirlərinin təması nəyisə dəyişə bilərmi, Kremlin hansısa başqa hədəfi varmı?
“Moskva öz hərbi siyasi mövcudluğunu və planlarını Dağlıq Qarabağ münaqişəsi ilə uzlaşdırmağa çalışır”. Bunu Rusiyanın təşəbbüsü ilə müdafiə nazirlərinin Moskvada baş tutmuş görüşünü adıçəkilən sayta şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Rusiya konflikti öz hərbi-siyasi maraqları baxımından neytrallaşdırmağa çalışır.
“Görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçirilsə də, açıq-aydın görünür ki, Moskva öz hərbi siyasi mövcudluğunu və gələcək planlarını Dağlıq Qarabağ münaqişəsi ilə uzlaşdırmağa çalışır. Son vaxtlar Ermənistanda Gümrü bazası ətrafında kifayət qədər təsirli və aktiv proseslər gedir. Çox güman ki, bu bazanın regional əhəmiyyətli baza səviyyəsinə çatdırılması üzərində işlər aparılır. Bununla yanaşı, Rusiya ilə Azərbaycan arasında hərbi-texniki, hərbi-siyasi əməkdaşlıq mövcuddur və bu, birbaşa Rusiyanın regionda apardığı proseslərlə uzlaşır. Xüsusilə terrorla mübarizə və digər məsələlərdə. Ona görə də indiki məqamda Qarabağ ətrafında proseslərin mürəkkəbləşməsi və vəziyyətin dəyişməsi bilavasitə Rusiyanın maraqlarına toxunacaq. Hazırda Rusiyanı əsas maraqlandıran Qarabağda hərbi siyasi vəziyyətin idarəolunan səviyyədə olması və sülh məcrasına yönəlməsidir”, - politoloq bildirib.
Onun sözlərinə görə, bu fonda növbəti aylarda Rusiya və Azərbaycan prezidentlərinin gözlənilən görüşü müdafiə nazirlərinin görüşü ilə uzlaşır: “Hər iki dövlət başçısının Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşü ilk növbədə təhlükəsizlik və iqtisadi maraqların təmin olunması baxımından əhəmiyyətlidir”.
Görüşlər öz yerində, ancaq əsas məsələ problemin həllində belə görüşlərin nə dərəcədə effektli olmasıdır. Əgər bu kimi təmaslar Azərbaycan xalqının başı altına yastıq qoymağa, status-kvonu saxlamağa hesablanıbsa, onlara qatılmağa dəyməz.
Belə görünür ki, Moskvanı da Qarabağda sülhdən, müharibədən daha çox, indilikdə nisbi sakitlik maraqlandırır. Lakin status-kvonun dəyişməz qalması heç də həmişə sakitlik anlamına gəlmir. Ötən ilin aprelindəki 4 günlük müharibə buna bariz sübutdur.(musavat.com)

 




Ana səhifəyə qayıt        Baxış: 729          Tarix: 1-06-2017, 12:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma